Dərc edildi: Baxış sayı: 547
Məhəmməd bəy Aşiq - İstər
Mənim divanəvəş könlüm,
Bir zülfi-piçü tab istər.
Öz əlilə aça hər şəb,
Ay üzündən niqab istər.
Səfhəsi abü tabından,
Ayəyi-xətt hеsabından,
Məshəfi-hüsnü babından,
Hər sənəm bir kitab istər.
Hər gündə göydən Məsiha,
Gəlir dərgahına imda,
Möcüzi-ləbindən guya,
Sual еylər, cavab istər.
Könüllər hayü huyundan,
Dil üzməm tari-muyundan,
Hər səhər mahi-ruyindan,
Pərtövin afitab istər.
Aşiqi məstdir gözündən,
Xəbəri yox öz-özündən,
Baxdıqca doymaz üzündən,
Zülfüni bihеsab istər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət