Mehman Xəlilov yığma komandadan uzaqlaşdırıldı - Rəsmi açıqlama
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov Sambo üzrə yığma komandasından uzaqlaşdırılıb.
Bu barədə Manset.az-a Sambo Federeasiyasının Gənclər üzrə yığma komandasının baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib:
“Məlum hadisə hamımızı kədərləndirir. Bu hadisədən sonra federasiyanın rəhbəri Ceyhun Məmmədovun sədrliyi ilə iclas keçirildi. İclasda yığmanın məşqçiləri və digər üzvləri iştirak edirdi. İclasda azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovun qəddar rəftarına və idmançı adına yaraşmayan hərəkətlərinə görə onun yığmanın heyətindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. O, İdman Akademiyasını bitirib, məşqçi kimi diplomu var. M.Xəlilov yığma komandanın üzvü olsa da, məşqçi kimi Sumqayıt şəhər 1 saylı uşaq, gənclər və şahmat idman məktəbində çalışıb. Federasiya rəhbərliyi uşağın ailəsini ziyarət edərək, başsağlığı veriblər”.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət