Lavrov Qarabağı Kosovaya bənzətdi: Nə demək istəyir?
Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı. Bu da onu göstərir ki, Rusiya Paşinyanı və onun siyasətini qəbul etmir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Putin İrəvana qarşı soyuq münasibət göstərməkdə davam edəcək:
“Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Valday” klubunun Yaxın Şərqə həsr olunan bugünkü sessiyasında ünvanı gizlətmədi. O öz çıxışında “Qarabağ Ermənistandır” ifadəsi “Kosova Albaniyadır” ifadəsinə bənzəyir və bu, danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”, - deyə bildirdi. Məlumdur ki, Kreml Kosovanun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovaya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosova məntiqindən yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur”.
Politoloq bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İttifaqı Ali Şurasının iclasının İrəvanda keçirilməsi eyforiyasından çıxa bilmir:
“Paşinyan göstərməyə çalışır ki, toplantı məhz ona görə Ermənistanda keçirilib. Halbuki təşkilatın toplantısı sadəcə növbəlilik prinsipinə görə İrəvanda keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur. Buna baxmayaraq, toplantıdan dərhal sonra parlamentdə çıxış edən Paşinyan Avrasiya İqtisadi Birliyinin zirvəsinin “uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb. Ancaq deputatlardan birinin “Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdıra bilər?” sadə sualına cavab verə bilməyib”.
E.Şahinoğlu bildirib ki, Rusiyanın Ermənistana qarşı hazırkı münasibətinə o qədər də güvənmək olmaz:
“Putinin İrəvanda həbs olunan eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşü, üstəgəl, Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil. Ancaq bizim də bu gedişatdan çıxış edərək, “Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız doğru olmaz. Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa “yan” ola bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət