Məktəblini döyən keçmiş məmurun işi yenidən məhkəmədə
Lənkəranda İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızı barəsindəki qərardan kassasiya protesti verilib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı tərəfindən verilən protestdə işin yenidən araşdırılması istənilir.
Prokuror hesab edir ki, cinayət işi birinci instansiya və apellyasiya instansiyasında düzgün tədqiq olunmayıb, irəli sürülmüş ittihama görə yüngül cəza təyin olunub.
İş Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət