Lukaşenko Belarusun taleyini tam dəyişir: "Şoyqu ona görə gedib ki...."
Belarusda prezident seçkilərindən bəri etirazlar səngimir. Bir müddətdir vətəndaşlar etirazlara ara versələr də, Aleksandr Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya ilə sözlü mübarizəsi hələ də davam edir. Ölkə başçısı Rusiya ilə əlaqələri daha da gücləndirərək, üsyanları yatırmağa çalışıb. Ötən gün də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Minskə səfər edib. Mətbuatda isə bunu işgüzar səfər olaraq adlandırılıb.
Ölkədə üsyanlar səngisə də, insanların Lukaşenkoya aqressiyası davam edir. Bu etirazlar yekunda nə ilə nəticələnəcək? Şoyqunun Minskə səfərinin arxasında dayanan səbəblər nələrdir?
Ens.az xəbər verir ki, məsələ ilə bağlı "MediaPost"a açıqlama verən araşdırmaçı jurnalist Bəybala Mirzəyev bildirib ki, Sergey Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyəti Minskə səfərini sözün tam mənasında kritik səfər hesab etmək olar:
"Biz bu səfərə Rusiya KİV-nin uydurduğu “nağıl” pəncərəsindən baxmamalıyıq. Bu səfər “TASS” İnformasiya agentliyinin təqdim etdiyi kimi heç də işgüzar səfər deyil. Şoyqu Belarusa ona görə gedib ki, Kremlin şərtlərini, tələblərini diktə eləsin və Lukaşenkonu bundan sonra bu şərtlər altında işləməyə məcbur etsin. Odur ki, bu səfər zamanı hər hansı ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunmasından söhbət belə gedə bilməz. Çünki Lukaşenko artıq Putinin nəzərində legitimlik, tərəf-müqabillik imkanlarını itirib. İndi Putin Lukaşenkoya bərabərhüquqlu həmkar, tərəfdaş kimi və ən nəhayət müstəqil və müttəfiq bir dövlətin rəhbəri, lideri kimi baxmır. Son hadisələrin fonunda, Lukaşenkonun Putinlə Soçidə 4 saat davam edən söhbətindən və Rusiyadan bir dəstə hərbçinin Belarusa gedib, orada yerləşməsindən sonra Rusiya rəhbəri artıq Belarusun prezidenti ilə öz vassalı kimi rəftar edir.
Bundan sonra Belarusdakı proseslər Kreml rəhbərinin “dirijor”luğu əsasında, bilavasitə onun ssenarisi üzrə cərəyan edəcək. Lukaşenko artıq sərbəst qərarlar qəbul etmək imkanlarından məhrum edilib. O, bundan sonra bütün addımlarını Kremlin politexnoloqlarının tövsiyələri, göstərişləri əsasında atacaq. Kreml Belarusdakı kütləvi etiraz aksiyalarının tədricən səngiməsi siyasətini yürüdəcək. Belarus Rusiyanın eyni zamanda həm forpostu, həm də plasdarmı hesab olunur. Rusiya Qərblə (Avropa Birliyi və NATO ilə) siyasi münasibətlərini və ya hərbi, iqtisadi planlarını Belarus üzərindən rahat-rahat həyata keçirə bilər. Odur ki, Putin Belarusun əldən çıxmasını, Qərbə peşkəş edilməsini heç ağlının ucundan belə keçirmir. Lukaşenkonun ağılsız “seçki oyunu” uzun müddətdir ki, pusquda dayanan və əlverişli fürsət gözləyən Kreml rəhbərinə Belarusu çox asanlıqla “götürməyə” olduqca münbit şərait yaratdı. Putin də öz növbəsində bu fürsəti əldən vermədi.
Kreml rəhbəri hələlik bir müddət Lukaşenkonun mövcudluğundan bu və ya digər şəkildə yararlanmağa çalışacaq. O, Lukaşenkonun əli ilə Belarusdakı xalq etirazlarını yatıracaq. Bunun üçün yeri gəlsə, hətta Rusiyanın Belarusda yerləşdirdiyi hərbi qüvvədən də istifadə ediləcək. Lakin əsas məqsədə nail olunduqdan sonra Kremli Lukaşenkonu istifadə müddəti bitmiş əşya kimi tarixin arxivinə tullayacaq. Lukaşenkonu sonda bax belə bir miskin aqibət gözləyir. Vəziyyətin məntiqi sonu məhz bu cür olacaq. Belarus de-fakto ilhaq olunacaq və Rusiyanın əyalətinə çevriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət