MEK tərəfindən Nizami Gəncəvinin biblioqrafik göstəricisi hazırlanıb
Mərkəzi Elmi Kitabxana tərəfindən Nizami Gəncəvinin biblioqrafik göstəricisi hazırlanıb
Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan olunmuşdur.
“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Nizami Gəncəvinin biblioqrafik göstəricisi hazırlanıb. “Ön söz”ünün müəllifi AMEA prezidenti, akademik Ramiz Mehdiyev olan biblioqrafiyada ötən dövr ərzində Nizami haqqında ölkəmizdə və xaricdə nəşr edilmiş çox sayda elmi mənbələrin adları, göstəriciləri daxil edilib, mövcud məlumat bazası əhəmiyyətli dərəcədə genişləndirilib. Həmçinin göstəriciyə MEK-in fondlarında qorunub saxlanan Nizaminin kitabları, dövri mətbuatda və məcmuələrdə nəşr olunmuş əsərləri, şairin həyat və yaradıcılığını əks etdirən materiallar toplanıb.
Biblioqrafik göstəricinin redaktoru AMEA MEK-in baş direktoru professor Məmməd Əliyev, tərtibçiləri icraçı direktor, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, “Biblioqrafiya” şöbəsinin baş biblioqrafı Nərgiz Novruzova və biblioqraf Türkan Vahidovadır.
Xatırladaq ki, bu vaxtadək Nizami Gəncəviyə həsr olunmuş 6 adda biblioqrafik informasiya resursu hazırlanıb. Təqdim edilən bu kitab Nizami yaradıcılığını dərindən tədqiq edən mütəxəssislər və böyük şairin irsilə dərindən maraqlanan oxucular üçün dəyərli akademik göstərici rolunu oynayacaqdır.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 (daxili 14-14)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət