Məcburi köçkünlərlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə tədbirlər həyata keçirməyə davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün komitə sədri Suraxanı rayonunun müxtəlif ərazilərində yerləşən 3 qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məskunlaşma vəziyyəti və yaşayış şəraiti ilə tanış olub.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun da iştirak etdiyi görüşdə bildirilib ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Onların sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı ilə bağlı tədbirlər həyata keçirilir. Qeyd edilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva paytaxtda ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün ailələrinin yeni binalara köçürülməsi barədə tapşırıq verib və bu tapşırığın icrası istiqamətində məqsədyönlü iş aparılır.
Dövlət komitəsinin sədri Suraxanı rayonununda qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib, suallar cavablandırılıb.
Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Qeyd edilib ki, digər şəhər və rayonlarda da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət