Slimfit
  1. AZƏRBAYCAN

Lənkəran

Lənkəran
Sakura

Lənkəran

Lənkəran — Azərbaycan Respublikasının cənub bölgəsində şəhər. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinincənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.

Etimologiyası

Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış "Fərruxnameyi-cəmali" əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.

Lənkəran adının mənşəyinə iki çür yanaşmaq lazımdır: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan – Ləngər və künan – yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.

Ləngkəran farsca – ləng, ləngimək, kəran – yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.

Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca "kəran"la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır.

Lənkəran toponiminin orta əsr mənbəələrində keçməsi, bu toponimin islamdan sonra yaranmasını istisna etmir. "Lənkər" ərəbcədən "inkar etmək", "an" farscadan cəm şəkilçisidir: beləliklə, islamı gec qəbul etdikləri üçün və ya qəbul etməyib ayrı bir zehniyyətlə çıxış etdiklərinə görə burada yaşayan toplum "Lənkəran" yəni "inkarçılar" adlana bilərdi. Olsun ki, bu bir ehtimaldır. Amma, ehtimal olsa da, yağışların çox yağması üzündən limanda ilişib qalan tacirlərin gecikmələri ilə əlaqələndirilən ehtimal qədər güclüdür.

Gerb

   Lənkəran şəhərinin gerbi

Lənkəran şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.

Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kaspivilayətinin gerbindəki təsvirlərin eynidir: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. Aşağıdakı üçüncü yaşıl sahəsində təsvir olunan gümüş sandıqbolluq-bərəkət rəmzidir. Sandığın hər iki tərəfində qıvrılan ilan rəsmi Muğan düzündə ilanların çox olmasından xəbər verirdi.

Tarixi

Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.

XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdır.

   Mərkəzi küçələrdən biri

27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiyadənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.

Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-1569-cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.

Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi məlumata görə, XV əsrin 60-cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah İsmayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah hökuməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.

Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah hökuməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.

XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən də Lənkəran Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi. Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi. 1747-ci il may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı

Lənkəran XIX əsrdə

 
Lənkəran şəhər mərkəzində bir küçə

XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.

XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.

Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.

1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökumətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.

XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.

Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80–ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.

Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.

Dörd tarixi bölgü

XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar, Sütəmurdov idi. Qala indiki B.Abbasov – MirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.

Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili (qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.

Kiçik bazar dəniz sahili boyu indiki Tofiq İsmayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəhəri daxil idi. Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, İpəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).

Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı. Lənkəran XX əsrin əvvələrində Şuşa, Şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığa görə seçilirdi. Lənkəranda memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.

Coğrafiyası və iqlimi

Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl  
Orta temperatur (°C) 3 4 7 11 17 22 25 24 21 16 10 6 14  
Orta yağıntı (mm) 60 50 110 60 10 80 20 50 190 230 140 60 1130  
Mənbə: www.weatherbase.com

Lənkəranda atmosfer yağıntıları

Yağıntıların və sellərin paylanmasında təbii zonaların hündürlükdən asılı olaraq növbələşməsində özünəməxsusluğu ilə seçilən, əhalinin sıxlığının durmadan artdığı, sosial problemlərin çoxaldığı, lakin güclü inkişaf üçün böyük təbii ehtiyatlara malik olan Lənkəran vilayətində atmosfer yağıntılarının illik gedişində 2 maksimum və 1 minimum meşahidə edilir.Birinci zəif ifadə olunmuş maksimum yaz aylarında müşahidə edilir.Mart ayından sonra yağıntıların kəmiyyəti tədricən azalır və iyul ayında bütün meteoroloji məntəqələrdə illik minimum müşahidə edilir.Bu aydan sonra yağıntılar nəzərə çarpacaq dərəcədə çoxalır və payız aylarında aydın ifadə olunmuş ikinci-əsas maksimum yaranır.

Əhali

  • 1 yanvar 1885-ci il tarixində Lənkəran şəhərində hər iki cinsdən toplam əhalinin sayı 5.559 nəfər olmuşdur.

Tanınmış sakinləri

Şəhərin tanınmış sakinlərdən müğənni Cahan Talışinskaya, aktrisa Münəvvər Kələntərli, aktyor Nazir Əliyev, rejissor Ağarza Quliyev, şair Şəkər Aslan və digərlərini qeyd etmək olar.

Səməd bəy Mehmandarov, Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri

   Mixail Pavlov, Rusiya metallurqu

Hacı Səlim Axundzadə, Azərbaycan ictimai-siyasi xadimi

Məryəm Bayraməlibəyova, Azərbaycan pedaqoqu və xeyriyyəçi

Ağarza Quliyev, Azərbaycan rejissoru

Hacıməmməd Qafqazlı, Azərbaycan teatr və kino aktyoru

Məmməd Ələkbərov, Azərbaycan siyasi xadimi

Həqiqət Rzayeva, Azərbaycan müğənnisi

Fateh Fətullayev, Azərbaycan teatr və kino aktyoru 

Həzi Aslanov, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, general-mayor

Münəvvər Kələntərli, Azərbaycan aktrisası

Südeyf Rəhimov, Azərbaycan hidrotexniki, meliorasiya mühəndisi

Nüsrət Fətullayev, Azərbaycan rəssamı

Qədir Möhsünzadə, Azərbaycan baytarı

Baloğlan Abbasov, Sovet snayperçisi

Xavər Talıbova, Sosialist Əməyi Qəhrəmanı

Məmmədsadıq Abdullayev, Azərbaycan anatomu,Əməkdar elm xadimi

Gülağa Məmmədov, Azərbaycan müğənnisi

Yusif Kərimov, Azərbaycan elektrik mühəndisi

Mirməmməd Cavadzadə, Azərbaycan uroloqu

Kamil Nəcəfzadə, Azərbaycan rəssamı

Şəkər Aslan, Azərbaycan şairi

Dilruba Camalova, Azərbaycan ictimai-siyasi və dövlət xadimi

İlhamə Quliyeva, Azərbaycan müğənnisi

Yaşar Rzayev, Azərbaycan ictimai-siyasi xadimi, yazıçı-alim.

Yalçın Rzazadə, Azərbaycan müğənnisi

Nazir Əliyev, Azərbaycan aktyoru

Paşa Təhməzov, Azərbaycanın Milli Qəhrəmanı 

Eldəniz Quliyev, Azərbaycan ssenaristi və kinodramaturqu

Ruhəngiz Allahverdiyeva, Azərbaycan müğənnisi

Etibar Əliyev, Azərbaycanın Milli Qəhrəmanı

Əyyub Qiyas, Azərbaycan nasiri, tərcüməçi, dramaturq və şairi

Rövşən Canıyev (Lənkəranski), Azərbaycan cinayətkarı

İlhamə Qasımova, Azərbaycan müğənnisi

Müşfiq Şahverdiyev, Azərbaycan aktyoru

Şəkil:Aqşin Əliyev.Jpg.Aqşin Əliyev,Tədqiqatçı-tarixçi,yazıçı - publisist,jurnalist

Qoruqlar

Rayonda Hirkan milli parkı və Qızılağac dövlət təbiət qoruğu var. Hirkan milli parkında təbiətin ən qədim və nadir bitki və ağac növləri bitir. Hirkan dövlət qoruğu 1936-cı ildə yaradılmış, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə milli park elan olunmuşdur. Hirkan milli parkında cüyür, qaban, xallı maral və başqa meşə heyvanları yaşayır. Park relikt və endemik bitkilərlə zəngindir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR