Məhkəmə qərar verdi: Tanınmış tikinti şirkətinə məxsus mənzillər hərraca çıxarılır
Bakı Kommersiya Məhkəməsində Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Park City” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair şikayətinə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin 12 sentyabr 2019-cu ilə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 480 min manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş edib.
İddiaçı tələbini onunla əsaslandırıb ki, vergi ödəyicisi olan “Park City” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb.
İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 11.09.2019-cu il tarixli, 19952184794 nömrəli qərarı ilə “Park City” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınıb.
Həmin qərara əsasən, cavabdeh “Park City” MMC-yə məxsus tikintisi başa çatmayan yaşayış binasında yerləşən 400 kv.m. sahəsi olan, hər kv.m. 1200 manat dəyərində olan qeyri-yaşayış sahəsi siyahıya alınıb və bu barədə əmlakın siyahıya alınması haqqında 13.09.2019-cu il tarixli protokol və akt tərtib edilib.
Sonda məhkəmə verilən sübutları nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi təmin edilməlidir. Bununla da şirkətə məxsus 480 min manat dəyərində mənzillər hərraca çıxarılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət