Slimfit
  1. ƏDƏBİYYAT

Maarif Soltan - Rübailəri

Maarif Soltan - Rübailəri
Sakura

Maarif Soltan - Rübailəri

Xaqani olmuşdur sözün Xaqanı,
Doludur ləl ilə sözünün canı.
Sözə bu gün elə rövnəq verdi ki,
Fəth edib onunla bütün düyanı.

Şer səmasının günəşiyəm mən,
Üstünəm əsrimin şairlərindən.
Günəş kainatın şahı olsa da,
Sözümə qul olur hər səhər erkən.

Sözümlə şərbətə çevrilər zəhər,
Sözüm fələkləri aşıb fəth edər.
Kim söz gülabımı başına vursa,
Görməz ömrü boyu bir də dərdi-sər.

Gölgədə qalmaram bir kal meyvətək,
Günəşəm, gərdişim bu sonsuz fələk.
Kişilikdə haqqı olmayanların-,
Namərdəm, salmasam başına ləçək.

Xaqani, hümmətlə yaşasan əgər,
Olmazsan mənsəbə, qızıla nökər.
Yolu əyri gedən vəzirdən başdır
Yolunu düz gedən mərd piyadələr*.

Xaqani, səndə bu hümmət var ikən,
İstəmə fələkdən öz ruzini sən.
O sənə ruzini necə verər ki,
Özü ruzi gözlər zəhmət çəkəndən.

Fələyə söz ilə bu gün ox atdım,
Onun zəncirini qırıb qopartdım.
Sözlərim baldan da şirindir, çünki,
Təbimin şəkərin mən ona qatdım.

Olsam da, əzizim, layiqli bəndən,
Sevsəm də bu gözəl şəhrinizi mən,
Şirvanı özümə Kəbə sanıram,
Kafirəm, döndərsəm üz bu Kəbədən.

Xaqani, xoşluqla həyat sür müdam,
Qəm yemə, dünyadan almadınsa kam.
Qəmli olanda da xoş ol həmişə,
Zəni et: gəlməmisən dünyaya tamam.

Eşqinin odunu alovlandırdın,
Mənimtək min aşiq qəlbi yandırdın.
Sən kimdən öyrəndin bu zalimliyi?
Ürəyi eşqindən tez usandırdın.

Uçanda könlümün quşu əlindən,
Ya atın nalını salanda, həmən.
Burovuz vücudun qalacaqdırmı?
O getsə, bəs onda sən Özün kimsən?

Eşqində olmuşam zarü-pərişan,
Eşqinin oduna yanmışam hər an.
Mən sənin ən sadiq aşiqinəm, bil,
Eşqimə ən layiq sənsən, a canan!

Ey tərsa gözəli, ol mənə qəmxar,
Hər bir kəlisada səni sevən var.
O xaçtək hörülən saçından, barı,
Bir tük ver, bağlayım belimə zünnar!

Eşqdir gönuldən hər dərdi silən,
Eşqdir dunyada hər dili bilən,
Eşqdir eydəyən varlığı - yoxluq,
Qəmdən qurtararsan ancaq eşq ilən.

Ey Aydan, pəridən gözəl nazənin,
Pəri, Ay qarşında bir quldur sənin.
Ağlımı, huşumu əldın əlimdən,
Belə zülm etməkdən nədir məqsədin?

Xaqani öpdükcə şirin ləbindən,
Hərarət içində qovrulur bədən.
Dodağın yəqin ki, alovludur, yar,
Yoxsa bu hərarət haradan, nədən?

Yuz dəfə çalışmış böyük Yaradan,
Nəhayət, yaratmış sənin kimi can.
Bizim arzumuzu alıb nəzərə,
Hüsnündə qoymamış zərrəcə nöqsan.

Ayüzlüm qamətdə bir sərvə bənzər,
Yanağı od kimi yanar hər səhər.
Məğrib Günəşinin şəfəqləridir,
Onun camalında görünən xətlər.

Ey hüsnü şəhərdə şöhrətli canan,
Min aşiq vəslini arzular hər an.
Hüsnündən nur alır sənin Günəş də,
Sən - huri balası, behiştin - Şirvan.

O zəncir zülfünü, gəl, arxana at,
Mən dəli oluram, onu az oynat!
Fikrim var ki, durum qurbanın olum,
Gözəlim, özün də şərait yarat!

Yatanda yuxumdan çıxmır xəyalın,
Oyandım, fikrimdə gəzir vüsalın.
Dinimi, canımı almaq istəsən,
Olsun hər ikisi sənin halalın.

Mən şeyda bülbüləm, sən - qızılgülüm,
Sənsiz mümkün deyil şadlanıb gülüm.
Səndən ayrı qalsam, dilim lal olar,
Səni görən kimi açılar dilim.

O kaman qaşının divanəsiyəm,
Hüsnünün odunun pərvanəsiyəm.
Mənəm nilufəri gün camalının,
Xəyal aləminin məstanəsiyəm.

Zülfün düşən kimi gözəl simayə,
Saldı camalına ötəri sayə.
Ey behişt mələyi, düzünü söylə,
Kim sənə süd vermiş, kim olmuş dayə?

Yoxladım özümü səfərdə sənsiz,
Saldım öz canımı min dərdə sənsiz.
Canıma salaraq qəm atəşini,
Yanmışam axşam da, səhər də sənsiz.

Gözəllər mənimtək sənə qul olar,
Kədərlə ağlaram sən güləndə, yar.
Sən xəfif küləksən, mən isə torpaq,
Tünd əssən, inan ki, ollam tarmar.

Dedin ki, olaram mən sənə kömək,
Səbr elə, darıxma, dərdə dözərək.
Axı səbr hanı, iqtidar hanı?
Mmi dərdlə doludur bu qönçə ürək.

Gündüz fəraqından yandı ürəyim,
Gecə vüsalını andı ürəyim.
Gündüz çox titrədi ürəyim sənsiz,
Gecəni cəhənnəm sandı ürəyim.

Ey könül, yenə də gəlmişdir bahar,
Nəsimin ətrindən badə tutub yar!
Mən olum, mey olsun, yarın dodağı,
Acanda üzünü fərəhlə gülzar.

Sən, ey vəfasızım, sən, ey qan tökən,
Bilirsən: qəmxaram sənə əzəldən.
Sən cəfa edirsən, mən isə vəfa,
Onu sən bilirsən, bunu isə mən.

Günəş görən zaman hüsnünü bir dəm,
Elə bil başına dolandı aləm.
Utanıb saraldı, üfüqdə batdı,
Bir qara don geyib, saxladı matəm.

Dedim: "Nə güçün var, ey böyük soltan?
"Dedi: "Nə istəsən edərəm ehsan!
"Dedim: "Şah olsan da, qüdrətin çatmaz,
Keçən bir günümü sən qaytarasan".

O axşam ki, könlüm mehmandır sənə,
Elə bil bir cənnət bəxş olur mənə.
Canım yanındadır, bir fərman da ver,
Bu gecə qovuşsun canım bədənə.

Gözəlsən, gözəllik mülkünə soltan,
Camalın qoymuşdur aləmi heyran.
Lütflə nəzər sal bu Xaqaniyə,
Sən Günəş, o isə torpaqdır bu an.

Mən idim xəlvətdə, bir də o dildar,
Zülfünü boynuma dolamışdı yar.
Düşmənlər qapının dalında gəzir,
Mən vüsal içində, gözlərim xumar.

Alçaq adamların tənəsn hər an,
Ağırdır fələyin zülmündən, inan.
Yar hicri onlardan ağırdır, lakin,
Yüngüldür yenə do möhtac olmaqdan.

Gecəni zülmət et saçınla, canan,
Ey vüsal gecəsi, bitmə heç zaman!
Ey bulud, pərdəndə, gəl, Ayı gizlət,
Ey sabah, lütf edib bir az da yuban!

Hüsnüntək nur yoxdur Ayda, doğrusu,
Səni sevənlərin gəlməz yuxusu.
Hüsnünün odunu Günəş görüncə,
Dedi: "Vay oduna yandım, hanı su?"

İstərəm mən olum yarıma qurban,
Bu cavan ömrüm də sənindir, canan!
Könlün can almağı diləyirsə, gəl,
Səndən qılınc olsun, məndən isə can.

Çəməndə səs-səsə verəndə quşlar,
Sürahi quşu da ruhumu oxşar*.
Bülbül gül eşqində nəğmə qoşarkən,
Bir çay kənarında olaydıq, ey yar!

Adın düşməmişdir bir an dilimdən,
Yadımdan çıxmadın xəyalda da sən.
Adın çəkiləndə bir yerdə, dərhal
Bütün vücudumla qulaq oldum mən.

Yanında daima bir qəfəsin var,
Uçdu bu qəfəsdən tutduğun quşlar.
Xaqani bir hüma quşudur, indi
Düşməyə çalışır qəfəsinə, yar!

Günəşsən, mən səni sevən nilufər,
Canım göz yaşımda qərq olub yeksər.
Bədənim göyərib, üzüm saralıb,
Gecələr ölərəm, dirilləm səhər.

İşvəkar gözlərə olanda heyran,
Möcüzə yaratmaq istərəm haman.
Saqinin can alan gözünə baxıb,
Badə qanadında uçuram hər an.

Ey mənim dərdimi görüb şadlanan,
Sənin hicrindəndir bu dərdim, inan!
Xaqani qoy sənin qurbanın olsun,
Nə ola, yadına düşə bu qurban.

Vüsalə pərdə çək gecə, ey qəmər!
Ey fələk, pərdəmi yırtma, et həzər!
Sübhün qapısını bağla, ey gecə!
Açarı quyuya tulla, ey səhər!

Gözünə bir qulun gözü tərs baxdı*,
Gözümün gözündən göz yaşı axdı.
Gər gözə pis gözdən göz dəyərsə kaş,
Sənə göz dəyməsin, şairin baxtı.

Alçaq adamlarla doludur cahan,
Mümkünmü yaransın müqəddəs insan?
Belə təmiz adam tapılmaz indi,
Xaqani, gözləmə, keç gələr karvan!

Od yanar eşqinin odunda, canan,
Od şikayət edər bu yanar oddan.
Üzündə o xalı hər görən dedi:
Hindlidir, oturub bu odda yanan*.

Qəzəbli bir pələng olma, a ceyran,
Qurda da rast gəlsən, yetirmə ziyan.
Eşqində ürəyim yarı bölünmüş,
Gəlmişsən, qayıtma sən yarı yoldan.

Dodağın qönçəsi ülkərə misal,
Lalənin bağrıdır üzündəki xal.
Hicrində qönçətək ürəyim qandır,
Barı nərgizinlə məni yada sal*.

Könlümə bir xəbər çatanda səndən,
Ürək həyəcanla döyünür həmən.
Ürəyi qapında basdıracağam,
Eşitsin naləsin hər gəlib-gedən.

Gördüm dostlarımı bir-bir dünyada,
Yoxladım onlan kənddə, obada.
Əba qurşağıtək bağlandılarsa,
Yenə də bir düyün qaldı ortada.

Mən sənə aşiqəm, ay üzlü nigar,
Saldın can quşumu toruna, ey yar.
Sənin ucbatından rüsvay olmuşam,
Al mənim canımı, canımı qurtar!

Vurub dağıtdığın qəlbi ələ al,
Vurduğun şikarın, gəl, hayına qal!
Təqsiri olmayan Xaqanini sən,
Ya öldür, ya sağ qoy,ya zindana sal!

İçimdə yanğın var, qəlbdə həyəcan,
Qan rəngli odlu bir badə ver, canan!
Elə bir badə ki, içən dəmdə mən,
Od üstə od düşsün, qan üstünə qan.

Ağlımı əlimdən aldı məhəbbət,
Könlümü qəm, kədər eylədi qarət.
Çətindir xəyalə gətirmə vəsli,
Çox az ələ düşər belə səadət.

Gənclik fələk kimi etməyir dövran,
O necə dolansın od sönən zaman?
Onunla pis günüm xoş keçərdisə,
Onsuz xoş günlərim pis keçir, inan!

Badə məclisində məni yad etsən,
Gedər bu qəm-kədər, şadlanaram mən.
Zülmdən əl çəkib, mərhəmətli ol,
Qəlbim azad olsun qəmdən, qüssədən!

Üç busə vəd etdi dünən o canan,
Gecə sübhə kimi yatmadım bir an.
Gündüz görüb dedim: "Əhdə vəfa et!"
Çiyin atıb dedi: "Xam xəyaldasan!"

Qəmin başdan-başa məni yandırdı,
Dərd içrə şam kimi alovlandırdı.
Ağlamaq, sızlamaq bilməzdim, ey dost,
Bunu da həsrətin mənə qandırdı.

Sən Allah, canımı almaq istəsən,
Elə et, azca da inciməyim mən.
Əvvəlcə məst elə dodağlarınla,
Sonra kirpiklə vur nəştərini sən.

Dilbərim, edəndə zülfünü çövkan,
Qəlbimi top kimi atıb tutursan.
Hicrana tapşırma gecələr məni,
Bütün dünya olur gözümə zindan.

Dərvişdə ilahi kəramət vardır,
O bədən mülkündə bir hökmdardır.
Onda qüdrət vardır yerdən göyəcən,
Hər şeyi bilənəkdə o çox pərgardır.

Bəxtim qoymayırsa çatım vüsalə,
Qoy alsın canımı o laməhalə.
Yarımın yanında olum sağ ikən,
Onsuz qalmaqdansa gəlim zəvalə.

Hər həftə o iki həftəlik qəmər*,
Gəlib Xaqanini yoxlardı səhər.
Məlumdur, zərrədə əks edər Günəş,
Bəs zərrə Günəşə necə meyl edər?

Mən səni gizlicə sevirəm, canan,
Saraltma üzümü, qoy yanmasın can.
İstərəm ki, canım qurbanın olsun,
Razısan, qətlimə özün ver fərman.

Zülfün camalını bəzəyir, ey yar,
Əzəldən müvafiq yaranmış onlar.
Camalın bahardır – gecəylə gündüz,
Həmişə baharda bərabər olar.

Dedin ki, gedirəm, getmə, a canan!
Getsən, bil ki, məni öldürər hicran.
Canım boğazıma gəlib, əmin ol,
Sən çıxıb gedən dəm çıxacaq bu can.

Gecənin zülmətin qovmuşdur səhər,
Tez ol, dur, şərab ver, sevimli dilbər!
Oyan, aç o nərgiz gözlərini sən,
Əbədi yatacaq bir vaxt o gözlər.

Zəhmətsiz nəsibim olur xoş vüsal,
Sənsiz soruşuram səndən hal-əhval.
Xəyalın önündə xəyalə döndüm,
Nə gözəl birləşir xəyalla xəyal.

Xaqani, olsa da ağlın sənə yar,
Eşq ancaq könlünü qəmdən qurtarar.
Eşq odu varınsa, cəhənnəm heçdir,
Cəhənnəm özü eşq odunda yanar.

Ovçum, Xaqanini etdinsə əsir,
Öldürmə, axı o ölmək istəmir.
Bir quşdur, tutmusan, qanını tökmə,
Ucarsa sən tutub təzədən gətir!

Başımda bir nazlı yar sevdası var,
Ancaq, inadından dönmür o nigar.
Bu gün səhər çağı qarşıma çıxdı,
Dedim: "Əmrin nədir, ey sevimli yar?"

Ürəyim sənindir, quru canam mən,
Mirvari səndədir, boş ümmanam mən.
"Səbirli ol" deyə, halımı pozma,
Elə səbr üzündən pərişanam mən.

Ey Dimnə, düzümü yaman əyirsən,
Əhməd Nəsr aslandır, Şətrəbə də mən*.
Quyudan qəsr üstə salIrsan kölgə,
Quyuya salırsan nuru qəsrdən.

Daşlara çarparaq axdıq su kimi,
Döşə tikan yükü taxdıq su kimi.
AxIr vətəndə də dincəlmədik biz,
Getdik, daim önəbaxdıq su kimi.

Aləmi məhv etdi eşqin, a canan,
Hər görən zülfünə bənd oldu, inan.
Xumar gözlərini görəntək, çıxdı
Bayəzid Bəstami ibadətgahdan*.

Ayla Gün üzünə olmuşlar nökər,
Zülfunü etmisən üzünə süpər.
Ürəklər ovlayar pərişan saçın,
Deyəsən, şikara çıxıbdı leşkər.

Bu quru canıma əziz mehmansan,
Canım səninkidir, mənə canansan.
Hər səni ki,örəndə ölüb dirilləm,
Sən mənə həm dərdsən, həm də dərmansan.

Məktubun gələndə gecəydi, ey yar,
Onu oxuyuram hər gecə təkrar.
Onun mənasının nurilə sanki,
Gecə Günəş doğur evimə aşkar.

Günahım olmadan üzr istədim mən,
Yüz dəfə əfvimi dilədim səndən.
Yerinə yetirdim mən öz borcumu,
İstər qəbul elə, istər etmə sən.

Bir pislik etmədim mən o dilbərə,
Günaha batmadım mən bircə kərə.
Günahım yox idi, yüz tövbə etdim,
Baxmadı, son qoydum bu tövbələrə.

Qarşımda həmişə bir Bu - Ləhəb var,
Hər müsbət işə bir mənfi tələb var.
Ağ gündüz önünlə var qara gecə,
Hər qədəm başında bir biədəb var.

Sən haman daşqəlbli gözəlsən, canan!
Əzəlkindən artiq şirinzəbansan.
Min dəfə mən artıq aşiqəm indi,
Sən isə min dəfə çox can alansan.

Hey tənə vurursan mənə, a dilbər,
Canıma əqrəbtək sancırsan nəştər.
Qəmindən ürəyim parça-parçadır,
Od üstən od vurur belə tənələr.

Canıma yeni dərd verir o canan,
Hicr ilə eyləyir qəlbimi şan-şan.
Onda var dünyanı yandıran qəmzə,
Məndəsə fələyi titrədin fəğan.

Xaqani, nəfsdə təmizsən əgər,
İnanma boynuna bir sillə dəyər.
Xəncərlə kəsilsə boynun, yaxşıdır,
Sillə vurmaqdansa sənə bir nəfər.

Aşiqin siması saralmalıdır,
Arabir üzünü tər almalıdır.
Qoynuna ay üzlü nigar alanın,
Cibində bir qucaq zər olmalıdır.

Sənin məclisindən qalmışam kənar,
Mey kimi qanıma qərq olmuşam, yar!
Sən mey məclisində şənsən, bilirəm,
Mənsə qan içində, işim ahüzar.

Düşürsən cürbəcür xəyalə hər gün,
Cırırsan get-gedə səbir örtüyün.
Bildim ki,zərrəcə gəlməzsən rəhmə,
Onunçün mən səni atdım büsbütün.

Xəyanət də oddur, diqqətlə baxsan,
Xainlər qurtarmaz canını oddan.
Bircə qırılcımdan alışar xırman,
Bircə xəyanətlə od tutar cahan.

Zülm etdin sən mənə bu qədər, bəsdir*
Bəsdir elədiyin sitəmlər, bəsdir.
Zülmündən halıma daşlar ağladı,
Ey daşqəlbli qatil, di yetər, bəsdir!

Qulağım səsdəydi, xəbərsiz qaldı,
Vəslin gözlərimi nəzərdən saldı.
Könlüm xislətini düşmədi başa,
Yorulub, min cürə xəyala daldı.

O pəriüzlüyə olub vəfadar,
Başqa gözəllərdən qaçmışam kənar.
Sərçətək dən tələb etmərəm, çünki,
Hüma adı qoymuş mənə o dildar.

Bir an əl çəkmirsən yenə zülmündən,
Səndən heç mərhəmət gözləmirəm mən.
Mən necə bir öpüş tələb edim ki,
Bilirəm, üzrlə rədd edəcəksən.

Bizə gözmü dəydi yoxsa, a dilbər,
Yenə də üz verdi ayrılıq, kədər.
Dilimiz bağlandı, nitqimiz susdu,
Dərddən lalə kimi dağlandı cigər.

Xaqani əl çəkdi sevimli yardan,
Özütək işi də olmuş pərişan.
Pərvanə Günəşə can atır, lakin,
Özünü çırağa vurur hər zaman.

Dad çəkdim hicrindən, xasiyyətindən,
Sənin əllərində aciz oldum mən.
Nə əlin mey verdi, nə gözün güldü,
Ancaq əzab verdin ömür boyu sən.

Ey könül, o şuxdan olmaz sənə yar,
Onun sevgisinə yoxdur etibar.
Dilinə gətirmə heç yar sözünü,
Onu at, bəladan canını qurtar!

Ləbindən öpməyə məndə yox həvəs,
Öpmüşdür onları axı başqa kəs.
Dodağın dirilik suyu olsa da,
Xızr ona dəymişdir, karıma gəlməz.

İşi kələk olan bir para adam,
Şəriət qanunun dəyişər tamam.
Lakin, heç dəyişməz qəzanın işi,
Onlar çalışsa da hər səhər-axşam.

Ürəklər saçının əsiri olar,
Cadugər gözlərin canları alar.
Uzun gecələrdə mənim ürəyim,
Zülfünün ucunda hey təbil çalar.

Nurlandı qızılgül şamlarıyla bağ,
Lalə məşəlilə qızardı çöl, dağ.
Bir odlu yanağın şəfəqləriylə,
Gözümün çırağı işıqlandı, bax.

Şam ürək oduyla alışan zaman.
Başı bədənini əritdi haman.
Pərvanə odlanan görəndə şamı,
Yandınb özünü elədi qurban.

Məclis al şərabla tez işıqlanar,
Badəylə göz gülər, üz işıqlanar.
Meysiz gil qədəhi istəyən olmaz,
Mey ilə ürəkdə söz işıqlanar.

Ey könül, qızıldan qədəh istəməm,
Saxsı piyalə ver, yox olsun bu qəm.
Qəbrimin üstündə tikan bitməmiş,
Doldur piyaləmi meylə dəmadəm.

Pərvanə eşqdən tutunca xəbər,
Alışdı atəşdə o, axşam, səhər.
Şam ilə bir yerdə yandı pərvanə,
Aləmə yayıldı ondakı hünər.

Al şərab yaxşıdır qəmlənəndə sən,
O zaman mey dostdur, ağılsa düşmən.
Ömrün ki, cilovu əlində deyil,
Çalış ki,yəhərdən tez düşməyəsən.

Ey gözəl, gecədir, bəs vəslin hanı?
Yolunu gözləyir dərdli Xaqani.
Gəl, sənə söyləyim dərdimi bir-bir,
Gəlməsən, yandırram bütün cahanı.

Güldü xəyalınla könül çəməni,
Güzgü cilalandı görəndə səni.
Səhərin dodağı əbədi gülər,
Görəndə könlümdə bitən süsəni.

Kimin ibadətdə yoxsa qüsuru,
Parlayar üzündə səadət nuru.
Xalq onun üzünə hörmətlə baxar,
Artar xalq içində onun qüruru.

Çətinsə həyatda vüsalın əgər,
Xəyalın Xızrtək düz yol göstərər,
Gecəli, gündüzlü səni istərəm,
Şahiddir sözümə Günəşlə ülkər.

Zülfün bənövşəni saldı torpağa,
O, qulluq halqası taxdı qulağa.
Zülfünə qul olcaq, şərəfi artdı,
Şöhrəti yayıldı çəmənə, bağa.

Ey tərsa gözəli, ey ruh bəxş edən,
Sənə adi sənəm ad vermərəm mən.
Sitəmin tük kimi incəltdi məni,
Lap tükə dönmüşəm "moyi" deməkdən*.

Xaçpərəst, ağbəniz yarın eşqilə,
Danışdım Abxazda gürcücə belə:
O qədər mən ona "moyi" dedim ki,
Döndü dilim tükə, hər tüküm dilə.

Xaqani, sən adi piyadasan, bil,
Yeddi ev keçməyin çox asan deyil*.
Keçsən də, çox çətin vəzir olasan Ki,
yolu kəsmişdir bir qoşun qatil.

Dostuna söz verdin, əməl et hər an,
Əhdini, əzizim, pozma heç zaman.
Hər nəfəs aldıqda allaha şükür et,
Ta kərəm göstərsin sənə Yaradan.

Məhəbbət yarası aldıqda ürək,
Ahımdan, naləmdən titrədi fələk.
Sillələr zərbindən gül rəngli üzüm,
Göyərdi səmatək, saraldı Aytək!

Ürəyim yüz para olmuş qəmindən,
Şadlığa, fərəhə həsrət qaldım mən.
Nəciyəm, mən sənin dərdinlə ölüm?
Şirləri tülküyə döndərmisən sən.

Vəfa axtarırdı bu yazıq ürək,
Yolunu azmışdı, arardı kömək.
Özünə istərdi tapsın bir həmdəm,
Bəlxdə çıraq tutub gəzən çinlitək.

Qəlbdə təzə qəmlə köhnə dərdim var,
Onlar bircə sözlə olur aşikar.
Nə qədər mən sağam, atmaram səni,
Ölərsəm, sən özün bilərsən, ey yar!

Üzüldü vəslinə can atan bu can,
Səbrim də tükənib qurtardı, inan.
Zəni etmə: ürəkdən dərdim yox olmuş,
Əzmişdir ruhumu tükənməz hicran.

Çəkilən qüssəyə dəyməz bu dünya,
Min əzaba dəyməz bir vüsal əsla.
Yazıq bir piyadə vəzir olmaqçın
Sürünə-sürünə gedir az qala.

O vaxt ki, cavandım, odluydu ürək,
Mən də fədakardım bir pərvanətək.
Pərvanə odlandı, atəşim söndü,
Bizdən torpaqla kül qaldı bir ətək.

Canım qəm yükünü çəkdi neçə il,
Güzgüyə baxmaq da mənə xoş deyil.
Ovçum, bəlkə məni sevdiyindəndir,
Qəfəsdə saxlayır belə müttəsil.

Xosrovun gözütək bəxt yuxuludur,
Şirinin ləbitək gözüm suludur.
Məcnunun canıtək bu dərdli canım,
Leylinin qəlbitək qəmlə doludur.

Qəm odu ciyərin suyunu aldı,
Ciyərim yandıqca səbrim azaldı.
Deyirlər: "Səbr ilə ciyər sağalar".
Səbrim də ciyərlə yanıb qaraldı.

Odlu göz yaşlarım axar hər zaman,
Odla su içində yatıram, inan.
Eşq odu suyumu buxar etsə də,
Safam sutək yenə eşqdə, canan!

Xaqani, ümidin kəsildi əlbət,
Heç kəs daha sənə eyləmir hörmət.
Biganə oldular göhnə dostların,
Yeniyetmələrdən umma məhəbbət.

Ömrüm hədər getdi, çatmadım kama,
Köməksiz düşmədi işim nizama.
Sən mənə nə kömək edə bilərsən,
Ömrü qaytaramu fələk adama?

Nə ov iti kimi cumursan belə,
Tülkütək qurursan hər kəsə tələ.
Başın açılmayır kef aləmindən,
Qorxuram, ömrünü verəsən yelə.

Gəncliyim qüssədə, ələmdə keçdi,
Günlərim, bilirsən, nə qəmdə keçdi.
Dostların ölümü belimi bükdü,
Ömrüm mərsiyədə, matəmdə kecdi.

Xaqaninin qəlbi qəmlə odlandı,
Səbir de bu odda alışıb yandı.
Yanan görən zaman şamı pərvanə,
Ona həmdəm olub, bir alovlandı.

Təzədən qövr etdi yenə göhnə qəm,
Ürəyim bu dərdə tapmadı məlhəm.
Sağlamlıq axtardım, tapa bilmədim,
Dünyada rahatlıq görmədim bir dəm.

Heç oldu varlığım, heç oldu həyat,
Bu ev də, bu fərş də heç oldu, heyhat!
Nisyə, nəqd, nə varsa, cavanlığımdı,
Hamısı heç oldu, ey dadü-bidad!

Gör necə bəlayə düçar olub can?
Qəza ox yağdırır başıma hər an.
Deyirlər: "Nə üçün nalə edirsən?"
Necə ağlamasın bu dərdlə insan?

Sən getdin, könlümə doldu kədər, qəm,
Gözüm yolda qaldı, tapmadım həmdəm.
Demirəm: sən şərab içmə, iç, fəqət,
Əndazə bilən bir saqiylə hərdəm.

Ahım üfüqləri tutmuş sərasər,
Ahımdan dumana bürünmüş göylər.
Ümid ayağına batar hər tikan,
Ömür şüşəsinə daim daş dəyər.

Xaqani dünyadan, de, nə aldı? - heç.
Ya da əllərində, de, nə qaldı? - heç.
Bir şadlıq şamıdır, sönsə, heç olar,
Bir Cəmşid camıdır, sınsa, oldu heç!

Cavanlıq gecəmin sabahına bax,
Yansı qapqara, yarısı dümağ.
Çəkdiyim bu soyuq nəfəs, deyəsən,
Axırda başıma qar yağdıracaq.

Qurtarmaq çətindir bu dərd əlindən,
Birləşə bilməzsən təzə ayla sən.
Huridən, pəridən vüsal gözləmə,
Yaxşılıq gözləmə belələrindən.

Bu bənd ki, vurdular qəlbimə mənim,
Lağımdır, qəlbimə atmış düşmənim.
Səbri tükənən bir ürək məhv olar,
Dayaqsiz çadıra dönmüş bədənim.

Canıma od vuran məhəbbət budur,
Mənə qan udduran o afət budur.
Dərd hesab etmirəm bu dərdləri mən,
Dərdimi yar bilmir, əsil dərd budur!

Xaqani, həyatın əsasıdır qəm,
Xeyr ilə, şər ilə doludur aləm,
Can əzəl,sitəmlə bədənə gəlmiş,
Bədəndən çıxarar yenə də sitəm.

Ey saqi, dəyişməz rəngim heç zaman,
Ürəkdən nalələr ucalır hər an.
Şərabı ya az ver, ya çox, nə xeyri,
Hərlətməz bu daşı o selin, inan!

Qəlbimin dərdinə dəva ediniz,
Məni o dilbərə fəda ediniz!
Məcnunəm, səhrayə qaçmaq istərəm,
Məni zəncirləyib, rüsva ediniz!

Qaç paxıl, yalançı adamlardan sən,
Qaç südə su qatan hər hiyləgərdən.
Yalançı sübhün də işığı olmaz,
İmana nur çatmaz belə səhərdən.

Ömrümün bağında becərildi qəm,
Qalmadı nə sərvim, nə də ki, laləm.
Dərd ilə sovruldu xırmanım tamam,
Məhv oldu sünbülüm samanla bahəm.

Ulduzdan parlaq bir mirvarim vardı,
Günəşdən daha çox işıq saçardı.
Əlimdən qapdı tez bu zalım fələk,
Göylərin tacına töhfə apardı.

Odlara salma bu yazıq bədəni,
Həyamı aparıb, xar etmə məni.
İndi ki, əlindən yaxşılıq gəlmir,
Barı pislik edib, incitmə məni.

Tapanda ariflər yanında mənzil,
Eşqin göməyilə həll olar müşkül,
Mən qəmdən nə edim şikayət, çünki,
Dərd-qəmlə doludur bu yazıq könül.

Xaqani hünərə şanlı soltandı,
Şam kimi o qızıl kürsüdə yandı.
Canım əritdi öz atəşilə,
Göz yaşı içində yanıb, odlandı.

Xaqani nə etsin, çəkməsin dərd, qəm?
Onun ələminə vaqifdir aləm.
Şamın da başı od, canı pambıqdır,
Başı bədənini əridir hər dəm.

Xaqaninin dərdi gözlərdən pünhan,
Can - xəstə, göz - yaşlı, ürəksə - al qan.
Qoy olsun işvəkar yarın vəslinə,
Can - töhfə, göz - müjdə, ürəyim - qurban.

Hanı ürəyimin dərmanı zəhər?
Hanı həyatıma son qoyan xəncər?
Hanı o zərbə ki, məhv etsin məni?
Könlüm nagəhani bir ölüm istər.

Qəm odu il boyu yandırır, aman,
Su dəyən od kimi edirəm fəğan.
Torpağın üstündə əsirəm yeltək,
Küləklə sovrulur torpaq kimi can.

Dərdim var ki, sonsuz səmayə sığmaz,
Naləm hər ucalan nidayə sığmaz.
Dedin: "Axı, nədir dərdin dünyada?"
Elə bir dərdim var, dünyayə sığmaz.

Ürəkdən yanıqlı fəğanə gəldim,
Ahımın oxuyla sinəni dəldim.
Boş yerə dolandım Ayla Gün kimi,
Gündüzlü-gecəli endim, yüksəldim.

Ey edən könlümü qəmlərə məskən,
Könlümün bağında qəm açdı süsən.
Qəm ilə üzbəüz gələndən bəri,
O mənə düşməndir, mən ona düşmən.

Hardasan, ey mənim itən mirvarım?
Səni necə tapım, sevimli yarım?
Kimdən bircə-bircə soruşum səni?
Dünyanı gəzməyə yox iqtidarım.

Getdi göz yaşımı tökən o dilbər,
Getdi canı qurban etdiyim sərvər.
Ürəksiz, cansız bir vücudam indi,
Nal salan köhlən at necə yol gedər?

Görürəm, üzünü hərarət alır,
Əqrəbin içində ayın saralır*.
İsa sehri varsa dodağlarında,
Neçin bəs canında qızdırma qalır?

Hüsnün gözəlləri salır həycana,
İşvəkar gülüşün ruh verir cana.
Qəlbimin dərdinə dərman dişlərin,
Nədən möhtac olub indi dərmana?

Ətirli nəsimlə gəldi novbahar,
Bəs neçin bir nəsim göndərmir o yar?
Dərdə bax, qönçələr pardaqlananda,
Pərdəyə büründü gül üzlü nigar.

Başıma-od tökür könlüm, bir də sən,
Yolumda tor qurur könlüm, bir də sən.
Can getdi zülmünlə, könlümü atma,
Mən getdim, dur-otur - könlüm, bir də sən.

Yarım gəmidədir, əsir ruzigar,
Gözlərim yaş töküb, dəniz yaradar.
Qəribə hal vardır onunla məndə:
Yel mənim əlimdə, yel əlində yar*.

Yolunda qılıncla öldürülsəm mən,
Xoşdur bunu əgər sən istəyirsən.
Ayağım onunçün dərdə düşüb ki,
Ayrıla bilməyim bir daha səndən.

Yar getdi, könlümü verdi hicrana,
Hicransa od saldı bu yazıq cana.
Elə uçuqlatdı dodağımı ki,
Yara həsrət qalım mən yana-yana.

Ey fələk, ayımı səfərdən döndər,
Qoy yolda fıkrini dəyişsin dilbər.
Bir-bir eşit mənim ürək arzumu,
Sonra gedib yardan tez gətir xəbər!

Eşitdək - şirləri yıxan ceyranım,
Yas tutmuş, qalmadı canda tavanım.
And olsun cananın canına, sanki,
Qəlbimin yasına qərq oldu canım.

Ay üzlüm, gəmidə qorxu çəkən mən,
Gəmitək çalxanıb, titrəyir bədən.
Külək bir şad xəbər gətirsə ondan,
Quruyar göz yaşım, könlüm olar şən.

O xumar gözlərin necədir, canan?
Varmı badamında püstə kimi qan?*
Necəsən, gözağrın keçdimi indi?
Ey mənim günəşim, dərdimə dərman!

Bilirsən, nə üçün Qəffardır Allah?
Yəni, əfv edəcək kim etsə günah.
Sən ki, cahillikdən günah etmədin,
Əfvdən məhrumsan, yazıq, ol agah!

Dün gecə ləbini dişlədim, canan,
Ondan isitməyə düşdü bu gün can.
Dişim dodağına toxunduğuyçun,
Odun dodağımı yandırmış, inan.

Xaqani, rahatlıq yoxdur dünyada,
Fələklə vuruşan çatmaz murada.
Cəmşidə qalmayan bu qoca dünya,
Nə eybi, qalmasa bir yoxsula da.

Xaqani, itibdir can da, ürək də,
Çətindir rəhm ola zalım fələkdə.
Ya çoxlu duz olar, ya heç duz olmaz,
Onun bişirdiyi hər bir xörəkdə.

Fələkdən yaxşılıq görməmiş bir kəs,
Ondan xoşluq umma ömrünə əbəs.
Kül olsun fələyin başına, özü,
Başına tökülən gülə də dəyməz.

Xaqani, bu bəla yurdunu at, get,
Bu qəm ocağını söndürüb, şad get.
Bənd etmiş səni bu fələk verən can,
Canını fələyə qaytar, azad get!

Xaqani, tükənməz zülmü fələyin,
Gör, necə olmuşdur əhvalın sənin:
Bənzərsən bir hamam qazanına ki,
Suyu gözün verir, odu ürəyin.

Sarımsaq kimi ol - dərdlərə dərman,
Qəlbinin oduyla soğantək odlan!
Xaqani, içində coş tərə kimi,
Keşniştək sözünə ləzzət ver hər an.

Buğdayı sifətin behiştə bənzər,
Aşiqlər Adəmtək dövrəndə gəzər.
Buğdaya dəyməmiş Xaqani əli,
Cənnətdən qovdular onu bixəbər.

Əzablar içində ömr oldu yarı,
Sonra fələk verdi mənə dildan.
Ey fələk, nə miniət qoyursan mənə,
Ömrümü almamış vermədin yarı.

Biz ki,mədrəsədə qələt dərs aldıq,
Mənaya çatmayıb, ləfzdə qaldıq.
Eşidən gülər bu uydurmaya ki,
Nöqtəni misratək hesaba saldıq.

Xaqani, qəlbinə dağ basmış fələk,
Duzsuzdur dünyadan aldığın çörək.
Hər şey əyridirsə, bəs düzlük nədir?
Düzlüyü, faydanı bəs kimdən görək?

Bir ayda taparaq bir-iki imkan,
İstəsəm görüşəm yarımla bir an.
Fələk qoşun çəkib, kəsər yolumu,
Yaradar qəm dolu kədərli hicran.

Fələk bu taleyi düzəltsə əgər,
İtən ürəyimdən gətirsə xəbər.
Qəlbimdən söndürsə hicran odunu,
Vüsalə qovuşub sağalar ciyər.

Fələk Xaqanini buladı qana,
Ayımı bürüdü qatı dumana.
O dodaq ki, onu hər gün öpərdim,
Bu gün torpağında gəldim fəğana.

Ey fələk, vurmuşsan qəlbimə nəştər,
Ey şənlik badəsin qıran hiyləgər.
Zülmünün müddəti sonsuzdur, lakin,
Mehrinin növbəti bircə an qədər.

Uzaq ol zəmanə adamlarından,
Bu müdrik sözləri unutma bir an!
Saat şüşəsitək saf olsalar da,
İçləri toz ilə doludur, inan.

Hər gün fələk mənə verir yeni qəm,
Edir alçaqların əlilə sitəm.
Səfil adamların göməyidir o,
Pay üçün mən səfil olmaq istəməm.

Sözdə misilsizsə Xaqani əgər,
Ona alçaqlardan zərbələr dəyər.
Şöhrəti başına bəladır, çünki,
Hünər sahibinə zəhərdir hünər.

Deyirlər: hər min il bu qoca dövran,
Yaradar vəfalı, müdrik bir insan.
Birin yaratmışdır biz doğulmamış,
Birin də yaradır biz ölən zaman.

El səni çox sevər, lovğalanmasan,
Elinə xeyir ver, çəksən də ziyan.
Xurma ağacıtək paltarını at,
Torpağa dayanıb yüksəl hər zaman.

Xaqani, uzaqlaş namərd adamdan,
Həmişə mərdlərin yanında dolan!
Yarıma pərvanətək çıraq oduna,
Zanbaqtək Günəşdən işıq al hər an.

Kim malü dövlətlə etsə iftixar,
Şübhəsiz, nəzərdə hörmətsiz olar.
İndi ki, özünə gülmüşdür tale,
Dünyada maldan çox səadət axtar!

Ömür ötüb keçdi bir kam almadan,
Yarın vüsalına tapmadım imkan.
Hardadır, qoy gəlib öz ayağını,
Gözümün üstünə qoysun o canan!

Ey bəxti xoş olan, zəkası kamil,
Bu dünya malına, gəl, olma mayil!
Sabah bədənindən çıxan kimi can,
Düşmənlər malını dağıdacaq, bil!

Xaqani, kim sənə eyləsə sitəm,
Sən ona yaxşılıq elə dəmadəm.
Yaxşılıq elə bu dünya əhlinə,
Əgər bilməsə də qədiri aləm.

Təkəbbür göstərib, fəxr etmə, aman,
Təkəbbürlə çatmaz murada insan.
Gözəlin saçına bənzə, əzizim,
Hər görən ürəyi tez ovlayasan.

Vurma Xaqaniyə acı tənələr,
O, səndən nə qorxur, nə qaçmaq istər.
Ölməkdən, yanmaqdan çəkinməz əsla,
Hanı od, hanı o zəhərli xəncər?

Tüstün öz bacandan çıxacaq bir gün,
Quşun yuvasından ucacaq bir gün.
Deyək, dostun üçün yaşadın yüz il,
Ölüm düşmən üçün yıxacaq bir gün.

Ey Allah lütfilə var-dövlət tapan,
Hərdəm, bir yazığa rast gələn zaman,
Gərəkdir sən ona kömək göstərib,
Edəsən könlünü bir az şadiman.

Kişiyə şərəfdir bilik, etibar,
Hörmət təvazölə olar bərqərar.
Özünü çəkənlə oturma, bil ki,
Həmişə yüngül şey yüksəkdə olar.

Ey qəlbi nur alan bir mərifətdən,
Günahla özünü salma hörmətdən.
İmana qəsd edir nəfsin, ayıq ol,
Özünü qoru sən bu qəbahətdən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR