Dərc edildi: Baxış sayı: 1081
Məhəmməd Füzuli - Sübh salıb mah rüxündən niqab
Sübh salıb mah rüxündən niqab,
Çıx ki, təmaşayə çıxa afitab!
Rişteyi-canım yetər et bir gireh,
Salma səri-zülfi-səmənsayə tab.
Məst çıxıb, salma nəzər hər yana,
Görmə rəva kim, ola aləm xərab.
Kəsmə nəzər canibi-üşşaqdən,
Naleyi-dilsuzdan et ictinab.
Şamlər əncüm sayıram sübhədək,
Ey şəbi-hicrin mənə ruzi-hesab.
Duzəxə girməz sitəmindən yanan,
Qabili-cənnət degil əhli-əzab.
Saldı ayaqdan qəmi-aləm məni,
Ver mənə qəm dəf’inə, saqi, şərab!
Rəhm qıl üftadələrin halinə,
Hiç gərəkməzmi sənə bir səvab?
Yar sual etsə ki, halın nədir,
Xəstə Füzuli, nə verərsən cəvab?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət