Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Məktəblinin çiynini yükdən azad edək – Çanta seçimi

Məktəblinin çiynini yükdən azad edək – Çanta seçimi
Sakura

Məktəblinin çiynini yükdən azad edək – Çanta seçimi

Dərs ləvazimatları arasında seçilməsi ən çətin olan əşya məktəbli çantasıdır. Məktəblilər çantanın görüntüsünə və rənginə üstünlük versələr də, valideynlər davamlılığına və keyfiyyətinə diqqət edirlər. Mütəxəssislər və həkimlər isə məsləhət görür ki, çanta seçimi zamanı onun şagirdin onurğa sütununa təsiri və uşağın belinə uyğunluğunu əsas götürmək lazımdır.

Axar.az xəbər verir ki, 9 ay boyunca hər gün məktəblilərin çiyinlərində daşıdığı bu əşyanın düzgün seçilməməsi uşağın səhhətində ciddi problemlərə səbəb ola bilir. Bu səbəbdən mütəxəssislər məsləhət görür ki, çanta seçiminə kor-koranə yanaşmaq düzgün deyil.

Mütəxəssislər bildirib ki, satışda olan əksər çantaların çoxu həddən artıq ağırdır. Bu da uşaq üçün əlavə yük deməkdir. Dəftər-kitabla dolu olan çantanın özü ayrılıqda ağır olduğu zaman daşınmasında uşağa çətinlik yaradır. Çiyindən asıldığı zaman da onurğa sütununun əyilməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, çantanın olduqca yüngül olmasına xüsusi əhəmiyyət verilməli və onun yükü çiyinlərə bərabər paylamasına da diqqət edilməlidir.

Məktəblinin yükün azaldan ortopedik çantalar

Çanta satışı ilə məşğul olan satıcılar bildirib ki, ötən illərlə müqayisədə bu il bazara çox sayda ortopedik çantalar gətirilib. Satıcıların sözlərinə görə, bu cür çantalardan hər qiymətə tapmaq mümkündür. Ortopedik çantaların qiyməti 20 manatdan başlayır:

“Ortopedik çantaların əksəriyyəti ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan çantalardır. Bu çantaların kürəyə söykənən yerində xüsusi diyircəklər, masajedici hissəciklər var. Çiyin hissəsi qalın və genişdir. Çantanın çiyin hissəsi yuxarıdan belə tam yapışır ki, bu da yükü bərabər paylayır, çiyinliklərin sağa-sola hərəkət etməsinə icazə vermir”.

Ortoped nə məsləhət görür?

Valideynləri narahat edən bu məsələ ilə bağlı Axar.az-a danışan travmatoloq-ortoped Sənan Aşirov bildirib ki, məktəbli çantaları azyaşlıların boyuna və çəkisinə uyğun olmalıdır ki, sonradan fəsad yaratmasın. Həkim bildirib ki, məktəblinin çantası onun bədən çəkisinin onda biri qədər olmalıdır:

“Bu çantanı da düzgün götürmək lazımdır ki, yük bir çiyinə düşməsin, bərabər paylansın. Çantanın ağırlığı hər çiyinə bərabər səviyyədə paylanmalıdır ki, yük onurğanı zədələməsin, yaxud çiyindən sallanmasın. Fikir verilməlidir ki, çantanın yuxarı hissəsi iki çiyinin ortasında dayansın, yük hissəsi isə çanağa söykənsin”.

Travmatoloqun sözlərinə görə, uşağın çəkisinə uyğun olmayan çox ağır çantaların onurğa xəstəlikləri yaratması riski yüksəkdir:

“Həddindən çox yüklənmiş onurğada həm skaleoz, həm də kifoz xəstəliyi əmələ gələ bilər. Onurğanın əyilməsi adətən iki formada olur: önə və yanlara doğru. Onurğanın yanlara doğru əyilməsi çantanın yükünün çiyinlər arasında düzgün paylanmaması nəticəsində yaranır.

Yaşa və bədəninin əzələ qüvvəsinə görə skaleoz, kifoz riski qızlarda daha yüksəkdir. Buna görə də həm müəllimlər, həm də valideynlər bu mövzuya həssas yanaşmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR