MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondu yeni nəşrlərlə zənginləşməkdə davam edir.
Fonda daxil olan nəşrlər sırasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xatirə Kitabı redaksiyası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə işıq üzü görən “Azərbaycan Respublikası. Xatirə kitabı: 44 gün-tarixi Zəfər” adlı kitab da yer alıb. Nəşrdə II Qarabağ müharibəsində böyük şücaət göstərmiş şəhidlərin adını daim yaşatmaq məqsədilə onlar haqqında ətraflı məlumatlar toplanılıb.
“Göyçayın Qarabağ sevdalıları” adlı kitab da daxil olan nəşrlər sırasındadır. Birinci və İkinci Qarabağ müharibəsində tarixi torpaqlarımızın azadlığı uğrunda vuruşan şəhid və qazilərin igidliklərindən geniş şəkildə bəhs edilən bu nəşr Təranə Məhəmmədqızının müəllifiliyi ilə qələmə alınıb.
Daxil olan nəşrlər sırasında Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən işıq üzü görən, gənc nəslin vətənpərvər ruhda böyüməsini əks etdirən, öz məzmunu ilə seçilən “UNEC şəhidləri” adlı kitab da mövcuddur. Sözügedən universitetin şəhid məzunlarına həsr edilən kitabda, Azərbaycan xalqı var olduqca hər bir üzvünün şəhidlərimizi iftixar hissi ilə yad edəcəkləri və əziz xatirələrinin böyük qürurla anılacağı göstərilib.
Qeyd edək ki, fonda daxil olan bu və digər nəşrlər MEK-in e-kataloquna yerləşdirilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 (daxili 14-14)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət