Slimfit
  1. MEDİA

Mən bulaq olsaydım, susardımmı heç?! - Nəzakət Məmmədova

Mən bulaq olsaydım, susardımmı heç?! - Nəzakət Məmmədova
Sakura

Mən bulaq olsaydım, susardımmı heç?! - Nəzakət Məmmədova

"Mən bulaq olsaydım, susardımmı heç?

Qaynardım qayalar, dağlar içindən,

Deyərdim, sən məndən bir ovuc gəl iç

Keçəndə bağçalar, bağlar içindən!"-                              

deyən Azərbaycan musiqisinin unudulmaz simalarından biri, Xalq artisti, çox sevdiyim NƏZAKƏT MƏMMƏDOVA.

Bu yanıqlı, həzin,  təkrarsız səsi heç bir müğənninin səsi ilə əvəz etmək və ya səhv salmaq olmaz. Onun "Segah"ı, "Rast"ı, "Qatar"ı, "Sən də həmdəm, mən də həmdəm", "Kəklik", Yaxın gəl"i, fars, ərəb, tacik  dillərində oxuduğu mahnıları  o qədər gözəldi ki!.. 

O səhnə üçün doğulmuşdu. Oxumurdu, elə bil ki, süzürdü səhnədə... xoş üzü, bənzərsiz səsi, gözəl aurası olan xanım, elə bil ki, ruhunun səsini çatdırırdı sevənlərinə, ürəyindəkiləri daha ucadan söyləyirdi. 

Bu gün Azərbaycanın Əməkdar artisti, ömrü, arzuları yarımçıq qırılmış Nəzakət Məmmədovanın xatirə günüdür. 

Onun tale hekayəsini bir daha yada salaq. Ruhu şad olsun.

ALLAH rəhmət eləsin!

O, 1944-cü ildə Gəncə şəhərində anadan olub. Valideynləri onu müəllimə görmək istəsələr də, taleyin yolları Nəzakət xanımı səhnəyə aparıb.

O, opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirməyə başlayıb. Nəzakət Məmmədova Leyli obrazları arasında yeni bir səhifə açan sənətkarlardan hesab edilir.

Böyük sənətkar musiqimizi nəinki Azərbaycanda, həmçinin Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya kimi ölkələrdə də sevdirib.

Korifey sənətkarın qətli. 

Dövrünün ən məşhur müğənnilərindən olan Nəzakət Məmmədovanın faciəli ölümü bu gün də onu sevənlərin etirazı ilə qarşılanır. Sənətçinin ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. O vaxtlar yayılan şayiələrdə onun qatilinin Tamerlan Qarayev olduğu barədə fikirlər səslənsə də, sənətçinin bacısı bu söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir:

"Nəzakət xanım gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət xanım da bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də, əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".

Soçi şəhərində Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boğazındakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.

 Sonradan aparılan istintaq zamanı bəlli olur ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən “manikür” ustası imiş...

Nəzakət Məmmədova haqqında deyilən digər məlumatlarda isə onun evliliyinin çox uğursuz olduğu, həyat yoldaşı tərəfindən hər gün döyüldüyü deyilir.

Həyat yoldaşı ilə yolları ayrılandan sonra    Nəzakət xanımın gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Deyilənlərə görə onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq, nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.   

Nə yazıq ki, oğlunu böyütmək Nəzakət xanıma qismət olmur. Müğənni 7 yaşlı oğlunu anasız qoyaraq bu dünyaya birdəfəlik əlvida deyir.

Həyatı başdan-başa çətinliklərlə keçən korifey sənətkar Nəzakət Məmmədova 1980-ci il 21 oktyabrda vəfat edir.

 Nəzakət Məmmədovanın ölümündən sonra haqqında hətta indiyə qədər belə səngimək bilməyən şaiyələr yayılır. Bəlkə də şaiyələrin yaranmasına ailədə bir-birinin ardınca baş verən qəfil qətllər də səbəb olur. Belə ki, N.Məmmədovadan sonra anası vaxtsız vəfat edir. Daha sonra oğlu Ceyhuna sahib çıxmış Mükafat ləqəbli bacısının həyat yoldaşı avtomobil qəzasında həlak olur. Şaiyələr ayaq-tutub yerisə də, gerçək bu idi ki, Nəzakət Məmmədova girdiyi plastik cərrahiyyə əməliyyatından sağ çıxmamışdı. 

N.Məmmədovanın oğlunu xalası öz himayəsinə götürüb böyüdür, evləndirir. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlir. Ceyhun qızına anası Nəzakətin adını verir və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilir. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayır. Oxuduğu institutdan evə qayıdanda Nəzakətin olduğu maşının üstünə ağac aşıb düşür. Və beləcə, nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalır. Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişir...

Nə yaxşı ki, istedadlı müğənnimiz, Xalq artisti Nəzakət Məmmədovanın ürəkləri titrədən səsi və gözəl nəğmələri bizimlədir. 

Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR