Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Söhbətül Əsmar (II hissə)

Məhəmməd Füzuli - Söhbətül Əsmar (II hissə)
Sakura

Məhəmməd Füzuli - Söhbətül Əsmar (II hissə)



- Key zar!

Danışma ki, səndə yox məgər ar?

Rəngin saralıbdı büğzü kindən,

Yoxdur xəbərin məgər özündən?!

Min tənə edər sənə xəlayiq,

Onlar ki dedin, sənə nə layiq?

Qarnın dolu kirmü büğzü kinə,

Kirmə bədənin olub xəzinə.
Mədhin özünü məzəmmət eylər,
Vəsfin sənə cümlə lənət eylər.
Ol leyli nəhar edən, günü şəb,
Narınca qılıb məni müləqqəb.

Lütf etdi mənə qəbayi-faxir,

Ol don ilə eylərəm təfaxür.

Yüz şükr edərəm mən ol xudayə,

Yüz fəxr tənimdəki qəbayə.

Bir don mənə lütf eyləyibdir

Kim, qeyriyə dəxi verməyibdir.

Şəklimi dəxi edibdi püstan,

Püstanı sevəllə cümlə mərdan.

Yüz fəxr ilə söylər idi Narınc,

Nagah səsini eşitdi Turunc,

Göftarə gəlib dedi ki:

- Ey dun!

Fəxr etmə qəbayə kim, nədir don?

Gər eşşəyə məhmil etsələr cül,

Ol cüli münəqqəş ola gül-gül,

Eşşəkdə zəval həm kəm olmaz,

Minbəd o eşşək adəm olmaz.

Ol qaziyi-həşrü nəşrü miad,

Turunc mənə qoyubdular ad.

Mən əfşureyi-təami-şahəm,

Yemişlər içində padişəhəm.

Sərdəftəri-meyvəcati-bağəm,

Əsmar içində çün çirağəm,

Hər nə ki, desəm ziyadəyəm mən

Kim, daima səbzü tazəyəm mən.

Bu sözləri Nar edib təfəhhüm,

Ağzın açıb eylədi təbəssüm.

Kim, rənginə fəxr edirdi Narınc.

Həm özünü vəsf edərdi Turunc;

Dedi ki:

- Nədir bu göftgulər,

Bifaidə batil arizulər!

Gər rəng ilə olsa işvəvü naz,

Rəng içrə şükufəm oldu mümtaz.

Var kimsə edərsə sui-təhsin,

Var məndə zülali-turşü şirin.

Kənduzimi mədh etməzəm mən,

Öz halimi şərh etməzəm mən

Kim, meyveyi-rövzeyi-cinanəm,

Namü ləqəb ilə mən Rümanəm.

Dünya səməri mənə nə nisbət,

Kim, məxəzim ola baği-cənnət.

Narincü Turunc çakərimdir,

Heyva ilə Sib nokərimdir,

Hər danəm olubdu ləli-ğəltan,

Hər cövhər ona olubdu heyran.

Nar öz sifətini vəsf etdi,

Bağ içrə səsin Rütəb eşitdi,

Xişm ilə o dəm ayağə durdu,

Qəhr ilə Ənarə nərə urdu:
- Key baği-bəhiştdən uran dəm,
Səndən degiləm o vəsfdə kəm.

Mən qabili-əkli-ənbiyayəm,

İftari-cəmii-ətqiyayəm.

Məşhur əcəmdəvü ərəbdə,

Məruf həm əsldə nəsəbdə.

Məkul tamami-xasü aməm,

Səyyahi-biladi-Misrü Şaməm.

Əzbəs ki, mənəm həbibi-əhbab,

Bu vəch ilə mənə çoxdur əlqab.

Xəstəviyü zahidi, müfəttəl,

Həm əşəmiyü dəxi müfərcəl.

Xoş büqələr içrə hazirəm mən,

Məşhədlərə çün mücavirəm mən.

Sürtəllə məni məzari-yarə,
Töhfə aparırlar hər diyarə.
Vəsfini Rütəb çün etdi itmam,
Yüz xişmlə nərə urdu Badam,
Xurmaya dedi ki:

- Ey cahangərd!

Zəmmində sənin bəsindi bu fərd:

Gəh Bağdadisən, gəh İsfəhani,

Hərcayiliyin tutub cahani.

Vəsf eyləməgində həddən ötdün,

Danışma ki, sən məni əritdin.

Çox dürlücə xasiyyət mənim var,

Şərh etməyə özüm eylərəm ar.
Kim, abi-nəbatü nüqlü həlva
Olur məni-zardən mühəyya.
Püstə ki, eşitdi ağzın açdı,

Badamə bu növ ilən sataşdı:

- Key bağlı dəhani xissətindən,

Puşidə üzü ləamətindən!

Bir zərrə sənin səxavətin yox,

Bihəddü ədəd xəsasətin çox.

Min daş yetişməyincə canə,

Qənnadiyə verməsən ki, danə.

Xəllaqi-cahan zülmətü nur

Püstə mənim adımı qoyubdur.
Qönçə kimi ağzım açmışam mən.
Hər talibə danə saçmışam mən.
Bir yandan eşitdi Xoxü Fıstıq,

Həm Süncüdü Şahpalüdü Fındıq.

İnnab ilə Tut, Alubalu,

İncirü Zöğalü Cövz, Limu,

Hər biri bir afəti-zəmanə,

Hər biri sölərdi bir fəsanə;

Şaftalu deyərdi:

- Padişahəm,

Fıstıq ki:

- Əncüm içrə mahəm,

Həm Cövz deyərdi:
- Xosrovəm mən.
Fındıq deyərdi:
- Sərvərəm mən.
Limu ki:
- Mənəm bu bağə mahmud.
- Şahəm ki, deyərdi Şahpalud.

Həm Cövz deyərdi:

- Pəhlivanəm,

Əncir ki:

- Şöhreyi-cahanəm.

...Həm vəsf edib özün Gilənar,

Tut oldu ki, bağə tuti-göftar,

Qıldı nəzər ol xücəstə sima,

Gördü ki, olub bu bağda qovğa.

Gəlmişdi ki, eyləyə səyahət,

Ləzzət aparıb qıla fərağət.

Gördü ki, bağ içrə yoxdu ləzzət,

Fəsx eylədi, əzmin etdi ricət.

Düşdü yola həm gözətdi xanə,

Nagəh yolu düşdü bustanə.
Bir növ ilə gördü bustani,
Az qaldı ki, tərk edə cahani.
Eylərdi Xiyar şükri-xaliq
Kim:
- Qıldı məni cahanda haziq,

Əklimdə olur məriz dilsərd,

Vəsfimdə mənim bəsimdi bu fərd:

Mən dafei-dərdi-möhriqatəm.

Mərhəmnəhi-sədri-mütbiqatəm.

Gərmək ki, eşitdi bu məqali,

San kim, mütəğəyyir oldu hali,

Üz tutdu Xiyarə:
- Key cəfakar!
Bu vəsf sənə degil səzavar.
Yoxdu ləzətin həmin bir adın,
Camuş ətinə dönübdü dadın,
Ol mədhlərin sənə nə layiq?
Ol vəsflərə mənəm müvafiq.
Mən xəstələrə şəfa verirəm,
Həm qəlblərə səfa verirəm,
Var əmzicə ilə etidalim,
Hər təb ilə mötədildi halim.
Gərmək sölər idi yüz fəsanə,
Bu yandan eşitdi Hindivanə.
Bir nərə çəkib, xüruş qıldı.
Dərya kimi daşdı, cuş qıldı.
Dedi ki:
- Məgər bu xasiyyətlər
Mən möhtərəmə degil müyəssər?
Mən sinələrə şəfa verirəm,
Mən didələrə cila verirəm;
Səfravü hərarətə dəvayəm,
Baş ağrısına əcəb şəfayəm.
Xoş təm ləziz, rəngim əhmər,
Suyum dəxi çün zülali-Kövsər.
Bimarlərə dəva mənəm, mən,
Həm xəstələrə şəfa mənəm, mən.
Övsafın edərdi Hindivanə,
Qavun eşidib çəkib zəbanə,
Vermişdi çü Qarpıza vəzarət,
Həm Gərməyə mənsəbi-vəkalət,
Etmişdi Xiyari çün mülazim,
Şəmmaməni həm özünə xadim.
Bostançıya əmr qıldı Qavun,
Verdirdi cəzasını bularun.
Soydurdu dərisini Xiyarın,
Aldırdı əlindən ixtiyarın.
Həm Gərməyə urdu neçə yarə,
Cismini elətdi parə-parə.
Qarpızı o dəmdə şaqqalatdı,
Şəmmaməni bir kənarə atdı.
Dedi ki:
- Mənəm sizin pənahız,
Bu busitan içrə padişahız!
Şəh məclisinə müsəddərəm mən,
Əsmar içində sərvərəm mən.
Hər kim yesə məni, qılsa rehlət,
Yetər ona rütbeyi-şəhadət.
Ətrim dəxi ətri-mişkə bənzər.
Nə mişk ki, bəlkə ətri-ənbər.
Vermişsə mənə zülali-Kövsər
Saqisi o Kövsərindir Heydər.
Əlqissə ki, bustanda Qavun
Vəsf etdi özünü həddən əfzun.
Qeyz ilə o dəm ayağə durdı,
Öz başını xişm ilə ayırdı.
Bunu görüb ol xücəstə sima.
Bustanə həm etməyib tamaşa,
Bildi ki, bu dövrdə vəfa yox.
Dünyanı sevən çəkər cəfa çox.
Pəs etdi yəqin ol cəfakeş,
Olmaz bu cahanda kimsə dilxoş.
Bildi ki, olub bu deyr fani,
Tərk eylədi ləzzəti-cahani.
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin eylər ona möhtac.
Leylaya verib izari-gülgün,
Qeys onu görəndə ola məcnun.
Həm Yusifə verdi hüsni-ziba.
Oldu ona mübtəla Züleyxa.
Əzrayə veribdi hüsni-bihəd,
Qılmış ona Vamiqi müqəyyəd.
Bu köhnə evin vəfası yoxdur,
Ənduhü qəmü cəfası çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR