Slimfit
  1. MEDİA

Məhərrəm İbrahimovun şəhidlik yolu - baba və nəvənin oxşar həyat hekayəsi

Məhərrəm İbrahimovun şəhidlik yolu - baba və nəvənin oxşar həyat hekayəsi
Sakura

Məhərrəm İbrahimovun şəhidlik yolu - baba və nəvənin oxşar həyat hekayəsi

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür.

“Report” xatırladır ki, bu gün həm də onun adını daşıdığı babasının İkinci Dünya Müharibəsində qəhrəmancasına həlak olmasından 80 il ötür.

Əlbəttə, Məhərrəm İbrahimovun şərəfli, rəşadətli və faciəli ömür yolu özünün adını daşıdığı nəvəsi - şəhid jurnalist adına yazıldı. Hər ikisi 39 yaşında Vətən yolunda haqq dünyasına qovuşdular. Bu, tale acı olsa da, İbrahimovlar ailəsi üçün qürurlu və şərəflidir.

Bu yol bizə Vətəni necə sevməyi, dövlət və dövlətçilik yolunda fəal çalışmağı, vəzifə borcunu ləyaqətlə yerinə yetirməyi, torpaq, Vətən uğrunda necə mübarizə aparmağı və qəhrəmancasına ölməyi öyrədib.

Mayın 9-da II Dünya müharibəsinin başa çatmasının 78-ci ildönümü qeyd olundu. Əlbəttə, vaxtilə bu ailə həmin hadisəni sevincli və müəyyən qədər də kədərli keçirərdi. Sevincli ona görə ki, qələbədə Məhərrəm Vəliyevin də payı var idi. Kədərli ona görə ki, İkinci Dünya Müharibəsində onun “qara kağızı” gəlmişdi.

Məhərrəm Vəliyev 1905-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində (Ermənistan SSR, Krasnoselskiy rayon, Ardanış kəndi) doğulub.

O, cəbhəyə gedərkən böyük qızı Çiçəyin 6 yaşı (1935-ci il təvəllüdlü), böyük oğlu Əlinin 4 yaşı (1937), kiçik oğlu Vəli isə (1941) dünyaya təzəcə göz açıbmış, heç 40 günlüyü çıxmayıbmış. Məhərrəm Vəliyevin həyat yoldaşı Pəri Sadıq qızı Vəliyeva üç azyaşlı övladını çox çətinliklə, sarsılmadan, ac-susuz qoymadan, zəhmətkeşliyi sayəsində böyüdüb. Həyat yoldaşı müharibədə olarkən - 1943-cü ildə qadına “qara kağızı” gəlib.

Həm həyat yoldaşını, həm də 3 övladını itirən hələ sağlığında Pəri Sadıq qızı Vəliyeva 2006-cı ildə 96 yaşında Bakı şəhərində haqq dünyasına qovuşaraq ailəsinin mərd qadın hekayəsinə birdəfəlik son qoyub.

Məhərrəm Vəliyevin “qara kağızı”nı onun ölüm tarixindən 75 il sonra, 2018-ci ildə axtarılır. Sənəd Rusiya Müdafiə Nazirliyinin arxivində tapılıb: “Vəliyev Məhərrəm İbrahim oğlu 1943-cü ildə sentyabrın 2-də Ukraynanın Xarkov şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub”.

Amma kaş bu məlumat onun üç övladı sağ olarkən tapılaydı, onlar sevinərdilər, heç olmasa gedib atalarının qəbrini ziyarət edəydilər. Bu, qismət olmadı və oğulları Əli İbrahimov 2000-ci ildə 63 yaşında, Vəli Vəliyev 1992-ci ildə 51 yaşında, qızı Çiçək Vəliyeva 2005-ci ildə 70 yaşında dünyadan köçdülər.

Məhərrəm İbrahimov adını daşıdığı babası haqqında bu məlumatı eşidəndə çox sevinmişdi və babasının məzarını ziyarət etməyi düşünürdü. Hardan biləydi ki, o da bu taleyi yaşayacaq, Vətən müharibəsinə cəlb olunan, döyüşlərdə iştirak edən, cəbhə xəttinə göndərilən və vəzifə öhdəliklərini yerinə yetirərkən şəhidlik zirvəsində yüksələn gizli qəhrəmanlardan olacaq.

Vətən müharibəsinin başladığı ilk günlərdən düşmənin hələ işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan və bu çətin missiyanı uğurla icra edən jurnalistlər təkcə qələmləri ilə deyil, həm də əllərində silah torpaqlarımızın müdafiəsinə qalxmışdılar.

Məhərrəm də növbəti dəfə xidməti vəzifəsini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuşdu. Təxminən, 10 gün olardı ailəsi ilə vidalaşıb getmişdi. Telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsindən bir neçə dəqiqə əvvəl həyat yoldaşı və bacısı ilə telefonla danışmışdı. Kim bilərdi ki, bu onun son səsi, son danışığı olacaq.

O dəhşətli partlayış 2021-ci il iyunun 4-də səhər saat 11 radələrində baş verdi və xəbər qısa müddətdə dünyaya yayıldı: “AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV telekanalının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək şəhid olublar”.

Bəli, bu da 39 illik ömrün dramatik sonu – özləri tikə-tikə, qələmləri və kameraları çilik-çilik oldu. Ataların dediyi kimi, onlar 40 ildə meydana gələn igidlərdən oldular. Vətən uğrunda qan, dostları uğrunda göz yaşı, ailələri uğrunda tər tökdülər!

Bununla da işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Qubadlı rayonlarını kənd-kənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev lentə alıb erməni quldurlarının törətdiyi vandallığı tarixin yaddaşına çevirənlər faciəli “Həyat hekayə”si ilə yaddaşlarda qaldılar.

Yeriniz cənnət, ruhunuz şad olsun, əziz şəhidlər!

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR