“Mançester Yunayted” futbolçu Mata ilə müqavilənin müddətini artırıb
İngiltərənin “Mançester Yunayted” futbol klubu ispaniyalı yarımmüdafiəçisi Xuan Mata ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı oyunçu ilə yeni razılaşma 2021-ci ilin iyununadək qüvvədə olacaq.
Xuan Mata deyib: “Bu heyrətamiz klubun və qeyri-adi fanatlarımızın təmsilçisi olmağı davam etdirmək mənim üçün böyük şərəfdir. Mən “Mançester Yunayted”də beş il oldum və “Old Trafford”u (“Mançester Yunayted”in ev stadionu) öz evim adlandırmaqdan qürur duyuram”.
Xuan Mata 2014-cü ildən “Mançester Yunayted”in heyətindədir. Daha əvvəl o, İspaniyanın “Valensiya” və İngiltərənin “Çelsi” komandalarında çalışıb. Mata İspaniya Kubokunun qalibi, İngiltərə Kubokunun ikiqat qalibidir. Həmçinin İngiltərə Superkubokuna və İngiltərə Liqası Kubokuna sahib olub. Çempionlar Liqasının qalibi, Avropa Liqasının ikiqat qalibidir. İspaniya yığmasının heyətində 2010-cu ilin dünya çempionu və 2012-ci ilin Avropa çempionu adını qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət