Maaş və pensiyalar yenidən artacaq? - Nazirlikdən CAVAB + VİDEO
Azərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Sosial mediada gedən müzakirələrə həm vəzifəli şəxslər, həm də iqtisadçılar tərəfindən münasibət gəlib.
Maaş və pensiyaların artırılmasına əsas kimi neft və qaz satışından əldə olunacaq əlavə gəlirlər göstərilir.
Ens.az Baku.az.ws -a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “YouTube” səhifəsində “Maaş və pensiyalara yenidən baxıla bilər” başlıqlı video da yerləşdirilib. Nazirliyə məxsus platformaya bu məzmunda videonun yerləşdirilməsi mövzunu daha da aktuallaşdırıb.
Qeyd edək ki, verilişlərdən birində deputat Vahid Əhmədovdan sitat gətirilir ki, inflyasiya proqnozlaşdırılan beş faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır.
Azərbaycanda pensiya və maaşların yenidən artırılacağı ilə bağlı iddialar həqiqəti əks etdirirmi? Müharibə veteranı və iştirakçılarının pensiyası artırıla bilərmi? Bu istiqamətdə müzakirələr gedibmi? Bu suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab verilib.
“Aparılan sosial islahatların mühüm istiqamətini sosial ödənişlərin, o cümlədən pensiya və əməkhaqqılarının artırılması təşkil edir.
Bu istiqamətdə növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. Ümumilikdə hər il pensiyalarda, əməkhaqqılarında davamlı artım özünü göstərir.
Xüsusilə son illərdə dörd sosial islahat paketi icra olunmaqla minimum pensiyada 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, orta aylıq əməkhaqqında 70 faizdən çox artım baş verib. Bütün bu rəqəmlər ölkəmizdə sosial ödənişlərin artım dinamikasının davamlı xarakter aldığını göstərir.
Müharibə veteranları da aylıq təqaüdlə təmin olunmaqla yanaşı, onların aktiv məşğulluq proqramlarına cəlb olunması işləri aparılır. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi çərçivəsində həmin kateqoriyalardan olan 21 minə yaxın şəxsin məşğulluğu təmin edilib, həmçinin 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik biznes sahələri yaradılıb.
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 331 min xidmət göstərilib.
Onu da bildirək ki, müharibə veteranları və iştirakçıları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfatı və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunurlar. Eyni zamanda, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər.
Əmək və vergi qanunvericiliyində də müharibə veteranları üçün bir sıra güzəştlər nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət