Məcburi köçkün: Bayramı sevinclə, yüksək əhval-ruhiyyə ilə qeyd edirik
Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış 1170 ailəlik yaşayış kompleksində də bayram əhval-ruhiyyəsi hökm sürür. 2017-ci ildə inşa edilən və hər biri dördmərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyasından ibarət yaşayış kompleksinə məcburi köçkünlər ötən ilin fevral ayından başlayaraq köçürülüb. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlıdır. Bütün infrastruktura malik kompleksdə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait var. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri yaşayış kompleksinə gedərək məcburi köçkünlərlə həmsöhbət olub, onların bayram ovqatı ilə maraqlanıb.
Əzizovlar ailəsi üçün builki bayram xüsusilə əlamətdardır. Çünki Yeni ili yeni, hər cür şəraiti olan mənzillərində istədikləri kimi qeyd edirlər. Umudlu kəndindən məcburi köçkün olan ailənin başçısı Təbib Əzizov deyib ki, 1992-ci ildə kəndləri işğal olunandan sonra Tərtərdə inzibati binada çətin şəraitdə yaşayıblar. 2018-ci ildə isə inşa edilən yaşayış kompleksində mənzillə təmin olunublar. "İndi bizim də yaraşıqlı, hər cür şəraiti olan dördotaqlı evimiz var. Əvvəlki illərlə müqayisədə həyat şəraitimiz çox yaxşıdır. Bayramı sevinclə, yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Ürəyimizdə olan yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır. Əminəm ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə biz bu arzumuza da çatacağıq", - deyə T.Əzizov bildirib.
Ailədə hər kəsin çöhrəsində sevinc hissi duyulurdu. Uşaqlar Yeni il yolkasının ətrafında oynayır, ailənin gəlini Məhluqə xanım isə hazırladığı müxtəlif təamları bayram süfrəsinə düzürdü. O, ürək sözlərini belə ifadə etdi: "Ailəmiz çox xoşbəxtdir. Bu cür təmirli mənzildə bayramı qeyd etmək çox xoşdur. Şəraitimiz olduqca yaxşıdır. Mənzilimizdə qaz, su, elektrik, istilik təminatı daimidir. Bayram üçün istədiyimiz xörəkləri, şirniyyatları bişirmişəm. Bayramı ürək açıqlığı ilə qeyd edirik. Bu sevinci bizə bəxş etdiyi üçün Prezidentimizə minnətdarıq. 2019-cu ilin xalqımız üçün uğurlu olmasını, işğal altındakı bütün torpaqlarımızın azad edilməsini arzu edirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət