Dərc edildi: Baxış sayı: 560
Məhəmməd Füzuli - Ey xədəngi-qəminə sineyi-əhbab hədəf
Ey xədəngi-qəminə sineyi-əhbab hədəf,
Müntəzir xəncəri-müjganinə canlar səf-səf.
Xaki-dərgahinə hər sübh sürər gün üzünü,
Qaliba ondan ona hasil olubdur bu şərəf.
Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinə
Səbəbi-qeyd ola, zənciri-süturi-müshəf.
Saldı dəryayə səba xəncəri-qəmzən vəhmin
Ki, çıxarmayə dəxi gövhəri-nasüftə sədəf.
Ey könül, aləmə aldanma, sənə rəng verir,
Xakdir kim, onu gəh lə’l qılır, gah xəzəf.
Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,
Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf.
Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə,
Cəhl ilə hasili-övqati-şərif etmə tələf.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət