Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Şərq İslam mədəniyyətində Azərbaycanın rolu

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Şərq İslam mədəniyyətində Azərbaycanın rolu
Sakura

Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami/Şərq İslam mədəniyyətində Azərbaycanın rolu

Müəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir. Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır. Türkcədən başqa, əsərlərini yalnız ərəb və fars dilində yazmış olan tanınmış azərbaycanlı şəxsiyyətlərin bir siyahısı yazılarsa, böyük bir cild yaranar. M.Ə.Tərbiyətin “Azərbaycan alimləri”nə ayırmış olduğu çox qısa cild belə 400-dən çox böyük şəxsiyyəti əhatə edir.Təkcə bunu qeyd etmək kifayətdir ki, İslamdan əvvəlki dövrlərə aid məşhurlarla  Qərbin təsiri ilə İslam dünyasında başlayan yeni oyanış dövrünə aid şəxsiyyətlərdən  başqa, yalnız Nizami və müasirləri üzərinə həqiqi təsir göstərən və onlardan təsirlənən dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də əhəmiyyəti baxımından diqqətəlayiq bir yer tuturlar.

Bunlardan bir neçə mühümünü burada qeyd etmək istərdik. Beləliklə, Şərq islam mədəniyyətinin hər dövründə Azərbaycanın tutmuş olduğu yer haqqında ümumi bir təsəvvür yaranar.

Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) anadan olmuş Xətib Təbrizi ərəb ədibləri və dilçiləri arasında çox mühüm bir mövqe sahibidir. Ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır.

Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbül-Həsən Bəhmənyar, “müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir. Hicri VI əsrin münəccimlərindən Fəridəddin Şirvani otuz illik əməyin bəhrəsi olan astronomik təqvimləri ilə məşhurdur. 

VIII əsrdə yaşamış Bakılı Əbdürrəşid ərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır. 

Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayi musiqidəki biliyi, bu sahədə yazmış olduğu əsərləri və etdiyi yeni ixtiraları ilə məşhurdur.

IX əsrin tanınmış təbiblərindən Şükrüllah Şirvani öz ixtisası ilə yanaşı, başqa elmlərə aid əsərləri ilə də məşhurdur. 

Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani də azərbaycanlıdır.

Memarlıq, kaşıkarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda saxlanan yüksək əsərlərinə rast gələ bilərik.

Təbrizdəki Göy məscidin kaşıkarlıq sənəti baxımından qazandığı olduğu şöhrət, uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi yüksək bir sənət abidəsir. Azərbaycan memarlarından S.A.Dadaşov və M.A.Hüseynovun “Bakı akropolu” adlandırdıqları, Şirvanşahlar zamanından qalma, “Şaşal” üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu zövq və sənət əhlini heyran qoymaqdadır.

XIV əsrin şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axırmış. Istər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə tam bir heyrətini bildirir. 

Iran rəssamlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhməd təbrizlidir. Bu şəxs elxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından maraqlanan Əbu Səidin zamanında yetişmiş Əhməd MusaƏmir DövlətyarŞəmsəddinPir Əhməd Baqi-Şimali kimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır.Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur rəssamlıq məktəbinin meydana gəlməsində rolu olmuşdur.

Eyni məktəbin məlum ustadlarından qədim əlyazmalarını nəfis əsərləri ilə bəzəyən miniatürçülərdən Ağa Mirək də təbrizlidir. Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir.Sultan Üveys Cəlayirilə oğlu Sultan Əhməd öz dövrlərinin görkəmli rəssamlarından olmuşlar.  Əbdülbəy Təbrizi rəssam Sultan Üveysin tələbəsi və onun oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə köçürülmüşdür. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar (Kəmali) və Mirzə Əlinin adları da tanınır. Elxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir. 

Başda Seyrəfi olmaqla, Şərqin bir çox tanınmış xəttatları da Azərbaycandan çıxmışlar. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əli ilə yazılmış fərman və münşəat Misirdə dövlət muzeyində mühafizə olunur. Yenə onlardan Baysunqurun kitabxanasının müdiri olmuş Cəfər Təbrizinin yazıları Heratın tarixi abidələrini bəzədiyi kimi Hindistanda da tanınmışdır. Nizami “Xəmsə”sinin 1431-ci ilə aid qədim əlyazmalarından Leninqradda Ermitaj muzeyində nəfis nüsxə də bu Cəfərin qələmindən çıxmışdır. 

Baburilərdən Hindistan imperatoru böyük Əkbərin Aqradakı memarlıq abidələrini bəzəmiş rəssamlar arasında da təbrizlilər vardır. 

Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda tikilmiş memarlıq abidələrində də Azərbaycanlı türk sənətkarlarının əsərlərini tapmaq mümkündür. Məsələn, Bursadakı məşhur Yaşıl Camenin kaşılarının çox mühüm bir qismini təbrizli ustalar düzəltmişlər. 

Mücərrəd elmlərlə maddi sənətlər sahəsindən başqa, azərbaycanlıların təsəvvüf, fəlsəfə və ümumiyyətlə, ictimai fikirdə Şərq islam mədəniyyətinə son dərəcə mühüm faydası olmuşdur.

Sufizmin, şəxsiyyəti mübhəmliklər və mistik əfsanələrlə əhatə olunmuş piri və Cəlaləddin Ruminin ilham qaynağı olmuş Şəms, təbrizlidir.  Eyni məktəbin klassik sirlərini izah edən məşhur “Gülşəni-raz” müəllifi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur. Yenə sufilərin tanınmış şəxsiyyətlərindən hürufi təriqətinin məşhur banisi Şah Fəzlullah Nəimi də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada dəfn edilmişdir.

Iranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən iqtibas etmişdir.

Eyni zamanda, şeyx Sədi dövrünün tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən  də faydalanmışdır.

Səlcuqilər və onlardan sonra elxanilər zamanında Azərbaycanın müxtəlif şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. Elxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa sahələrdə beynəlxalq bir əhəmiyyətə malik olduğu, prof. Z.V.Toqanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur. Ədəbiyyat sahəsinə gəldikdə isə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir. Azəri türklərinin klassik türk ədəbiyyatına NəsimiHəbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur.Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da mühüm bir dərəcədədir. Başda Nizami Gəncəvi olmaq üzrə, İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur adlar vermişdir. Bunlardan Xaqani ŞirvaniFələki ŞirvaniMücir BeyləqaniƏbül-üla Gəncəvi və başqalarını qeyd edə bilərik.

Bunlar XII əsrin şairləridir. Onlardan əvvəl XI əsrdə də şair və filosof Qətran Təbrizi vardır ki, o zamandakı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir. Bu dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar. Fəqət yalnız bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da, Əhməd ibn Məhəmməd Təbrizi (XIV əsr) , Qasım Ənvar (XV əsr), Sadıq Əfşar (XVI əsr)  və Saib Təbrizi (XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer tutan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olması ilə xüsusən fəxr edən Saib fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır. Müasir İran ədəbiyyatında da əslən azərbaycanlı olan ədiblərin rolu mühümdür. Bunlardan “Kitabi-Əhməd” müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy” müəllifi Hacı Zeynalabdin Marağayi və “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahir kimi simaları qeyd edə bilərik.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR