Slimfit
  1. SİYASƏT

Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı

Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı
Sakura

Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatlar ölkə həyatının bütün sahələri kimi, məhkəmə-hüquq sistemini də əhatə edir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun AZƏRTAC-a təqdim etdiyi məqalədə son 16 ildə məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, yeni informasiya texnologiyalarının tətbiqi və digər mütərəqqi addımlardan bəhs olunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub yaratdığı və əbədilik qazandırdığı müstəqil Azərbaycan dövlətini inamla irəli aparan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizin tərəqqisinə, xalqımızın rifahına hesablanmış hərtərəfli islahatlar həyata keçirilməklə müasir tariximizin şanlı səhifələri yazılır.

Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə ötən dövrdə atdığı uğurlu addımlarla gerçəkləşdirdi. Ölkəmiz Ulu Öndərin müəyyən etdiyi və yeganə düzgün olan yol ilə gedərək möhkəm təməllər üzərində, dünyada baş verən təhlükəli proseslərə, böhranlara baxmayaraq, davamlı inkişaf etdi. Xalqımızın təhlükəsizlik, sabitlik şəraitində yaşayışı təmin olundu, Azərbaycan dünyada hörmətlə qəbul edilən və dəstəklənən, yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi.

Bu dövrdə elə bir sahə olmayıb ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Son 16 ildə ümumi daxili məhsul 3 dəfədən çox artdı, işsizliyin səviyyəsi 5 faizədək endi, yoxsulluq təxminən 10 dəfəyədək azaldı. Valyuta ehtiyatlarımız 50 milyard dollara çatdı. Ölkəmizin iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyuldu.

Prezident İlham Əliyev güclü siyasi iradəsi, qətiyyətli və prinsipial mövqeyi ilə Azərbaycanı dünyanın inkişaf edən dövlətləri sırasına çıxardı. Bu gün respublikamız iqtisadi rəqabətqabiliyyətliliyinə görə dünyada öncül, ən islahatçı ölkə, eyni zamanda, irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır, tolerantlıq və multikulturalizm məkanı kimi nümunə olması etiraf edilir, dövlət xidmətlərinin ictimai modeli olan və təcrübəsi dünyada yayılan ASAN brendinin müəllifidir.

Dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli islahatlara dəyərli töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalq-iqtidar birliyini daha da gücləndirir.

Ötən dövrdə demokratik inkişaf yolu ilə gedən Azərbaycanda qanunun aliliyini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını siyasətinin ən mühüm prioriteti kimi müəyyən edən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və əsas vəzifəmiz insanlara layiqli xidmət etməkdir. Cənab Prezident xalqa xidmətləri ilə hər bir vətəndaşın prezidenti olduğunu sübut etməklə hər bir dövlət məmuruna təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi göstərir.

Ölkə başçısının ictimaiyyəti hər zaman dövlət idarəetməsində fəal iştiraka, ictimai nəzarətə çağırışı, korrupsiyaya qarşı mübarizədə sərt mövqeyi, vətəndaşlara xidmət sahəsində şəffaf və innovativ metodların geniş və səmərəli tətbiqinə üstünlük verməsi cəmiyyətimiz tərəfindən daim dəstəklənir. Bu istiqamətdə mühüm dövlət proqramları və milli fəaliyyət planları qəbul olunaraq həyata keçirilir, konkret əməli tədbirlər görülür.

Respublikamızın hərtərəfli inkişafına adekvat olaraq aparılan məhkəmə-hüquq sistemində mütərəqqi islahatların müəllifi də məhz möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları ötən dövrdə dövlət başçısı tərəfindən müasir çağırışlara uyğun uğurla inkişaf etdirildi. Prezident İlham Əliyev bütün məsələlərdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də novatorluq və islahatçı yanaşmalar tətbiq etdi, dünyada mövcud olan ən mütərəqqi təcrübələrə əsaslanaraq məhkəmə sisteminin təkmilləşdirilməsinin respublikamızın hərtərəfli inkişafı, demokratik, hüquqi dövlətin möhkəmlənməsi üçün başlıca şərt olduğunu vurğuladı. Cənab İlham Əliyev ölkə Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən məhkəmələrin insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunduğu, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin həyata keçirildiyi instansiyaya çevrilməsini prioritet hesab etdi.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olaraq ötən dövrdə dövlət başçısı tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmələrə əlçatanlığın və müraciət imkanlarının asanlaşdırılması, şəffaflığın artırılması, sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı mütərəqqi addımlar atıldı.

Sözsüz ki, bu addımlar ölkə başçısının qəti siyasi iradəsinə, onun islahatçılığına əsaslanır. Təsadüfi deyil ki, həyata keçirdiyi islahatların miqyasına görə Azərbaycan Prezidentinin adı dünyanın ən islahatçı liderləri sırasında çəkilir və dövlət başçısının islahatlara meyilliliyinə görə nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmiz dünyada 5-ci yerə yüksəlib.

İslahat o zaman uğurlu nəticə verir ki, onun həyata keçirilməsi zəruriliyi cəmiyyətin inkişaf tempinə, dövrün tələblərinə uyğun olsun. Bu amili nəzərə alan dövlət başçısının ötən dövrdə imzaladığı çoxsaylı mühüm fərman və sərəncamlar məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara uyğun təkmilləşməsinə və müasirləşməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə xidmət etdi.

Ölkə başçının ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində 2004-cü ildə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılaraq bu sahədə mühüm qanun layihələri hazırlandı və nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə Avropa Şurasında ekspertizadan keçirildi. "Məhkəmələr və hakimlər haqqında" Qanuna əsaslı dəyişikliklər edildi, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni Qanun qəbul olundu. 2005-ci ilin fevralında ölkəmizdə yeni təsisat - məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası fəaliyyətə başladı.

Elə ilk gündən ədalət mühakiməsinə əlçatanlığı asanlaşdırmaq, məhkəmələrə ictimai etimadı və inamı yüksəltmək naminə məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin ən şəffaf prosedurlarla seçiminin aparılması, tədrisinin müasir tələblər səviyyəsində qurulması və peşəkarlığının artırılması kimi vacib məsələlər Məhkəmə-Hüquq Şurasının hədəfləri sırasına daxil oldu. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması baxımından Şuranın səlahiyyətləri davamlı olaraq genişləndirildi, məhkəmə sistemi ilə bağlı bütün məsələlər, o cümlədən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi və vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb olunması və həvəsləndirilməsi onun müstəsna səlahiyyətlərinə aid edildi.

Dövlət xidmətlərinin vətəndaşlar üçün hər zaman əlçatan və asan olmasını, insanların dövlət orqanlarına daha rahat müraciət etmələrini vacib sayan Prezident İlham Əliyev məhkəmə-hüquq sahəsində də bu məsələyə xüsusi diqqət yetirdi. Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğunu nəzərə alaraq məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı 2006-cı il 19 yanvar və 2010-cu il 15 iyul tarixli fərmanlarla bu sahədə institusional islahatlar aparıldı. Belə ki, regionların sosial-iqtisadi inkişafı şəraitində ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə yaşayan insanların məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edildi. 2010-cu ildə isə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı ümumilikdə 5 oldu, hərbi məhkəmə sistemi təkmilləşdirildi.

Eyni zamanda, məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edildi. 2011-ci ildən ölkəmizin 7 bölgəsində dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələr fəaliyyətə başladı.

İslahatlar həyata keçirilərkən Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması nəzərə alınaraq əhali üçün əlverişli şəraitin yaradılması məqsədilə orada da yeni məhkəmələr təsis olundu, Muxtar Respublikanın Ali Məhkəməsi tam apellyasiya instansiyası xarakteri aldı.

Dövlət başçısının rəhbərliyi ilə iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkəmizdə mülki dövriyyənin genişlənməsi, habelə əhalinin məhkəmələrə çatımlığının asanlaşdırılması üzrə görülən ardıcıl tədbirlər məhkəmələrə daxil olan işlərin sayına da əsaslı təsir göstərdi və məhkəmələrdə baxılan mülki işlərin sayı ilbəil çoxaldı. İşlərin baxılması keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri kimi hakimlərin iş yükünün çox olması nəzərə alınaraq, ölkə Prezidenti tərəfindən hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırıldı, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırıldı, hər bir hakimə köməkçi ştatı ayrıldı.

Vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə ölkəmizdə hakimliyə namizədlərin seçimi prosesi əsaslı surətdə təkmilləşdirildi, onların Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olundu, ayrıca müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradıldı.

Tətbiq olunan şəffaf seçim proseduru sayəsində ölkəmizin məhkəmə korpusunun 70 faizdən çoxu yeni nəsil hakimlərlə təzələndi. Bu sahədə Azərbaycanın müsbət təcrübəsini öyrənən Avropa Şurası və Avropa İttifaqı onu yaxşı praktikaların maraqlı modeli kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnməyi tövsiyə etdi.

Bütün bu tədbirlər insanların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə, hakimlərin iş yükünün, süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına, insanların məhkəmə hakimiyyətinə inamının artırılmasına şərait yaratdı, habelə bölgələrdə digər hüquq institutlarının inkişafına əsaslı təkan verdi.

"Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik", - deyən Prezident İlham Əliyev cəmiyyət həyatının bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının, şəffaf və innovativ metodların daha geniş tətbiqinə çox böyük önəm verir.

Dövlət başçısı həyata keçirdiyi islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi ilə bağlı innovativ addım atdı – "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoydu. Yeni sistem insanlara məhkəməyə gəlmədən, elektron formada müraciət etmək, proses barədə məlumatları elektron daşıyıcıda dərhal almaq, habelə məhkəmə proseslərini audio-video və digər texniki vasitələrlə qeydə almaq, proses iştirakçıları üçün məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olmaq imkanı yaratdı.

Artıq məhkəmələrdə elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və "Elektron-bildiriş" informasiya proqramları, proseslərin elektron qeydiyyatı sistemi tətbiq olunur.

Eyni zamanda, hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (www.courts.gov.az) təşkil edildi, hər bir məhkəmə və hakim barədə ətraflı məlumatlar həmin portalda yerləşdirildi. Portal vasitəsilə vətəndaşlara məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı yaradıldı.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılmasını çox ciddi islahat adlandıran dövlətimizin başçısı onun tətbiqinin şəffaflığı təmin etməklə məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəyini vurğuladı.

Ötən dövrdə, həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq məhkəmələrdə əsaslı təmir və yenidənqurma işləri aparıldı, iş şəraiti müasir tələblərə uyğunlaşdırıldı, dövlət başçısının tapşırığı ilə paytaxtda və bölgələrdə yeni məhkəmə binaları və kompleksləri inşa olunaraq istifadəyə verildi, Ali Məhkəmə üçün məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun, xüsusi memarlıq üslubu ilə yeni əzəmətli binanın inşa edilməsi ölkəmizin hüquq həyatında əlamətdar hadisələrdən oldu.

Həmçinin dövlət başçısının tapşırıqları və dəstəyi ilə Dünya Bankı ilə birgə "Ədliyyə sisteminin müasirləşdirilməsi" və "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihələri uğurla həyata keçirilərək bu sahədə ardıcıl tədbirlər görüldü.

Məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin təzahürü olaraq Prezident İlham Əliyevin bir çox yeni məhkəmə bina və komplekslərinin açılışlarında şəxsən iştirakı bir daha təsdiq edir ki, dövlət başçısı hər zaman verdiyi tapşırıqların icrası ilə yerində maraqlanır, görülən işlərə bilavasitə nəzarət edir.

Qeyd olunmalıdır ki, ölkə Prezidentinin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatlar beynəlxalq aləmdə təqdir olunur və təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihəni ən uğurlu layihələrindən biri kimi qiymətləndirərək "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması və tətbiqi" nominasiyalarının qalibi elan etdi. Həmçinin ölkəmiz Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edərək məhkəmə sistemindəki nailiyyətlərinə görə "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq bilindi.

Dünya təcrübəsi göstərir ki, bu sahədə islahatlar davam edən bir prosesdir. Hər bir ölkənin inkişafında məhkəmə-hüquq sisteminin təkmilləşməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısının qeyd etdiyi kimi, bu proses hətta inkişaf etmiş ölkələrdə də daim gedir. Yəni, bu prosesin əvvəli var, amma sonu yoxdur.

Məhkəmə-hüquq sistemində islahatlar 2019-cu ildə müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçdi. Belə ki, cari ildə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində mütərəqqi islahatların daha intensiv aparılacağı və yeni mərhələyə keçəcəyi anonsunu verən möhtərəm Prezidentimiz aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayaraq onun icrasının bu sahədə ciddi dönüşə səbəb olacağını vurğuladı. Bu, dövlətimizin başçısının cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılmasına, vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürüdür.

Ölkə Prezidentinin məhkəmə sisteminə qayğısı, bu sahədə atdığı bütün addımlar, mühüm qərarlar əhali tərəfindən yüksək qiymətləndirilir və bu dəstək vətəndaşların dövlət başçısına ünvanladığı məktub və müraciətlərdə də aydın ifadə olunur.

Ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olan Fərmanın aidiyyəti qurumlarla birgə təxirəsalınmadan icrasına başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görüldü. İlk növbədə, kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə qərarlarının icrası işinin və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən alternativ – özəl ekspertizanın tətbiqi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə, həmçinin ictimaiyyətin təklifləri və rəyləri nəzərə alınmaqla 40-dək normativ aktın layihəsi işlənib hazırlandı.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ədliyyə və məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan bir sıra yeni qanunlar qəbul edildi. Bu ilin iyul ayında qəbul olunmuş ilk qanunvericilik aktları paketi islahatların institusional komponentini əhatə etdi. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradıldı. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin ərazi yurisdiksiyası, aparılmış təhlillərə uyğun olaraq hakim və aparat işçilərinin ştat sayı müəyyən edildi, infrastruktur, maddi-texniki təminatla bağlı zəruri tədbirlər görüldü.

Bundan əlavə, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirildi, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırıldı. Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında ikinci qanun layihələri paketi isə bu günlərdə qəbul olundu. 2020-ci il martın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklər məhkəmə-hüquq islahatlarının iki mühüm istiqamətini əhatə edir.

Məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu günədək vahid məhkəmə təcrübəsini formalaşdırmağa imkan verən mexanizmlər qanunvericilikdə kifayət qədər tənzimlənmirdi.

Bununla əlaqədar, yeni qanunvericiliyə əsasən Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi “Məhkəmələr və hakimlər haqqında” Qanunda birbaşa təsbit edilir, Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahların əhəmiyyəti artırılır, həmin izahlardan fərqli qərarların qəbul edilməsinin konkret hüquqi nəticələri müəyyən edilir.

Bundan əlavə, yeni qanunvericilikdə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə, Ali Məhkəmənin Plenumunun müvafiq izahlar verməsi, sonra bu sahədə məhkəmə fəaliyyətinin monitorinqinin təşkil edilməsi və monitorinq zamanı nöqsanlar aşkar edildiyi təqdirdə bunun hakimlər üçün müvafiq məsuliyyət yaratması təsbit olunur.

Qanunvericilik paketinin digər mühüm istiqaməti keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsində, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən məhkəmə ekspertizası fəaliyyətini əhatə edir. Mühüm yenilikləri nəzərdə tutan bu dəyişikliklər nəticəsində məhkəmə ekspertizasını həyata keçirmək, habelə ekspertizanın keçirilməsini təyin (sifariş) etmək hüququ olan subyektlərin dairəsi genişləndirilir. Təcrübədə bir sıra hallarda haqlı şikayətlərə səbəb olan ekspertizanın keçirilməsi və ekspert rəyinin verilməsi müddətləri dəqiqləşdirilir. Dəyişikliklər nəticəsində ölkəmizdə ilk dəfə tətbiq edilən özəl ekspertiza institutu bütün fiziki və ya hüquqi şəxslərə, həmin şəxslərin vəkilləri və nümayəndələrinə imkan verəcək ki, onlar özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etsinlər.

Qeyd etmək lazımdır ki, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verdikləri təqdirdə Ədliyyə Nazirliyi tərəfindən onlara şəhadətnamə veriləcək və reyestrləri aparılacaq. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə biləcəkdir.

Fərmanın icrası çərçivəsində, həmçinin icra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlandı. "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına dair konkret addımlar atıldı.

İcranın alternativ mexanizmləri, o cümlədən özəl icra institutu ilə bağlı müxtəlif dövlətlərin təcrübəsi ilə yerində tanış olundu, ölkəmizdə onun pilot qaydada tətbiqi məqsədəmüvafiq bilinərək müvafiq hazırlıq işləri görülür.

Ötən dövrdə hakimlərin sayının artırılmasına baxmayaraq, ölkəmizdə onların əhaliyə nisbətdə sayı Avropa dövlətləri ilə müqayisədə hələ də az olmaqda qalırdı - bəzi Avropa dövlətlərində hər 100 min nəfərə 20-dən artıq hakim düşdüyü halda Azərbaycanda bu göstərici cəmi 6 hakim təşkil edirdi. Məhkəmələrdə ağır iş yükünün olması və hakimlərin sayının kifayət qədər olmaması, təbii ki, işlərin baxılma müddətinə və keyfiyyətə mənfi təsir göstərir. Bu baxımdan dövlət başçısı tərəfindən Fərmanla hakimlərin sayı mövcud korpusun üçdəbiri qədər - 200 vahid artırıldı və yeni ayrılan ştatların doldurulması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu prosesdə çeviklik artırıldı. İmtahanların müasir texnologiyalar tətbiq edilməklə keçirilməsi, hər bir namizədin sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandırması və nəticələrin dərhal elan olunması təsbit edildi.

Cari ildə hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alaraq sənədlərini təqdim etmiş namizədlərlə qeyd olunan üsullarla test və yazılı imtahanlar keçirildi. Hər iki mərhələdən uğur qazanmış 81 nəfər namizədlə hazırda Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilir. Növbəti test imtahanında uğur qazanmış 108 nəfər namizədlə isə bu ərəfədə yazılı imtahan keçirilib.

Şübhəsiz ki, hakim ştatlarının komplektləşdirilməsi məhkəmələrdə iş yükünün azalmasına, işlərə keyfiyyətlə baxılmasına xidmət edəcəkdir.

Bununla yanaşı, hakimlərin iş yükünün digər vasitələrlə azaldılması diqqətdə saxlanılaraq cari ildən qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olundu, iqtisadi işlər üzrə icraatın yalnız elektron qaydada - "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması və məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edildi, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradıldı.

Fərmanın icrası çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiyanın respublikamızda tətbiqi ilə bağlı Avropa İttifaqı ilə birgə yeni layihənin icrasına başlanıldı, növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında" Qanunun implementasiyası ilə əlaqədar nazirlik tərəfindən çoxsaylı normativ sənəd layihələri hazırlanaraq qəbul olundu. Həmçinin ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi ilə bağlı Avropa İttifaqı ilə birgə "Biznes mühitinin inkişafı ilə əlaqədar normativ hüquqi bazanın dəstəklənməsi" layihəsi çərçivəsində yerli və beynəlxalq qanunvericilik təhlil olundu, qabaqcıl təcrübələr nəzərə alınmaqla yol xəritəsi hazırlandı.

Bundan əlavə, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər neqativ halların aradan qaldırılması və s. məsələlər üzrə mühüm qanunvericilik və institusional tədbirlər həyata keçirildi, o cümlədən Fərmanla qarşıya qoyulmuş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında "qaynar xətt" və monitorinq sektorları yaradıldı.

Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən Fərmandan sonrakı dövrdə 50-yə yaxın məhkəmədə monitorinqlər aparıldı, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırıldı, daha kobud pozuntularla bağlı isə 39 hakim barəsində intizam icraatlarına baxılaraq onlardan 6-sı tutduğu vəzifədən azad olundu, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi, digərləri barəsində isə müxtəlif intizam tənbehi tədbirləri görüldü.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin respublikanın bütün ərazisində əhatə olunması və sistemin bütövlükdə ahəngdar işləməsinin təmin edilməsi, funksionallığının artırılması üzrə əməli tədbirlər görüldü, o cümlədən məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştirak etməyə və s. imkan verən "Mobil məhkəmə" proqram təminatı işlənib hazırlandı. Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, yaradılan "Mobil məhkəmə"nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır.

Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması yolunda növbəti mühüm addım və məhkəmə istifadəçiləri üçün çox faydalı hədiyyə olan "Mobil məhkəmə" məhz bu gündən – 24 dekabr tarixindən istifadəyə verilir. Artıq bu tarixdən etibarən vətəndaşlar "Elektron məhkəmə" informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edəcək və faydalana biləcəklər. Bu məqsədlə “Fairmont” otelində millət vəkillərinin, hakim, prokuror və vəkillərin, habelə vətəndaş cəmiyyəti və çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə həmin proqram təminatının ictimaiyyətə geniş təqdimatı keçirilir.

Ölkə Prezidentinin Fərmanda verdiyi mühüm tapşırıqlardan biri məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə ictimai etimadın möhkəmlənməsi, şəffaflığın artırılması ilə bağlıdır. Bu sahədə görülən işlər çərçivəsində məhkəmə fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, o cümlədən kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə məhkəmələrdə media ilə işləyəcək hakimlər müəyyən edildi. Bununla bağlı Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə çoxsaylı KİV rəhbərləri və nümayəndələri ilə görüş keçirilərək məhkəmələrlə media orqanları arasında səmərəli əməkdaşlıq, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələləri müzakirə olundu, həmin spiker-hakimlər KİV təmsilçilərinə təqdim edildi.

Fərmanın icrası üzrə görülən işlər, bütövlükdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər beynəlxalq aləmdə təqdir olunur, o cümlədən Dünya Bankının "Doing Business 2020" hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunub.

Ölkə başçısının "İslahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir" fikrinə əsaslanaraq deyə bilərik ki, məhkəmə-hüquq sistemi dövlətimizin başçısının qayğısı ilə daim təkmilləşir və inkişaf edir. Ölkəmizdə həyata keçirilən hərtərəfli, o cümlədən məhkəmə-hüquq islahatının aparılmasında dövlətimizin başçısının göstərdiyi güclü siyasi iradə, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək hər birimizi üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirməyə səfərbər edir.

Fürsətdən istifadə edib, doğum günü, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dövlətimizin başçısını, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və onların ölkəmizin hərtərəfli tərəqqisinə dəyərli töhfələr verən bütün ailə üzvlərini ədliyyə işçiləri adından təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və səadət, doğma Vətənimizin daha da çiçəklənməsi naminə yorulmaz fəaliyyətlərində uğurlar arzulayırıq. Qəti əminik ki, qədirbilən xalqımız dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə hələ uzun illər yeni-yeni möhtəşəm qələbələrin şahidi olacaq, müstəqil dövlətimiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcəkdir.

Fikrət Məmmədov
Azərbaycan Respublikasının Ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR