Slimfit
  1. İDMAN

Maksim Medvedev: '6 ay da hazırlaşsaq, deyə bilmərik ki, onları udacağıq'

Maksim Medvedev: '6 ay da hazırlaşsaq, deyə bilmərik ki, onları udacağıq'
Sakura

Maksim Medvedev: '6 ay da hazırlaşsaq, deyə bilmərik ki, onları udacağıq'

Azərbaycan millisinin kapitanı Maksim Medvedevin səfərdə Uels yığması ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl "Report"a müsahibəsi...

- Komandada vəziyyət necədir: Heyətdə özünəinam varmı?

- İlk oyunlardakı məğlubiyyətlər komandaya çox pis təsir edib. Desək ki, əhvalımız yüksək səviyyədədir - doğru olmaz. Nəticə yaxşı olmayanda, bu, hər bir futbolçuya istər-istəməz təsir edir. Futbolçu hər zaman qələbənin olmasını istəyir. Biz də dərk edirik ki, zəif yığmalara qarşı oynamırıq. Rəqiblərimiz Malta səviyyəsində deyil. Səviyyəli komandalarla görüşdüyümüzü anlayırıq. Bəziləri elə düşünür ki, rəqibin fərqi yoxdur və udmaq şansı böyükdür. Amma bu, əslində belə deyil. Ola bilər, kimsə desin ki, Uels dünya reytinqində elə də yüksəkdə deyil, onlarla oyunumuz rahat olacaq. Amma rəqib oyunçuların harada oynadıqlarını futbol aləmi yaxşı başa düşür. "Real Madrid", "Mançester Yunayted" kimi klublarda çıxış edən futbolçuları var. Desək ki, Uelsi məğlub etməyə gəlmişik, bu, real olmayacaq. Amma biz həmişə sensasiyaya imza atan komanda olmuşuq.

- Uelsdə də sensasiya ola bilər?

- Sensasiya hər bir oyunda ola bilər. Az qalmışdı ki, Xorvatiyadakı oyunda sensasiya olsun. Heç kim gözləmirdi ki, ilk qolu Azərbaycan millisi vuracaq, üstəlik, bir qol şansını qaçıracaq. Futbol belədir: böyük komandalar kiçik kollektivlərə yuxarıdan aşağı baxırlar və tam hazırlaşa bilmirlər. Biz bura ən yaxşı oyunlarımızdan birini keçirməyə gəlmişik. Çalışacağıq ki, sürpriz edək.

- Rəqibin heyətində Co Allen, Qaret Beyl kimi tanınmış oyunçular var. Belə futbolçulara qarşı oynayacağınıza görə həyəcan var?

- Kim deyir ki, oyunqabağı həyəcan olmur, yanılır. Hansı komandaya qarşı oynayırsan-oyna, həyəcan həmişə var. Zəif komanda ilə görüşəndə fikirləşirsən ki, mütləq udmaq lazımdır. Çünki qalib gələ bilməsən, hamı sənin barəndə pis danışacaq. Ona görə bu həyəcanı yaşayırıq. Böyük komandalara qarşı oyunda isə qarşında rəqibin zəif oyunçu olmadığını dərk edir, dünya ulduzuna qarşı oyunda hər şeyi etməyə çalışırsan. Rəqibin heyətində Qaret Beyl kimi futbolçu varsa, bizdə gənc oyunçu həyəcan keçirə bilər. Nə qədər desək ki, narahat olma, yenə də futbol elədir ki, gəncdən təcrübəliyə kimi həyəcan keçirməyəcəyini deyə bilməz. Gənc oyunçularımızı düzgün hazırlamaq lazımdır. İtiriləsi bir şey yoxdur. Uşaqlara onu başa salmaq lazımdır ki, rahatca çıxın, oynayın, qaçın, vuruşun. Ola bilər ki, Uels futbol sarıdan bir çox komponentlərdə bizdən üstündür. Özümüz də bunu bilirik. Ola bilər ki, Uelsin günü olmasın, qapıçımız yaxşı "seyv"lər etsin, əks-hücumlara yaxşı çıxaq. Biz buna ümid edirik.

- Düşünmürsünüz ki, yığmada oyunöncəsi əsas problem müdafiənin mərkəzidir?

- Bu sual məndə Rəşad Sadıqovun gedişindən sonra yaranıb. Həmişə beynimdə bu məsələni düşünürdüm. Əsas ümid etdiyimiz müdafiəçi Bədavi Hüseynovdur, o da zədəyə meyllidir. Adicə mikrozədə üzündən 2 aydır futbol oynamır. Bu, bizim üçün böyük itkidir. Rahil Məmmədova böyük ümidimiz var. "Qarabağ" ona şans verib, özünü yaxşı tərəfdən göstərib və əsas heyətdə yerini alıb. Daim də öz üzərində işləyir. İnanıram ki, gələcəyi parlaq olacaq. Amma məşqdə Rahili də itirdik. Əlimizdə olan mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə və Anton Krivotsyukdur. Bəhlul tam yetişən futbolçu deyil, nə klub, nə də milli sarıdan beynəlxalq təcrübəsi yoxdur. Deyə bilərik ki, onun təcrübəsi çatmayacaq. Antonun Avropa təcrübəsi var, amma o da daha çox sola meyllidir. Hətta "Neftçi"də də onu sol cinah müdafiəçisi kimi oynadırlar. Bəhlul və Antona müdafiənin mərkəzini etibar etsək, oyunda hər hansı səhv olacağı təqdirdə, hamı onların üstünə düşəcək. Mustafazadə və Krivotsyukun bu psixoloji stresə dözümlüyü olacaq, ya yox, bilinmir. Müdafiənin mərkəzində problemlər var. Çünki futbolçu yoxdur. "Qarabağ" da həmin problemlərlə rastlaşır. Mənimlə 37 yaşlı Rəşad Sadıqov oynayırdı. Pis çıxmasın, ikimiz də iynə vurub oyuna çıxmışdıq. Klubda bu cür problemlərlə rastlaşırıq, həmin vəziyyət indi də millidədir. Bu mövzuda baş məşqçi ilə də danışmışıq. O da, mən də eyni fikrə gəlirik ki, Rahil Məmmədovu çıxmaq şərtilə, mərkəz müdafiəçimiz yoxdur. Əslində çox mövqedə belə problemlərimiz var. Düzdür, futbolçular Azərbaycan çempionatında oynayırlar: hardasa qaçmaya, hardasa çatdırmaya bilərsən. Lakin böyük komandalara qarşı oynayanda və bu cür şeylər edəndə rəqib səhvlərdən yararlanır.

- Toplanış üçün çox az zamanınız oldu. Premyer Liqanın son turu təxirə salınsaydı, daha çox birgə olmaq və toplanış keçmək imkanınız yaranmazdı?

- Heç bir ölkədə belə bir şey yoxdur ki, sonuncu turu təxirə salaq və gedək milli komandada oynayaq. Milli elədir ki, taktiki çalışmaları keçirlər. Baş məşqçi tapşırıqları verir və futbolçular da bunu yerinə yetirməyə çalışır. Biz desək ki, Uelslə oyuna hazırlaşmağa az vaxtımız var idi, bu, tam yanlış olar. Sonuncu hazırlıq prosesini götürək: Komanda 24 gün toplanış keçdi, amma nəticə istədiyimiz kimi olmadı, 1:3 və 1:5 hesabı ilə uduzduq. Heç kim istəməz ki, belə olsun. Ailədən uzaq olmuşuq, işləmişik ki, hər şey yaxşı olsun. Amma Slovakiya və Macarıstan millilərinin oyunçuları təcrübə və futbol anlayışı baxımından bizdən irəlidədirlər. Biz 6 ay da hazırlaşsaq, deyə bilmərik ki, onları udacağıq. Reallıq var da. Müsahibəmi oxuduqdan sonra bəlkə kimsə deyəcək ki, buna bax, belə danışır, indidən təslim olur. Xeyr, bu, belə deyil. Ola bilər ki, aramızda çox optimist var, "udacağıq, hər şey yaxşı olacaq" deyir. Amma mən realistəm və vəziyyətin necə olduğuna baxıram. Əlbəttə, Uelsə qarşı hamımız çalışacaq, mübarizə aparacağıq. Bəxt də bizim tərəfdə olsa, ola bilər ki, sürpriz baş versin. Hansısa epizodda qol vursaq, bizə enerji, motivasiya gələcək. Baş məşqçimizin dediyi kimi, kompakt oynayıb, rəqibə istədiyi oyunu verməməliyik.

- Xorvatiya ilə oyunda milliyə ümidlər artmışdısa, evdə Slovakiya və Macarıstana uduzduqdan sonra azarkeşlər küsüb. Onları tribunalara qaytarmaq mümkün olacaq?

- Millidə oyunçularımızın sayı az deyil. Bu gün başqa oyunçunu əvəzləyəcək futbolçular var. Biz özümüz də istəyirik ki, nəticələr yaxşı olsun, ev oyunlarında tribunalar dolsun. Azarkeş nə qədər çox gələrsə, bizim üçün də yaxşıdır. Özünüz də görürsünüz: Bakı Olimpiya Stadionunda deyil, "Bakcell Arena"da oynayırıq. “Bakcell Arena” kompaktdır, bizə azarkeşin dəstəyini hiss etdirir. Ancaq reallıqdan uzaq olmaq istəmirəm. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Sonda necə olacaq, bunu 90 dəqiqənin yekununda biləcəyik. İnanıram ki, azarkeşlər, futboldan başı çıxanlar, Uels, Xorvatiya, Slovakiyanın səviyyəsi bilir.

- Seçmə mərhələni xalsız başa vurma təhlükəsini hiss edirsiniz?

- Əlbəttə, biz bunu qəti istəmirik. Amma futbol sürprizlərlə doludur. Bir dəfə Xorvatiya ilə heç-heçə oynamışıq. Vaxtilə Şimali İrlandiyanı evdə məğlub etmişik, Rusiya, Belçika kimi komandalara qarşı yaxşı çıxış etmişik. Yəni, bu potensial var. Amma həmin potensial nə zaman üzə çıxacaq, hansı oyunda “partlayacaq”, bu, bir az sual altındadır. Yəni, oyunçularımız var, sadəcə, problemlərimiz də çoxdur. Çalışacağıq ki, bunu aradan qaldıraq. Ağır qrupdayıq. Bura Millətlər Liqasının qrupları deyil ki, "Dişimizə uyğun rəqiblər var" deyək. Litva və ya Latviya kimi komandalar yoxdur ki, mübarizə aparıb xal götürəcəyimizi söyləyək. Qrupumuzdakı rəqiblər bizdən ikiqat güclüdürlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR