Marsda “suvuran” qüllələr aşkar edilib
Beynəlxalq tədqiqatçılar qrupu marsoxodların və orbital kosmik aparatların məlumatlarını təhlil edərək Marsda günəş şüalarının təsiri altında isinən və Qırmızı planetin səthindən su buxarını çıxararaq qaldıran toz qüllələri aşkar edib.
AZƏRTAC ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Geophysical Research” nəşrində dərc olunub. Mühüm kəşf “Opportunity” marsoxodu və “Mars Reconnaissance Orbiter” orbital aparatının çoxsaylı məlumatları sayəsində edilib. Məlum olduğu kimi, 2018-ci ildə “Opportunity” marsoxodu qlobal toz fırtınasına məruz qalıb. Lakin bu əsnada missiya çox qiymətli məlumatlar əldə edə bilib. Alimlər toz qüllələri adlanan toz buludlarını üzə çıxarıblar. Onların Marsın səthindən çox hündürə qalxdıqları və tərkibində su buxarı olduğu məlum olub. Belə ki, su buxarı sürətlə kosmosa atılır və günəş radiasiyası onu molekullara parçalayır. Bu kəşf milyardlarla il bundan əvvəl Marsda suyun necə yoxa çıxdığını izah etməyə imkan verə bilər. Tədqiqatçıların sözlərinə görə, toz qüllələri massiv və köpüklənən buludlardır və Marsın nazik atmosferində olan adi tozdan fərqlənir. Ehtimal olunur ki, onlar qlobal fırtınalar vaxtı meydana gəlirlər.
Marsın səthindəki bu qüllələr sürətlə göyə qalxan toz kimi görünürlər. Qüllə 80 kilometr yüksəkliyə çatdıqda, onun eni də son həddə qədər genişlənir. Toz qülləsinin dağılması zamanı isə 56 kilometr yüksəklikdə ABŞ-ın kontinental hissəsi boyda təbəqə yaranır. Alimlər hesab edirlər ki, toz qüllələri bütün Mars ili boyu meydana gəlir. Lakin fırtına zamanı bu sikl dəyişir. “Opportunity” marsoxodunun məlumatları göstərib ki, qlobal fırtına baş verdikdə toz qüllələri bir neçə həftə ərzində daimi olaraq təzələnir. Bu qüllələrin aktivliyi də alimləri təəccübləndirib. “Kosmik liftlərin” hərəkət sürəti çox yüksəkdir. İsinən toz qazları və su buxarını daşıyan axınlar meydana gətirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət