Slimfit
  1. CƏMİYYƏT

Maşını qazla işləyən sürücülərin Nəzərinə

Maşını qazla işləyən sürücülərin Nəzərinə
Sakura

Maşını qazla işləyən sürücülərin Nəzərinə

Son aylarda Azərbaycanda periodik olaraq maye qazın satışında qıtlıq yaranıb. Bir neçə ay əvvəl gündəmə gələn, işıqlandırdığımız məsələ bu gün yenidən aktuallaşıb.

Fins.az-ın məlumatına görə, bir neçə sürücü növbəti dəfə Qafqazinfo-ya müraciət edərək bildirib ki, oktyabrın 5-dən bəri paytaxtda maye qaz tapılmır. Şikayətçi Rufin Quliyev deyir ki, son 5 ayda maye qaz sürücülərə limitlə satılıb: “İndi SOCAR-ın da, Azpetrolun da yanacaqdoldurma məntəqələrində maye qaz yoxdur. Son günlər saatlarla növbədə dayanıb sonra alırdıq, artıq o da yoxdur. Mənim maşınım Koreya istehsalı olan “Hyundai Sonata”dır, zavoddan maye qazla təchiz edilərək istehsal olunub. Ona benzin vura bilmirəm, 3 gündür maşını evdə saxlayıb özüm taksi ilə gəzirəm. Biz fikirləşirdik yəqin LPG-nin, yəni maye qazın qiyməti qalxacaq deyə qıtlıq yaranıb. Amma qiymət də qalxmır, bir nəfər də çıxıb konkret bir söz demir ki, işimizi bilək. Əgər bundan sonra LPG ümumiyyətlə olmayacaqsa, bunu da desinlər bilək. Maşını CNG ilə işləməsi üçün düzəltdirmək isə 1500 manata başa gəlir”.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sənayenin inkişafı nəticəsində LPG-yə artan tələbata görə qıtlıq yaranıb: “Alternativ enerji olan sıxlaşdırılmış qaz, yəni CNG-nin istehlakının artması nəticəsində bazarda LPG-yə olan tələbat azalarsa, yəni, bu gün benzin və LPG ilə işləyənlərin bir qismi CNG-ə keçərsə, problem öz həllini tapar. Biz artıq bu istiqamətdə böyük bir layihə başlatmışıq. Ölkə üzrə bir çox yanacaqdoldurma məntəqələrində CNG təklif olunacaq. Misal üçün, şərti olaraq bu gün 100 maşın LPG-dən istifadə edir, hazırda 80-i üçün bazarda yanacaq var. Buna görə 100 maşından 40-ı CNG-ə keçərsə, onda yerdə qalan 60 maşın üçün tələbat tam ödənəcək. Əsas hədəf budur ki, LPG-ni tam bazardan çıxarmaq yox, azaltmaq lazımdır”. İ.Əhmədov bu qıtlığa tələbatın artması, yoxsa istehsalın azalmasının səbəb olması haqda sualı belə cavablandırıb: “Son dönəmdə heç bir şəkildə istehsalın azalması baş verməyib, tələbat artıb.

Xüsusilə də emal sənayesində LPG-yə tələbat çoxalıb. Qeyri-neft sektoru, kimya sənayesi inkişaf edir, bu sektora xammal təchizatı da neft sektorundan gəlir. Sənayedə tələbat artdıqca pərakəndə satışa bir az LPG çatır”. SOCAR təmsilçisi çıxış yolu kimi sürücülərin CNG-yə üstünlük verməsini göstərib: “Ölkəni yanacaqla təkcə SOCAR təchiz etmir. Təchizatçı şirkətlər LPG-ni SOCAR-dan almağa məcbur deyillər, xaricdən idxal da edə bilərlər. Bizim irəli sürdüyümüz təşəbbüs budur ki, LPG-yə olan tələbatdan təzyiqi götürək, təklif olunan alternativ CNG daha keyfiyyətlidir, sadəcə quraşdırılma üçün sərmayə tələb edir”. İbrahim Əhmədov bildirib ki, Neft Emalı Zavodu istehsalı artırmağı planlaşdırır: “Zavod il ərzində 6 milyon ton neft emal etmək gücündədir. Hədəf budur ki, istehsalı 7,5 milyon tona qaldıraq. Bu, bir neçə ilə reallaşacaq, amma kimya sənayesində də LPG-yə tələbat artırmaqdadır. Ona görə maye qaz qıtlığının həlli üçün əsas hədəf bu olmalıdır ki, alternativ enerjidən istifadəyə üstünlük verilsin. Bizim bu işdə üstünlüyümüz budur ki, zəngin qaz yataqlarımız var və qazın istehsalını artırmaq imkanlarımı çoxdur. CNG daxili istehsaldır və onun sıxlaşdırılması üçün xüsusi zavoda ehtiyac yoxdur. CNG-nin istehsalı LPG qədər mürəkkəb deyil. Buna görə də CNG-nin tələbatında heç vaxt qıtlıq yarana bilməz. Bu problemin həlli üçün uzun müddətli perspektivdə CNG-yə keçmək əsas hədəfdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR