Slimfit
  1. SİYASƏT

Mehriban Əliyevanın həmişə diqqət mərkəzində olacaq personası.

Mehriban Əliyevanın həmişə diqqət mərkəzində olacaq personası.
Sakura

Mehriban Əliyevanın həmişə diqqət mərkəzində olacaq personası.

Birinci Ledinin portretinə bir neçə ştrix

Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın portret cizgilərində bəzi rəngləri qabartmaq üçün başladığım ilk işdə bəri başdan “qara boyanı” kənara qoymaq da olar. İnanıram ki, hətta ən qərəzli bir müxalifətçiyə bu işi tapşırsan, o da bu rəng haqda ən sonuncu düşünərdi. Amma bu riski biz gözaltına alaraq, qara rəngi də əlimizin altında saxlayacağıq, çünki qara rəngin missiyası heç də kimisə qaralamaq üçün deyil...Qara rəng həm də təbiətin kontrastıdır: onsuz inkişaf da yoxdur, həqiqətin inikası da…

Etiraf edim ki, Mehriban Əliyeva personasından yazmaq bir sıra səbəblərdən çətin və məsuliyyətlidir. Hər mətləbdən öncə ictimai persona olsa da, Azərbaycan qadınıdır, ölkənin mərhum prezidentinin gəlini, indiki prezidentinin xanımı, gələcək prezident… Cümləni sırf o səbəbdən tamamlamıram ki, xeyli siyasiləşmiş oxucunu mövzudan uzaqlaşdırmayım. Mehriban Əliyeva ölkənin həm də birinci vitse-prezidenti olsa da, məqsədimiz siyasi portret deyil, amma şübhəsiz siyasətsiz də ötüşmək mümkün olmayacaq.

Ən azı 26 ildir ki, ölkənin siyasi həyatını yönləndirənlərin ailəsində olsa da, Azərbaycanda ona münasibətdə bir ictimai fərqlilik nəzərə çarpmaqdadır. Hətta hakimiyyətin ən qatı opponentləri belə soyadının Əliyeva olmasına baxmayaraq, söhbət ondan düşərsə, ayrımçılıq, fərqləndirmə etməyə bilməzlər. Bu, təkcə mentalitet məsələsi deyil, heç qadınların ona aşırı ilgisinə bağlı gender məsələsi də. Bu, uğurlu bir qadın taleyi, alın yazısıdır…

Tutduğu siyasi post, hakimiyyətdə gəlib-gedənlər, dünyadakı başqa qadın siyasətçilərindən fərqli olaraq onun illərdir yaranmış müsbət obrazından heç nə qopara bilməyib. Ağzını bir yerə yığmaq mümkün olmayan ictimai rəydə də, Əliyevlərin opponentlərinin də ona sayğısının səbəbi daha çox bu amillə bağlıdır : mehriban və nəcib simasının dəyişməməsi! Sadəcə, Mehriban Əliyeva...

Evdar qadın ona prezident ailəsi üçün bişirdiyi tortu öz sosial hesabından paylaşdığına, məktəbli qız onun nazı ilə oynaya-oynaya selfi çəkdirdiyinə, qaçqın qadın onun sözünü yerə salmayıb günlərin birində qəfil kasıb daxmasına qonaq gəldiyinə, xəstə ana övladının müalicəsi üçün hər cür dəstəyə görə minnətdardır. Bu obrazların heç biri siyasi divident üçün deyil. Onun üçün daha sınanılmış piar yolları var. İki il əvvəl təyin edildiyi vitse-prezident postu onun xeyirxah birinci ledi, Heydər Əliyev Fondunun prezidenti kimi qazandığı imici hələ üstələyə bilməyib. Amma o, bundan narazı və narahat görünmür...

Onun açıqlamalarında bəzi hallarda bütün əxlaq normalarını aşan müxalifət belə, heç vaxt hədəf olmayıb. Bəs, onun dilindən hansısa məmurun acılandığını xatırlayan varmı? Əgər siyasi divident yığmaq niyyəti olsaydı, kimlərisə cavabsız qoymazdı, amma bu, onun yolu deyil. Onun xalqın ən müxtəlif təbəqələri ilə təmaslarında təbii istilik, gülərüzlük var. Xalq arasında olanda hamını anası, bacısı, qızı, nəvəsi kimi qucaqlamaq və bunu gerçəkdən etmək hər xanım siyasətçiyə nəsib olmur. Mənim rəyimi soruşsanız, mən bu mənzərədən gerçəkdən təsirlənirəm. Bu həftə Xətaidə ağac əkmə aksiyasında bir qadın Mehriban Əliyeva ilə şəkil çəkdirmək üçün növbəsi çatanda başının çalmasını açmaq yadına düşdü. Onu o qiyafədə hansı idarədə görsəydilər, qapını üzünə bağlayardılar bəlkə də. Mehriban Əliyeva isə maşınının qapısından geri qayıtdı, onu da yanına çəkdi, onunla da şəkil çəkdirdi. Bu diqqət kimin üçünsə adi görünə bilər, biz isə cəmiyyətin həm də həkimləriyik, onun qəlbini ağrıdan, canını sıxan problemlərin bir foto ilə həll olunmadığını yaxşı bilirik. Amma hərdən bir diqqət, hərdən bir yetim başını sığallamaq, bir kimsəsizə dayaq olmaq, bir xəstəxana qapısını açıb ağır xəstə uşaqları sevindirmək min qarın yeməkdən daha irəli, daha qiymətlidir.

Hansısa müsahibəsindən yadımda qalıb ki, gün ərzində Fonda onun adına göndərilən 200 məktub alır. Heydər Əliyev Fondunu yaratmaq, onu böyütmək, onu dünya çapında tanıtmaq olardı, amma bunu heç kim Mehriban Əliyeva kimi uğurlu edə bilməzdi.

Azərbaycan xalqı qisasçı deyil, amma “qısqanc deyil” demək olmur. Fondun Bakıdakı kimi bir sıra ölkələrdə də humanitar aksiya keçirməsinə hərdən göstərilən münasibət də daha çox bu qısqanclıqdan irəli gəlir. Amma unutmaq olmaz ki, bu da Azərbaycanı tanıtmaq üçün incə bir diplomatiyadır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyət dairəsi o qədər genişdir ki, bunu bir nazirlikdən də üstün saymaq olar. Xəstələrə şəfa, kimsəsizlərə dəstək, qaçqınlara mənzillər, valideyn himayəsindən məhrum qızlar üçün pansionat, ucqar kəndlərdə məktəblər, uşaq evləri, muğamın inkişafı üçün müsabiqələr və daha nələr...Bunların hamısı vacibdir, amma daha vacibi əlbəttə ki, müxtəlif səbəblərdən sıxıntıya düşmüş insanlara verilən dəstəkdir. Bunlar on minlərlə insan həyatı deməkdir...

Mehriban Əliyevanın mərhum prezident Elçibəyin ailəsinin evinin təmiri ilə bağlı etdiyi nəcib əməli klassik müxalifətə jest kimi dəyərləndirməyin əleyhinəyəm. Elçibəy, bəli, bir siyasətçi kimi müxalifətin, xalqın adamı idi, amma bu addım niyə onun bir neçə yerə parçalanmış partiyasına, hətta ölüm günündə məzarı başına birgə toplaşmağı belə bacarmayan sirdaşlarına jest olsun ki? Bu, məhz elə Elçibəyin ailəsinə, onun rəhmətə qovuşmuş xanımına verilən sözün yerinə yetirilməsidir. Üstəlik, bu müxalifətin qədirbilməz və vəfasız olduğunu özləri illərdir ki, sübut ediblər. Bunların bəzilərinə heç bir jestin xeyri yoxdur, nə etsən kimsə ortaya düşüb nəsə bəhanə axtaracaq, kimisə borclu çıxaracaqlar, qaralayacaqlar. Demişdim axı, qara rəngi kənara qoymayaq...

...Oqtay Gülalıyevi çoxdan tanıyıram. Gülərüz, sözünə sadiq, ədalətli biri kimi həm də. Qəza nəticəsində ağır yaralanmasına onu tanıyan hamı kimi biz jurnalist dostları da üzülürük. Hər gün dua edirik onun tezliklə sağalması üçün. Onun müalicəsinin Heydər Əliyev Fondunun üzərinə götürməsini kimlərsə təəccüblə qarşıladı. Amma burada təəccüblü nə ola bilərdi ki? Siyasi mövqeyindən asılı olmayaraq, hamımız bu ölkənin vətəndaşlarıyıq. Oqtay üçün pul toplamaq da olardı, onu hansısa ölkəyə bu vəsaitlə göndərmək də. Amma ona dövlət adından sahiblənmək, həkim gətirtmək, xüsusi təyyarə ayırmaq başqa bir yanaşmadır, başqa bir qiymətdir. Oqtayın nə yazıq ki, bütün bunlardan xəbəri yoxdur, yatsa yuxusuna da girməyəcək bir qəzavi-qədərdir. Amma əminəm ki, hər şey tezliklə arxada qalacaq, o əvvəlki sağlamlığına qovuşacaq və lazımı ünvanlara özü təşəkkür sözünü deyəcək...

Daha nə demək olar? Sərlövhə çox iddialı olsa da, daha çoxunu yazmağa gərək yox. Azərbaycan xalqı bütün çətinliklərə rəğmən qədirbilməz deyil. Mehriban Əliyevanın Azərbaycanın və xalqın taleyində bundan sonra da hissediləcək rolu olacağına inam böyükdür. Bu inamı yaradan başlıca amil Mehriban Əliyevanın personasıdır. Həmişə diqqət mərkəzində olacaq personası...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR