MEK Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbiri MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin rəhbəri Günel Əhədova açaraq Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd edilir. G.Əhədova vurğulayıb ki, Mərkəzi Elmi Kitabxanada il ərzində müntəzəm olaraq MEK-in Mülki Müdafiə qərargahı tərəfindən tədbirlər həyata keçirilir.
Daha sonra Yasamal rayonu üzrə fövqəladə hallar və mülki müdafiə rəisi, polkovnik-leytenant İlqar Səfərov çıxış edərək mülki müdafiə zamanı istifadə olunan texniki avadanlıq və cihazlar, onların təyinatı və iş prinsiplərindən danışıb. Qeyd edib ki, fövqəladə hallar zamanı MM planlarının icra olunması, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyə biləcək ziyanın proqnozlaşdırılması, hərtərəfli təhlil edilməsi və azaldılması bu yöndə görülən əsas tədbirlərdəndir.
Sonra MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov çıxış edərək tədbirdə iştirak edən qonaqlara və MEK əməkdaşlarına təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçıları kitabxananın birinci mərtəbəsində nümayiş olunan mülki müdafiə zamanı istifadə üçün texniki avadanlıq və cihazlarla tanış olaraq, cihazların təyinatı və iş prinsipləri haqqında məlumatlandırılıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət