Dərc edildi: Baxış sayı: 1236
Məhəmməd Füzuli - Saqiya, cam tut ol aşiqə kim, qayğuludur
Saqiya, cam tut ol aşiqə kim, qayğuludur,
Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.
Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq,
Çox həvəs eyləmə ol şərbətə kim, ağuludur.
Qoyalım başı xümi-badə əyağinə müdam,
Tutmamaq olmaz onun hürmətini, bir uludur.
Bunca kim, kuh sifət başimə daşlar urulur,
Dideyi-bəxtim oyanmaz, nə ağır uyğuludur.
Dili-pürxunimə yağdırma bəla peykanın,
Həzər et şişəyə, nagah zərər eylər, doludur.
Könlümün zəxminə peykanın etdim mərhəm,
Gənci-qəmdir, nola gər böylə dəmir qapuludur.
Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər,
Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət