Dərc edildi: Baxış sayı: 1326
Məhəmməd Füzuli - Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,
Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.
Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq,
Yetən bidərd tədbirilə dərman etdiyimdəndir.
Gözüm kim bağrımın qanın tökər pərkalə-pərkalə,
Dəmadəm arizuyi-ləli-canan etdiyimdəndir.
Deyil bihudə gər yağsa fələkdən başimə daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.
Qaçan rüsva olurdum, qan udub səbr edə bilsəydim,
Məlamət çəkdiyim bihudə əfğan etdiyimdəndir.
Xəta səndən deyil, cismim oxundan binəsib olsa,
Hübabi-əşki-gülgyn içrə pünhan etdiyimdəndir.
Füzuli, ixtilati-mərdümi-aləmdən ikrahim,
Pərivəşlər xəyalın munisi-can etdiyimdəndir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət