Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığına dair hesabat hazırlandı
ABŞ-ın Los-Anceles şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətin araşdırılması məqsədi ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, “MG Consulting” şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılan beynəlxalq işçi qrupunun hesabatı hazırlanıb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, hesabatda 11 şahidin ifadələri yer alıb.
Bildirilib ki, hesabatın hazırlanmasında şahid ifadələri, yüzlərlə foto və video görüntülər təhlil edilib: “Aksiyada 3000-5000 arası erməni iştirak etdiyi halda azərbaycanlıların sayı 60 nəfərdən çox olmayıb. Mitinq sakit başlasa da, sonradan təhlükəli hal alıb və azərbaycanlılar mitinq olan meydanı tərk etmək istəyərkən, ermənilər onları binaların arasında, dar keçidlərdə yaxalayaraq, təzyiq göstəriblər. Hücum zamanı müxtəlif alətlərdən istifadə edilib”.
Hesabatda qeyd olunub ki, hadisə zamanı ümumilikdə 20-yə yaxın azərbaycanlı döyülüb, onlardan 7-nin aldığı xəsarət daha ağırdır: “Hücum zamanı bir neçə azərbaycanlının əmlakına zərər dəyib. Ermənilər Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətlər ediblər, azərbaycanlılara qarşı qeyri-etik ifadələr işlədiblər. Eyni zamanda, mitinqdə ASALA terror təşkilatının emblemi həkk edilən köynək geyinmiş şəxslər da olub”.
Hesabatın məqsədi ABŞ məhkəməsinin mövcud cinayətə hüquqi qiymət verməsini təmin etməkdən ibarətdir.
Gələcəkdə də bu cür nifrət cinayətlərinin qarşısının alınması məqsədi ilə dünyanın bütün dövlətlərinə və onların Xarici İşlər nazirliklərinə hesabat göndəriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət