Slimfit
  1. AZƏRBAYCAN

Masanızın üzərində övladlarınızın fotosu varmı?

Masanızın üzərində övladlarınızın fotosu varmı?
Sakura

Masanızın üzərində övladlarınızın fotosu varmı?

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin ötən gün andiçmə mərasimi keçirildi. Gənc prezident mərasimdə tarixə düşə biləcək çıxış etdi. O, siyasi terminlərdən uzaq, pafosa yer vermədən və sadə dildə ölkəsini necə görmək istədiyini dilə gətirdi. Vətəndaşların əziyyət çəkdiyi korrupsiyanın aradan qaldırılması üçün ilk mesajlarını verdi. 

Onun çıxışı zamanı ən diqqət çəkən məqam isə məmurların prezidentin portretini başlarının üstündən asmaması ilə bağlı tapşırığı oldu. Və bunu da hamının başa düşəcəyi dildə izah etdi: “Çox istərdim ki, kabinetlərinizdə mənim şəkillərim olmasın. Zəhmət olmasa, olmasın. Çünki prezident ikona və ya idol deyil. Prezident portret deyil. Masanızın üzərinə öz uşaqlarınızın şəkillərini qoyun və hər bir qərardan əvvəl onların gözlərinə baxın”.

Zelenskinin bu ifadəsi sosial şəbəkələrin Azərbaycan istifadəçiləri tərəfindən ən çox müzakirə edilən, paylaşılan oldu. Çünki onillərdir ki, Ukrayna kimi Azərbaycan cəmiyyəti da korrupsiyadan əziyyət çəkir. Necə ki, Ukraynada məmurlar başlarının üzərinə prezidentin portretini asaraq vətəndaşa xidmət etmək əvəzinə rüşvətxorluqla məşğuldurlar, bu Azərbaycan əhalisinə də tanışdır. Hətta Ukraynada belə məmurların zibil yeşiyinə atılması taktikası da problemi tam həll edib normal, qanunlarla idarə olunan bir sistemin yaranması ilə nəticələnmədi. 

Zelenskinin həmin ifadələri dilə gətirdiyi gün Azərbaycanda baş verən iki hadisəyə diqqət çəkmək istəyirik. 

Uzun illər Türkiyədə yaşayan Azərbaycan vətəndaşı ev əşyalarını yığıb ölkəmizə qayıtmaq istəyir. Amma “Qırmızı Körpü” gömrüyündə onların bu əşyalar üçün pul verməsini tələb ediblər. Satış məqsədi ilə gətirilməyən ev əşyalarına gömrük rüsumu adı ilə rüşvət tələb etmək bəlkə də heç kimin ağlına gəlməzdi. Və vətəndaşın əmlakı əlindən alınaraq anbara qoyulub.

Bu haqda DGK açıqlama yayaraq bəlkə də tarixində ilk dəfə olaraq qurumu ittiham edən vətəndaşın haqlı olduğunu qeyd etmək məcburiyyətində qalıb. Həmçinin, həmin Gömrük Keçid Məntəqəsinin rəisinin vəzifəsən azad olunduğunu qeyd edib. Açıqlamada qeyd edilib ki, ““Qırmız Körpü” gömrük postunun rəisi işləyən şəxs” vəzifəsindən azad olunub. Nədənsə, komitə “həmin şəxs”in adını açıqlamır. Və nədənsə ən xırda olayla bağlı cinayət işinin açılmasına nail olan Komitə korrupsiyada ittiham olunan və özünün də etiraf etdiyi rəis haqda tədbir görməkdə “aciz qalır”. “Ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar” nə deməkdir? Cəza nədən ibarətdir?

Sonradan məlum olur ki, Komitənin cidd-cəhdlə adını gizləməyə çalışdığı rüşvət tələb edən rəis və ya “rəis işləyən şəxs” Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi oğlu imiş. 

Mediada və sosial şəbəkələrdə hər gün Azərbaycanın giriş qapılarında baş verən əsassız pul tələb olunmaları ilə bağlı saysız hesabsız xəbərlərə rast gəlmək mümkündür. Bunu hər kəs öz həyatında və cibində hiss edir. Idxal olunan məhsulların – qidadan tutmuş avtomobillərə qədər günü – gündən qiymətinin artmasının səbəbinin məhz bu amilllərlə bağlı olduğunu təkrar edib arqumentləşdirməyə ehtiyac yoxdur.

Zelenskinin andiçmə günü Azərbaycanda olay yaradan digər xəbər isə haqqında korrupsiya ilə məşğul olduğu üçün prokurorluq tərəfindən araşdırılma aparılan şəxsin daha yüksək vəzifəyə təyinatı oldu. Qısa olaraq xatırladaq ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun əmri ilə Məmmədov Maarif Mikayıl oğlu Mingəçevir Sukanal İdarəsinə rəis təyin edilib. M. Məmmədov haqqında isə haqırda Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır. O, adıçəkilən idarədə rəis müavini işlədiyi vaxt “Zərif” Şadlıq Evinin Nəriman adlı sahibindən rüşvət tələb etməkdə ittiham olunur. 

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı səsləndirilən fikirlər artıq öz layiq olduğu səviyyədədir, yəni lətifə kimi qəbul olunur. Milyonlarla dövlət vəsaitini mənimsəyən yüksək vəzifəli şəxslərə 10 il həbs cəzası verilib 3 ilə azad edildiyi də gizli deyil. Qonşu Gürcüstanda rüşvətxorluğun aradan qaldırılmasından heç bir dərs götürə bilmədik. İndi proses Ukraynada başlayır. Nəticəsinin necə olacağı bəlli deyil. Hər halda ümidlər var...

Amma cəhd etmək lazımdır. Bir az ciddi cəhd, bir az sərt... 

Xalqa layiqli xidmət etməyin yerini heç nə verə bilməz. Bunu anlayan varmı? Başının üzərinə ölkə prezidentinin portretini asıb rüşvətlə məşğul olan məmurlar bu əməllərinin sonsuz olmayacağının fərqindədirlərmi? Minlərlə insanların girdikləri haqlarının bir gün dövlətin olmasa, belə Allahın cəzası olaraq qarşılarına dikiləcəyini düşünürlərmi? Onların masalarının üzərində öz övladlarının fotosu varmı? Varsa, onların gözlərinə baxırlarmı? Və baxırlarsa, nə düşünürlər?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR