Məhərrəmlikdən sonra toylar bu qaydada keçirilə bilər - AÇIQLAMA
Artıq 7 aydan çoxdur ki, Azərbaycanda koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Bir çox nişanlı gənclər toyların keçirilməsinə icazə verilməsini gözləyirlər. Mətbuatda və sosial şəbəkələrdə Məhərrəmlikdən sonra Azərbaycanda toyların keçirlməsinə icazə veriləcəyi ilə bağlı iddialar səsləndirilir. Məhərəmlikdən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?
Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, toylar kütləvi toplaşma qrupuna aiddir:
"Pandemiyaya görə dövlət səviyyəsində də heç bir toplantıların və tədbirlərin keçirilməsinə icazə verilmir. Kütləvi tədbirlərin təkcə Azərbaycanda deyil, bütün dünyada keçirilməsi qadağandır. Bizim toy adət-ənənəmiz başqa ölkələrdən fərqlidir. Bizdə daha çox qohumlar və yaxın insanlar toy məclisində iştirak edirlər. Kimisə dəvət etmədikdə də inciklik olur. Ona görə də bunun hər hansı bir formasını fikirləşmək lazımdır. Pandemiya uzun müddət davam edərsə, incikliklər olmamaq şərti ilə kiçik formada toyların keçirilməsinə icazə verilə bilər. Artıq gənclərimiz toy keçirmədən ASAN xidmətdə nikaha daxil olub, ailə üzvlərinin iştirak etdiyi kiçik məclis təşkil edərək ailə qururlar. Uzun müddət toyların keçirilməsinə qadağa qoymaq da düz olmaz. Gənclər ailə qurmalıdır. Həyat davam edir. Çünki 6-7 ildən sonra az sayda uşaq 1-ci sinifə, 18 ildən sonra isə gənclərimiz hərbi xidmətə gedəcək. Həyatın davam etdiyini nəzərə alaraq, toyların keçirilməsi ilə bağlı uyğun variant hazırlanmalıdır. Mütləq şəkildə toyların keçirilməsi ilə bağlı format dəyişməlidir. Bugünkü vəziyyətdə 300-500 nəfərlik toydan söhbət gedə bilməz. Az sayda insanla, yaxın ailə üzvlərinin iştirakı ilə toyların keçirilməsinə icazə verilə bilər. Toylarda insanların kütləvi toplaşması virusun kütləvi yayılmasına səbəb ola bilər. Bu da əlbəttə dövlətimiz və toy edən ailə üçün müəyyən problemlərə səbəb ola bilər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət