Slimfit
  1. BİOQRAFİYA

Məhəmməd Ağaoğlu

Məhəmməd Ağaoğlu
Sakura

Məhəmməd Ağaoğlu - sənətşünas, ədəbiyyatşünas, tənqidçi

Məhəmməd Ağaoğlu - sənətşünas, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1916), 1926-cı ildən fəlsəfə elmləri doktoru (1926).

Məhəmməd Ağaoğlu 1896-cı il avqustun 24-də İrəvan quberniyasının İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmişdir. Həmin il Moskva unuversitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.

Burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa coşğun meyl oyatmışdır. 1916-1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahəti faydalı olmuşdur.

Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışmışdır: İstiqlal muzeyi, "Qədim abidələrin müdafiəsi Cəmiyyəti" onun təşəbbüsü və köməyi ilə yaradılmışdır.

1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. İstanbul muzeylərinin direktoru Xəlil Ədhəmin məsləhət və köməyi ilə 1923-1927-ci illərdə şərqşünas alimlərin kurslarında şərq dilləri və mədəniyyəti sayəsində biliyini təkmilləşdirmiş, yüksək ixtisas qazanmışdır. Həmçinin elmi tədqiqatına görə 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

1927-1928-ci illərdə İstanbulda Milli muzeyin "çinli köşk" islam incəsənəti bölməsinə müdirlik etmiş, eyni zamanda İstanbul Universitetinin incəsənət kafedrasında professor asistenti vəzifəsində çalışmışdır. Elə həmin ildə "Türk və İslam əsərləri" muzeyinin əvəzedici direktoru vəzifəsinə təyin edilmişdir. Amerikaya dəvət olunmuş, burada Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil etmiş, müsəlman şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət böyük sərgi açmış, çoxlu kolleksiya toplamışdır. Onun sayəsində Detroyt "İslam incəsənəti qalereyası" zənginliyi ilə seçilmişdir.

Miçiqan Universitetində (ABŞ) müəllim, professor olmuş, Şərq xalqlarının incəsənəti tarixindən oxuduğu mühazirələri maraqla qarşılanmışdır.

1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaratmışdır. 1934-cü ildə Firdovsinin anadan olmasının min illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini təmsil etmişdir.

Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət etmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırmışdır. "Ars islamika" ("İslam incəsənəti") adlı jurnalın naşiri və redaktoru olmuşdur.

Onun "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabları, eləcə Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır.

Bu məqalələrdən İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında saxlanan bəzi naməlum əlyazmaları və bir neçə illüstrasiyalı əlyazmaları haqqında ilkin qeydlər, "Frir incəsənət qalereyasında saxlanan "Xosrov və Şirin" əlyazması" orta əsr Azərbaycan incəsənətindən bəhs edir.

1949-cu ildə Amerikanın Detroyt şəhərində vəfat etmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR