Slimfit
  1. MEDİA

Leyli və Məcnun qissəsi: Nizami Gəncəvi və Əhməd Şövqinin əsərlərinin müqayisəli tədqiqi

Leyli və Məcnun qissəsi: Nizami Gəncəvi və Əhməd Şövqinin əsərlərinin müqayisəli tədqiqi
Sakura

Leyli və Məcnun qissəsi: Nizami Gəncəvi və Əhməd Şövqinin əsərlərinin müqayisəli tədqiqi

Əməvilər dövrünün başlanğıcında Nəcd və Hicaz vadisində adi səhra həyatı çevrəsində Qeys ibn Müləvvəh ilə Leyla bint Mehdinin qəhrəmanlığı ilə ərəb qəbilələrində vüsət tapmış eşq dastanı sonralar Ərəbistan sərhədlərini keçərək bütün Şərqə yol tapmış, fars və türk dünyasını böyük maraqla özünə cəlb edə bilmişdir.

Şübhə yoxdur ki, Qeys fars ədəbiyyatında işlənəndə dilini və vətənini dəyişmiş, bununla yanaşı, təbii olaraq onun fikirləri, xarakterindəki müəyyən xüsusiyyətlər də dəyişmişdir. Məcnunun hekayəsi fars ədəbiyyatına intiqal edəndə Qeys fars şairlərinin dastanlarında sufiyanə eşqin nümunəsinə, onun cünun halı isə sufilərin çatdığı ən ali məqama çevrilmişdir.

Məcnun obrazı klassik fars ədəbiyyatının bir çox nümayəndələri tərəfindən işlənmişdir; farsdilli ədəbiyyatda Leyli və Məcnun dastanı ilk dəfə Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən kamil bir əsər olaraq işlənmiş, sonra Sədi Şirazi, Əmirxosrov Dəhləvi, Əbdürrəhman Cami, Abdullah Hatifi, Məktəbi və digər şairlər bu mövzuya müraciət etmişdirlər.

Nizaminin “Leyli və Məcnun” poeması ərəb, fars və azərbaycan ədəbiyyatı arasında qarşılıqlı təsirin ən gözəl nümunəsi, ərəb dili və mədəniyyətinin böyük təsirə malik olduğu, fars dilinin əsas ədəbi dil olduğu Orta əsrlər Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biridir. Nizaminin bu əsərinə yazılan farsca və türkcə bənzətmələr arasında Türk dünyasının böyük nümayəndəsi, Azərbaycan poeziyasının dahi ustadı Fizulinin türkcə (azəri ləhcəsində) yazdığı “Leyla və Məcnun” mənzuməsi müstəsna bir yer tutur.

Fars və türk ədəbiyyatından fərqli olaraq ərəb ədəbiyyatında XIX əsrə qədər Məcnunun divanı və ya onun əhvalatından iqtibas olunmuş hər hansı nəsr əsəri yaxud mənzum əsər yazılmamışdır. 1885 və 1894-cü illərdə Misirin İsgəndəriyyə şəhərində “Məcnunu-Leyla” hekayəsinnin motivinə əsaslanan iki dram əsəri nümayiş olunmuşdur. Əhməd Şövqinin yeni və bədii üslubda qələmə aldığı pyesi isə Məcnun və Leyla qissəsinə dair ilk nəşr olunan kitab olmuşdur.

“Əmirəş-şüəra” (“Şairlər əmiri”) adlandırılaraq öz dövründə ərəblərin ən böyük və ən məşhur şairi kimi qəbul olunmuş Misir şairi Əhməd Şövqi (1868-1932) ərəb ədəbiyyatının əvəzolunmaz simalarındandır. Əhməd Şövqinin həm nəzm, həm nəsr, həm də dramaturgiya sahəsindəki zəngin yaradıcılığı ondan neçə əsr əvvəl (XV-XVIII əsrlər) tənəzzül vəziyyətində olan ərəb ədəbiyyatına bənzərsiz yenilik gətirmişdir.

Əhməd Şövqinin Fransada təhsil alarkən, sonralar da ora tez-tez gedişi ərəfəsində orada dram əsərləri və teatr tamaşaları ilə tanışlığı onu bu sahədə ilk təcrübəni yerinə yetirməsinə təhrik etmişdir. Avropa ədəbiyyatında da yeni olan bu janrın incəlliklərinə vaqif olan misirli şair Qərb ədəbiyyatının dram üslubunu Şərq ruhu və ərəb şeiri ilə sintez edərək ərəb ədəbiyyatında mənzum dramaturgiyanın əsasını qoymuş və bu sahədə samballı əsərlər yaradaraq Misir ədəbiyyatında yeni bir cığır açmışdır.

İlk dəfə olaraq Əhməd Şövqi ərəb poeziyasını teatrın şərtlərinə tabe etmiş və onu dramaturgiyada istifadə etmişdir. O, ənənəvi forma və ölçülərlə kifayətlənməmiş, əksinə, onları təsvir olunan hərəkətin vəziyyətinə tabe etmiş, teatra nəğməli poeziyanı gətirmişdir. Bu cəhətdən onun dram əsərlərini Məhəmməd Məndur belə qiymətləndirir: “Şövqinin pyesi, xüsusilə mənzum faciələri əgər bəstələnərsə və opera kimi səhnəyə qoyularsa zirvəyə ucalar”.

Bu cəhətdən “Məcnunu-Leyla” Əhməd Şövqinin qələmə aldığı ən gözəl mənzum əsəridir. Əhməd Şövqinin qüdrətli poetik istedadı ilə qələmə alınmış bu əsər öz ahəngdar şeir dili ilə oxucuların sevgisini qazanmışdır.

Qədim ərəb ədəbiyyatında Qeysin əhvalatının mənbələri.

Əfsanənin mənbəyinə dair əsaslı mənbələr ədəbiyyat tarixi kitabları, İbn Quteybənin (ö. 891) “Əş-şiir va-ş-şüəra”, Əbülfərəc əl-İsfəhaninin (ö.967) “Kitəbül-əğani”, Cahizin (775-868) risalələri və “Kitəbül-bəyan vat-təbyin”, “Kitəbül-hayvan” əsərləridir. İbn Quteybənin qeyd olunmuş əsərində bir çox məlumatlar yer alsa da, müəllif mənbələri qeyd etməmişdir. İsfəhani isə öz əsərində bu qissənin bütün ravilərinin adını qeyd etmiş, yazılı və şifahi mənbələr arasında müqayisələr aparmışdır. Bu cəhətdən “Kitəbül-əğani” Leyli və Məcnunun tarixinə dair ən önəmli mənbə sayılır.

Bu mövzuya dair ərəb mənbələri içərisində əhəmiyyət kəsb edən başqa əsərlər də mövcuddur. Bunlardan biri Davud əz-Zahirinin (ö.909) “Kitəbuz-Zuhra” əsəridir ki, Məcnuna mənsub edilən çoxlu sayda şeirlərin toplandığı qədim mənbələrdən hesab olunur.

Əbubəkr əl-Valibinin “Hikəyətu qıssatil-Məcnun” əsəri Məcnunun həyatına dair  məşhur qissənin yer aldığı kitabdır. Bu kitab sayəsində Leyli və Məcnun dastanı nəinki ərəb, eləcə də fars dilli bütün ölkələrdə intişar tapmışdır.

Məcnunun əsl adı Qeys bin Müləvvəh bin Ads bin Rəbiyyə olub, əsli əs-Saasaə tayfasına gedib çıxan Bəni-Amir qəbiləsinə mənsub olmuşdur. Bəni-Amirilər Hicazdan Nəcdə kimi uzanan geniş ərazidə yaşamışlar. Lelyanın əsl adı Leyla bint Mehdi ibn Səəd ibn Kəəb ibn Rabiə olmuşdur. Onların hər ikisi geniş sərvətli evdə, firavan şəraitdə böyümüşlər. Böyük şərqşünas Karl Brokelman özünün “Ərəb ədəbiyyatı tarixi” kitabında yazır ki, Qeys bin Müləvvəh Məcnun bəni Amir təxminən 689-cu ildə vəfat etmişdir. Tədqiqatçı eyni kitabda qeyd edir ki, Qeysin dastanı Cəmil və Buseynənin həqiqi sevgi hekayəsinin minvalında yaradılmış məhəbbət hekayələrinin cəmindən başqa bir şey deyildir.

Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması.

Müsəlman Şərqinin farsca yazdığı dövrdə Gəncəli Nizaminin qələmi sayəsində “Məcnun və Leyla” hekayəsi Ərəbistan səhrasından götürülüb klassik İran ədəbiyyatının yayıldığı bütün ölkələrə ötürülmüşdür.

Nizami hüzün və kədərdən ibarət bu ərəb hekayəsini Şirvan şahı Axsitanın istəyi və oğlu Məhəmmədin təşviqi ilə qələmə alsa alsa da, hekayənin zahiri kasadlığını özünün ruh zənginliyi ilə tamamlayaraq “hər kəsi heyran edən” bir poema yaratmış, bununla Qeysin rəvayətinə Şərq ədəbiyyatında bir əbədilik qazandırmışdır. 

Nizami Gəncəvi “Leyli və Məcnun”u yazarkən mənbə olaraq ərəb əfsanəsinə aid müxtəlif kitablarda mövcud olan rəvayətlər və Məcnun kimi tanınmış ərəb şairi Qeysin eşq nəşidələrindən istifadə etmişdir. Demək ki, işlədiyi mənzumənin mövzusunu mənbənin özündən əxz etmişdir. Bu mənbədən istifadə edərək yaratdığı bu eşq dastanında rəvayət olunan qissəyə köklü şəkildə bağlı qalmışdır.

Nizaminin istifadə etdiyi mənbəni üç qrupa ayırmaq olar: yazılı qaynaqlar, ədəbi ənənələr və şifahi xalq əfsanələri. Nizaminin öz sözlərinə istinad edərək deyə bilərik ki, Məcnun obrazı Şərq diyarında kifayət qədər məşhur bir obraz idi.

“Leyli və Məcnun” adı qədim sufi divanlarından olan Baba Kuhi Şirazinin (1050-ci ildə v.e.) divanında rast gəlinir. Y.Bertels bu barədə qeyd edir ki, XII əsrdə sufi cəmiyyətlərində, başqa sözlə, şəhər sənətkarları, xırda tacirlər arasında Məcnun obrazı çox yaxşı tanınırdı və özünü tamamilə fəda edən sevgi nümunəsi göstərmək lazım gələndə rəğbətlə istifadə olunurdu.

Yazılı mənbələrə gəlincə, bu barədə üç əsərə diqqəti yönəltmək olar; bunlardan biri ən qədim mənbə sayılan İbn Quteybənin poeziya və şairlər haqqında traktatı, digəri Əbu-Bəkr əl-Valibinin şərhləri ilə əhatə olunan “Divane-Məcnun” şeirlər toplusu və  Əbulfərəc İsfəhaninin “Kitəbül-əğani” əsəridir.

Poemanın “Leylinin ərə getməsindən Məcnunun xəbər tutması” başlıqlı mənzuməsinin müqəddiməsində şair Bağdadlı ravinin adını çəkir ki, bu da həmin ravinin əl-Valibi olmasına etimad yaradır:

فرزانه سخن سراى بغداد                   از سر سخن چنین خبر داد                        

         (Bağdad ellərinin söz yaradanı 

         Həmin əhvalatdan bunu söyləyir)        

 Ümumiyyətlə, Nizami əsərində tez-tez xalq ravilərinə istinad edir, “Leyli və Məcnun” dastanını da bu sözlərlə başlayır:

گوینده داستان چنین گفت                        آن لحظه که در این سخن سفت                   

          (Dastanı söyləyən belə demişdi,

                                                    bu söz incisi düzülən zaman)

Həmin mənbələrdən istifadə edərək Nizami bu ərəb hekayəsini özünəməxsus fantaziya və dastanlarla bəzəyə bildiyi qədər bəzəmişdir.

Nizaminin əsəri 4600 beyt üzərində yazılıb. Şairin üslubuna xas olan hekayə içində hekayələr bu əsərdə geniş istifadə olunmuşdur.

Nizaminin Məcnunu ərəb qəbilələlərindən olan Amirilər şeyxinin oğludur. Atasının neçə illik övlad həsrətindən sonra dünyaya gəlmiş Qeys, on yaşına çatanda müxtəlif qəbilələrin övladlarının birgə oxuduğu məktəbə gedir. Yusif camallı Qeys bu məktəbdə ona gözəllik və kamalda rəqib olan Leyliyə vurulur. Bu eşq dillərə düşəndən sonra Leylinin Qeysdən uzaq düşməsi onun əqlini alır, divanəliyini daha da artırır, çölərə salır. Övladının əzab çəkdiyini görən ata Leylinin ailəsinə elçi düşür, həmin qapıdan naümid qayıdır. Allah dərgahında islah olması üçün Kəbəyə üz tutur, oğlu Allahdan eşqi uğrunda ömrünün, Leylinin yolunda canının fəda olmasını diləyir:

جانم فداى جمال بادش                  گر خون خوردم حلال بادش                     

            (Canım camalına qoy fəda olsun, 

                                                               Qanımı içsə də halalı olsun)    

Leyli Bəni-Əsəd qəbiləsindən İbn Səlam adlı əsil-nəsəbli bir şəxsə məcburən ərə getsə də, öz eşqinə sadiq qalır. İbn Səlam Leylinin qəmiylə xəstə düşür, dünyadan köçür.  İnsanlardan, cəmiyyətdən tamamilə ayrı düşmüş, təbiətin qoynunu özünə məskən, heyvanları özünə dost etmiş Məcnun Leylinin ərinin ölüm xəbərini alandan sonra onunla görüşür, sonra onun eşqiylə yenə öz varlığından uzaq düşərək çöllərə üz tutur. Məcnun gedəndən sonra Leyli xəstələnir. Şair Leylinin ölüm qabağı xəstəliyini payız fəslində, təbiətin solması fonunda təsvir edir. Məcnun Leylinin ölüm xəbərini vəfalı dostu Zeyddən öyrənib onun məzarı üstə gəlir; günlərlə ağlayır, sevgisinə qovuşmaq yolunda ruhunu təslim edir. Onu Leylinin yanında dəfn eləyirlər. Böyük şairin bu eşq dastanı Zeydin yuxuda Leyli və Məcnunu nicat dərgahında cüt görməsi ilə bitir.

Nizami Gəncəvi “Xəmsə”sinə daxil olan bu ikinci poemasının əsas mahiyyətini əsərin son mənzuməsində bu beytlərlə təqdim edir:

         اين عالم فانى است و خاکست             و آن عالم باقى است و پاکست                    

                   (Bu aləm fanidir, quru torpaqdır,

                                           O aləm daimi, o aləm pakdır.)

 

آن کس که در آن جهان حزینست                      شادیش درین جهان چنینست                

               (O cahan mülkündə naşad olanlar,

                                            Bu cahan mülkündə belə şad olar.)

Əhməd Şövqinin “Məcnunu-Leyla” mənzum dram əsəri.

Müasir ərəb ədəbiyyatında Məcnun və Leyla haqqında qədim əfsanəni dramaturgiya sahəsində ilk dəfə suriyalı ədib Səlim əl-Bustani (1848-1884) işləmişdir. 1868-ci ildə o beş pərdəli “Qeys və Leyla” adlı mənzum dram əsərini qələmə almışdır. Əsərinin böyük uğur qazanmasına baxmayaraq əl-Bustani pyesi çap etdirməkdən imtina etmişdir.

Bu mövzuda ikinci dram əsəri misirli ədib Məhəmməd Mənci Xeyrullahın 1898-ci ildə qələmə aldığı beş pərdəli pyesidir. Şərqşünas Yaqub Landaunun fikrincə Şövqi məhz Xeyrullahın “Məcnunu-Leyla” pyesinin adını özünün 1931-ci ildə yazdığı mənzum dram əsəri üçün mənimsəmişdir. 

“Məcnunu-Leyla” pyesi Əhməd Şövqinin sayca ikinci, mövzusunu ərəb tarixindən götürdüyü ilk dram əsəridir. Şairin məşhur qissə üzərində qələmə aldığı, sufiyanə eşqi tərənnüm etdiyi bu əsəri məzmun və ideyaca digər əsərlərindən fərqlənir. Əhməd Şövqi bu dram əsərinin mövzusunu və bəzi dialoqları Əbülfərəc İsfəhaninin “Kitəbül-əğani” əsərindən iqtibas etmiş, Qeysə mənsub olan rəvayətləri və şeirlərin bəzilərini seçmiş və üzərində çox işləmədən olduğu kimi istifadə etmişdir.

“Məcnunu-Leyla” pyesinin ümumi məzmunu belədir: hər iki qəhrəman öz ailələrinin qoyunlarını otlağa aparır, Qeys həmin zamandan Leylanın vurğunu olur, onu şeirlərlə vəsf edir. Leylanın ondan uzaq düşməsi Qeysin şövqünü daha da artırır. O, vurğunluğunu öz şeirlərində ifadə edir. Bu eşq və həmin şeirlər insanlar arasında yayılır, dillərə düşür. Artıq ailə və qəbilənin namusu məsələsi qalxan zaman seçim qarşısında qalan Leyla atasının sözünə xilaf çıxmır, Vird ibn Məhəmməd əl-Aqilini seçir və onunla izdivac qurur. Bu da Qeysin ondan və cəmiyyətdən tamamilə uzaqlaşmasına, səhralara düşməsinə səbəb olur. Bu əsərin sonunda da Leyla məşuqunun fərağından iztirab çəkərək dünyadan köçür,

        فكل بلاد قربت منك منزلي                 و كل مكان أنت فيه مكاني                   

(Sənə yaxın olduğum hər ölkə evim,

Sən olan hər məkan məmləkətimdir.)

-      deyən Qeys isə onun qəbri üstdə canını verir.

Əhməd Şövqi əsərin əsas mahiyyətini Leylanın dilindən Qeysə deyilən bu beytlərdə ifadə edir:

كلانا يا قيس مذبوح                            قتيل الأب و الأم                             

طعينان بسكين                               من العادة و و الوهم                         

)Hər ikimiz, ey Qeys, ata-ananın məhv etdiyi qurbanlarıq,

Adətlərin, təəssübün bıçaq zərbəsiylə vurulmuşuq.)

“Məcnunu-Leyla” pyesi Nizaminin poeması ilə müqayisədə.

Nizami hekayənin ərəb variantına bir sıra yeni əlavələr etmişdir: Qeys və Leyli arasında məktublaşmalar, Məcnunun küskünlük və vurğunluğunun qüvvətini göstərmək üçün Məcnunun babasını və dayısını dəfələrlə onunla görüşdürməsi, aralarında saatlarca söhbətlər və mübahisələr və s.

Nizaminin təsvir etdiyi Məcnun, özünü idealına həsr etmiş, səmimi və fədakar bir idealist simvoludur. Mömin aşiq və ya mücahiddir, Allah aşiqinin timsalıdır. Qeys adi insanların hərəkətlərini anlamaq iqtidarında olmayanların məcnun dedikləri, özünü fəda edən bir mömin, bir mücahiddir. Fəna-fillahlığın və ya ideal vurğunluğun nümunəsidir.  Təsəvvüfdə sufilər inanırlar ki, bu dünyada şər qaçılmazdır və ona heç bir vəchlə qələbə çalmaq mümkün deyil. Dərvişlərin dünyadan təcrid olub, inzivaya çəkilməsi məhz bu səbəbdəndir.

Nizaminin yaratdığı Qeys surətində bəşəri məhəbbətlə ilahi məhəbbət bir-biri ilə sıx bağlıdır. Məcnunun timsalında şair kainat zəncirindən azad olub haqqa çatmaq yolunu tutan kamil bir insanı təsvir edir. Bu insan Allaha yaxınlaşmaq üçün dünyaya bağlılığını qırır və həyatını səhrada keçirir.

Nizami Leyli ilə Məcnunun bağlılığını onların “iki vücud deyil, iki qəlibdə bir can” olması kimi qeyd edir. Məcnun deyir: “Biz iki deyil, birik... O ruhdur, mən cisim; ruh cisimdə örtülüdür”. Nizami bu “iki canda bir ruh”, “ikili birliyi” özünəməxsus təşbihlərlə müxtəlif məqamlarda ifadə edir:

من نيستم آنچه هست باتست              اين نقش خيال تست با تست                          

(Mən yoxam, bu sənin xəyalının surətidir sənlə olan)

چون من توام این دو پیکری چیست              چون هر دو یکیس داوری چیست         

(Əgər mən sən isəm, bu iki cisim nə üçündür? Hər iki birdirsə, ikilik qanunu nədir?)

İlkin ərəb qaynaqlarında adi qəbilə adamı kimi tanınan Qeys Nizaminin əsərində qəbilə başçısının oğlu kimi təqdim edilir. Əhməd Şövqi isə əhvalatın ilkin mənbəyində olduğu kimi hər iki qəhrəmanı çobanlıq edərkən görüşdürür. Nizaminin poemasında Leyli və Məcnun məktəbdə qəbilə övladlarının oğlanlı-qızlı birgə təhsil aldığı məktəbdə tanış olur.

Leyli Ərəbistan adət-ənənələri içində qadınların məruz qaldığı haqsızlığa zahirdə boyun əyməklə bərabər, həqiqətdə, özünü sevgilisinə fəda edərək mübarizə və dözümlülük göstərir. Nizami Leylinin eşqini Məcnuna göndərdiyi məktublaşmada ifadə edir:

لیلی بودم و لیک اکنون               مجنون ترم از هزار مجنون                         

      زآن شیفته سیه ستاره                 من شیفته تر هزار باره                         

          (Bir zaman Leyliydim, fəqət indi mən,

                                                         Məcnundan min dəfə artıq məcnunam.

           Bəxtinin ulduzu batan aşiqdən

                                                         Min dəfə şiddətli divanəyəm mən)

Leyliyə aid bəzi təfərrüatdan bəhs edərkən Nizami yerli ərəb adət və ənənələri ilə hesablaşır. Bu cəhətdən hər iki şairin yaratdığı Leyli obrazı eyni yükü daşıyır; hər iki Leyli Şərq cəmiyyəti, ailə dəyərləri ilə hesablaşmağa məcburdur.

ز یک ترفم غم غریبان                    وز سوی دگر غم رقیبان                       

                   (Bir yandan qərib yarın dərdi,

                    Bir yandan əğyarın dərdi)

Əhməd Şövqinin əsərində də Leylanın taleyi və məhəbbəti ilk səhnədə yer alan bu kəlimələrdə müxtəsər ifadə olunur:

أنا بين اثنتين كلتاهما النار                      ..........................                       

بين حرصى على قداسة عرضي              و احتفاظي بمن أحب وضنى              

(Mən qalmışam iki od arasında

Namusumun qüdsiyyətini hifz etməklə,  sevdiyim şəxsə sadiqliyimi qorumaq arasında)

Ərəb mənbələrində, eyni zamanda Ə. Şövqinin əsərində Leylinin atası qızını Məcnuna öna görə vermir ki, onun Leyliyə həsr etdiyi, onu tərənnüm etdiyi qəzəlləri el arasında yayılmışdır. Nizaminin əsərində isə rədd cavabı onunla bağlıdır ki, Qeys divanəliyə mübtəla olmuşdur, divanə birini özlərinə tay bilmirlər.

Nizamidə Leyli ilə Məcnun bəşəri alışqanlıq və qanunlarla hesablaşdıqları halda, eyni zamanda, bir-birinə qarşı bəşər fövqündə olan cazibəyə malikdirlər.

Ə.Şövqinin Məcnununda biz Avropa ədəbiyyatından qaynaqlanan romantik aşiq ruhunu görürük. Onda da sufilər kimi qəlb sevgisi ağıldan üstündür.

A.E.Bertels Şövqinin Məcnununu müsbət xarakterizə edir: “Şövqinin Məcnunu (Qeysi) XII-XIII əsrdə Nizami, XV əsrdə Caminin romantik fars poemalarının bizə təqdim etdiyi kimi eşqdən məcnun olmuş divanə obrazı deyil. Böyük iztirab çəkən Qeysin psixologiyası oxucuya və tamaşaçıya daha təbii, daha ümumbəşəri formada, hər kəsin fəhminə uyğun həssaslıqla təqdim olunur.”

Nizaminin məcnunu əsl qayəsinə çatana qədər çırpınır. Məsələn, Nofəlin mübarizəsindən ümidini kəsmədikcə çölə getmir. Leyli də, bu mənada Ə.Şövqinin Leylasına nisbətdə daha çox mücahiddir. Məcnunla görüşə can atır, dul qalınca artıq eşqini gizlətmir, əsərin sonunda anasına qəlbinin sirrini tamamiylə izhar eləyir.

Nizamindən fərqli olaraq Ə. Şövqi Leylanın qəlbində baş verən mübarizəni ifadə edə bilməmişdir. Bu barədə Məndur deyir ki, “Əgər Şövqi Leylanın öz atası və qəbiləsi qarşısında hisslərini bildirməyini istəməyibsə, ən azından rəfiqə və yaxud anasına qəlbini açması və ya monoloq vasitəsilə bizi onun hisslərindən agah edə bilərdi.”

Leylanın elçiliyi səhnəsini təsvir edərkən Ə.Şövqi məhz Cahiliyyə dövrünün adətlərindən istifadə etmiş, adaxlının valideynlər tərəfindən deyil, qızın özü tərəfindən seçildiyini göstərmişdir. Bu da əsəri Şərq müəlliflərinin, o cümlədən, Nizaminin (öz istəyini, iradəsini ifadə etmək hüququ olmayan, atasının istəyini sözsüz həyata keçirən qadın obrazının təmsil olunduğu) poemasından fərqləndirən xüsusiyyətlərdən biridir. Ə.Şövqi yəqin ki, bu adəti əsərə daxil etməklə yaratdığı qəhrəmanın yüksək xarakterini göstərməyə çalışmışdır: öz istədiyini həyat yoldaşı seçmək ixtiyarı olduğu halda Leyla, atasının istədiyinə getməyə razılıq verir.

Vəzifə borcu və təqvanın təlqin olunduğu tərbiyə ilə böyüməsi Leylanı öz sevgisinin arxasınca getməsinə mane olur. Leyla mühafizəkarcasına qədim adət-ənənələrə riayət edir, istədiyi ilə deyil, ailəsinin seçdiyi şəxslə ailə qurur:

لقد زوِّجتُ ممَّن لم يكن ذوْقي ولا طَعْمي                                    

ومن يكبُرُ عن سنِّي ومن يصغُرُ عن علمي                                

       (Mən, istəmədiyim, mənə tay olmayan biri ilə evləndim

       Yaşca məndən çox böyükdür, elmi məndən kasad.)

Leylanın yoldaşı Vird bu əsərdə hümanist, xeyirxah bir obrazdır. Müəllif bu obrazın xarakterini, Leylaya münasibəti Qeys ilə görüş səhnəsində geniş təqdim edir; “Mən zalım deyiləm, Qeys, mənə zülm olunubdur” (أنا الذي ظلمت قيس ما أنا الذي ظلم) deyən Vird hər iki aşiqin halını anlayıb onları görüşdürür. Kədərli taleyin onları bu qismətdə bir araya gətirdiyini düşünür:

قيس أرى الموقف لا يجمعنا                 أنت حبيب القلب و الزوج أنا                        

يا لكما مني, و يا لي منكما                   نحن الثلاثة ارتطمنا بالقضا                          

(Görürəm ki, Qeys, burda biz bahəm ola bilmirik.          

Mən onun yoldaşıyam, məhbubu sənsən.

Mən sizə əzab verəcəm, ya siz mənə

Bu bizim üçümüzün ağır taleyidir.)

Eşq iztirabıyla yaşayan Leyla sevdiyinin vüslətinə yetirəcək digər imkanı da qəbul etmir: Qeyslə qaçmağa razılıq verməyib deyir ki, əgər əri mərhəmət və xeyirxahlıq edib  (ولستُ بارحةً من داره أبدًا حتى يُسرِّحَني فضلًا وإحساناَ) onu buraxarsa belə, heç vaxt onun evindən ayrılmaz. Qeyslə görüşdüyü bu səhnədə Leyla Qeysə qurduğu izdivacın mahiyyətini açıqlayır, yaşadığı evi ölü məzar ilə vəsf edir:

فنحن اليوم في بيت على ضدين منضم      هو السجن و قد لا ينطوي السجن على ظلم              

هو القبر حوي متيين جاريين على رغم                                         

شتيتين و إن لم يبعد العظم من العظم                                            

فإن القرب بالروح و ليس القرب بالجسم                                         

 

(Bu gün biz iki zidd bağlılığı olan bir evdəyik. O məhbəsdir və məhbəs zülmə bağlı olmaz.

O, iki ölü qonşunun yaşadığı məzardır,

Ayrı olsalar da, sümük sümükdən ayrılmaz.

Doğmalıq ruh iylədir, cism ilə olmaz. )

Şövqi öz əsərində qədim bədəvi ərəb cəmiyyəti üçün yad olan səhnələr vermişdir; Bunu ilk pərdənin əvvəlinci şəklində Leylanın gecə vaxtı qonaq gəlmiş Yəsribli (Mədinəli) şair İbn Zərihi qarşılaması, digəri İbn Zərihin elçilik üçün Leylanın atasına deyil, birbaşa qızın özünə müraciət etməsidir ki, bunların hər ikisi ərəb adətlərinə zidd olub, Avropa ənənəsinin nümunəsidir. Hüseyn Mücib əl-Misri bu səhnələrlə bağlı şərh verir ki, “Farslar və türklər öz poemalarında bu dastana yaşadıqları dövrün ruhunu əlavə etdikləri kimi, Şövqi də müasiri olduğu əsrin dəyərlərinə yer vermişdir.”

Bununla bərabər Ə. Şövqi pyesdə ərəblərin dini dəyərlərini də təqdim etmişdir ki, bu şairin özünün mövzuya əlavəsidir; İkinci pərdədə İmam Hüseyn karvanının yürüşünü təqdim edir, İmamı mədh edir. Şair bu səhnədə, eyni zamanda, ərəblərin məzhəb təəssübünü qeyd etməklə, dini bağlılıqda özünün tolerantlığını bildirmişdir:

 ما الذى أضحك مني الظبيات العامرية                                         

الأني انا شيعي و ليلى اموية؟                                                

                     (Amiri gözəllərinə məni güldürən nədir belə?

                 Mənim şiə olmağım, Leylanın Əməviyyə?)

Hər iki əsərdə Nizami üslubu ilə Ə.Şövqi üslubu arasında da fərq var. Nizaminin üslubuna hakim olan xüsusiyyət lirikayla bərabər epik təhkiyədir. O, hissi incəlikləri bol təşbeh və istiarələrlə uzlaşdırdığı kimi, təhkiyəni də özünəməxsus nümunələrlə bəzəmişdir.

Ə.Şövqi üslubunda əsas xüsusiyyət lirizmdir. Hətta, demək olar, Şövqi bilərəkdən əfsanədən məhz özünü lirik şair kimi ifadə etməyə imkan verən parçaları seçmişdir. Onun əsərində Məcnunun şeirləri, sözün əsl mənasında, sevgi himnidir.

“Leyli və Məcnun” hekayəsinin ərəbcəsi ilə farscası bir-birindən ayrı orijinal iki sənət əsəridir. Mövzu eynidir; məlum rəvayətdən götürülmüşdür. Mənbə eynidir, fikir də eynidir: Vəhdəti-vücud əqidəsi və İlahi eşq fəlsəfəsi.

Nizami mövzunun bağlı olduğu Ərəbistan mühitinin yeknəsəkliyi, bəsitliyi və özünün də dediyi kimi ilham verməyən qumsal və daşlığına görə hadisələrin gedişində bir sıra dəyişikliklər etmiş, əsərə yüksək əxlaqi keyfiyyətləri və fəziləti nümayiş etdirmək, insanın qəlbində xeyirxah duyğular yaratmaq üçün fərqli təhkiyələr əlavə etmiş və bununla özünün hümanist düşüncəsini təqdim edərək bu ərəb dastanına yeni ruh vermişdir.

Ə.Şövqinin “Məcnunu-Leyla” pyesi gözəl ahəngli lirik şeirlər toplusudur. Əsərlərində millətinin şanlı tarixini qələmə alan vətənpərvər şairin bu əsəri yazmaqda əsas məqsədi ərəblərin fəzilətini vəsf etmək, onların xeyirxah və hümanist hisslərini və yaxud Qeys ilə Leylanın əhvalatı fonunda adət-ənənənin qorunması uğrundakı fədakarlıqlarını tərənnüm etmək olmuşdur.  

 

Şahanə Şahbazova

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı

       

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR