Slimfit
  1. AZƏRBAYCAN

Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib

Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib
Sakura

Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib

Sentyabrın 27-də İçərişəhərdəki Miniatür Kitab Muzeyində “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” ("Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır") miniatür kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovadır.
Azvision.az xəbər verir ki, mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Rauf Əliyev, Jalə Əliyeva, tanınmış yazıçı, PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi və Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar İncəsənət xadimi, Xalq yazıçısı Natiq Rəsulzadə, yaradıcı ziyalıların nümayəndələri, alimlər, jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova mərasimi açaraq deyib ki, 1988-ci ildən bugünədək onun tərəfindən 238 miniatür kitab buraxılıb, lakin bu nəşr görkəmli şəxsiyyət - Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk kitabdır.

Sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitab haqqında müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə Azərbaycan və xarici KİV-lərdə nəşr etdirdiyi məqalələri toplanıb.

Elmira Axundova deyib ki, bu kitabdakı bütün məqalələrin ana xəttini sadə vətəndaşların etimadını qazanmış, kömək üçün ona müraciət edən hər kəsin probleminə qayğı ilə yanaşan, həssaslığı və insanpərvərliyi ilə seçilən Mehriban Əliyevaya ümumxalq sevgisi təşkil edir. Məqalələrdə Mehriban xanımın UNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

Qeyd olunub ki, “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” miniatür kitabı 2019-cu ildə “Indiqo” nəşriyyatı tərəfindən 100 nüsxədə çap edilib. 60x70 mm ölçüdə, 412 səhifədən ibarət miniatür kitab 105 rəngli fotoşəkillə illüstrasiya olunub. Fotoşəkillər müəllifə AZƏRTAC tərəfindən təqdim edilib.

Mərasimdə çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın olduqca geniş və çoxşaxəli fəaliyyətindən söz açıblar. Onlar Mehriban Əliyevanın ölkəmizin həyatının bütün sahələrində müstəsna xidmətlərini, onun hər bir azərbaycanlıya həssas diqqətini və sonsuz qayğısını, Birinci vitse-prezident, UNESKO və İSESKO-nun xoşməramlı səfirinin təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan muğam və xalçaçılıq sənətlərinin qorunması, inkişafı və tanıdılmasına həsr olunmuş möhtəşəm layihələri, onun Azərbaycan qadınlarının lideri və onlara örnək olduğunu, öz ölkəsini dünyanın bütün guşələrində layiqincə təmsil etdiyini vurğulayıblar. Çıxışlarda Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaq bağçalarının, internatların, ümumtəhsil məktəblərinin, mədəniyyət və sosial obyektlərin tikintisi istiqamətində fəaliyyətindən, şəhid ailələri və məcburi köçkünlərə göstərdiyi yardımlardan bəhs edilib. Vurğulanıb ki, Mehriban xanım Əliyeva bütün fəaliyyət sahələrinə öz töhfəsini verib.

Müəllif nəfis tərtibatlı kitaba epiqraf kimi Mehriban Əliyevanın bu sözlərini sitat gətirib: "Hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən nə sırf təsadüfə inanıram, nə də dünyanın əvvəlcədən dəqiq müəyyən olunması fikrinə. Mən Allaha və insanın imkanlarına inanıram”.

Kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasındakı nitqi ilə açılır. Dövlətimizin başçısı bu çıxışında Mehriban xanım Əliyevanın həyatın bir çox sahələrində çoxşaxəli və uğurlu fəaliyyətini qeyd edir. Məhz bu fəaliyyətin nəticəsində onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib.

Müəllif yazır: "Həm öz xanımının çiyninə dövlət məsuliyyətinin ağır yükünü qoymuş Prezidentin, həm də birinci xanımın özünün cəsarətinə heyran qalmamaq mümkün deyil. Axı o, vəzifəsinə ölkə üçün çox da yaxşı olmayan vaxtda başlayır - gözlənilmədən gələn postneft dövrü Prezident komandasından yeni, qeyri-standart qərarlar, təşəbbüslər və bütün dövlət mexanizminin dərin islahatını tələb edir". Xalq yazıçısı qeyd edir ki, Mehriban Əliyevanın özü üçün prioritetlər son dərəcə aydındır, axı o, əvvəllər də onları rəhbər tutub: "Onun fikrincə, bu prioritetlər ilk növbədə humanizm prinsipləri, insanlarla təmasda olmaq bacarığı, onları dinləmək və fikirlərini öyrənmək məharəti, insanpərvərlik, şəfqət və qarşılıqlı hörmətdir".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR