MEK-də “Pandemiya dövründə elmi-tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin təşkilatçılığı ilə “Pandemiya dövründə elmi-tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə AMEA-nın strukturuna daxil olan elmi bölmə və elmi müəssisələrin, ölkənin nüfuzlu ali məktəblərinin kitabxana rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qarşılıqlı əməkdaşlıqda fəallıq göstərən qonaqlara, kitabxana rəhbərlərinə öz minnətdarlığını bildirib. M.Əliyev bir ildən artıqdır ki, davam edən pandemiya şəraitində MEK-in fəaliyyəti və vəzifələri haqqında danışıb. Bildirilib ki, bu müddət ərzində MEK alim və mütəxəssislərin informasiya təminatının ödənilməsi istiqamətində - biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi və s. kimi xeyli işlər görüb.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova və həmin kitabxananın əməkdaşı Firudin Əsgərov, Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının müdiri Nərmin Abdullayeva, İqtisadiyyat İnstitutunun kitabxana müdiri Şəfəq İslamova, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdulayeva, Xəzər Universiteti Kitabxanasının Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktor müavini Aytac Misgərli çıxışlarında yaranan müvafiq şəraitdə elektron resursların zənginləşdirilməsinin önəmindən danışıblar. Çıxış edənlər fəaliyyət göstərdikləri kitabxanaların nailiyyətlərini bölüşərək, bu dövr ərzində sosial-mədəni fəaliyyətin yeni formatları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın səmərəliliyindən də danışıblar. AMEA elmi-tədqiqat institutları və ali məktəb kitabxanaları tərəfindən Covid-19 pandemiyası şəraitində elektron və ənənəvi kitabxana xidmətləri sahəsində qazanılmış təcrübə və biliklərin mübadiləsi, yeni kitabxana xidmətləri və resursları haqqında müzakirələr aparılıb. Qeyd olunub ki, kitabxanalarda təhlükəsizliyin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidmətinin həyata keçirə bilməsi üçün lazimi texnologiyaların quraşdırılması, sifarişlərin idarə olunması, müxtəlif tərkibli hesabatların hazırlanması bu yöndə aparılan mühüm işlərdəndir.
Dəyirmi masada bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb və bir sıra təkliflər irəli sürülüb.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət