Laçının işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Laçın rayonunun Ermənistan tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Ens.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, kampaniyaya dəstək olmaq üçün www.virtualkarabakh.az portalında, www.youtube.com/virtualkarabakhtv youtube kanalında və rəsmi feysbuk səhfəsində
www.facebook.com/virtualkarabakh/ Laçın rayonu və onun işağılının acı nəticələri ilə bağlı paylaşılan məlumatlarla, nümayiş etdirilən 3D qrafik təsvirli film, infoqrafikalar və digər foto və video materiallarla tanış olub, onları sosial şəbəkələrdə aktiv şəkildə paylaşmaq mümkündür.
Qeyd edək ki, bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən, dilbər guşələrindən biri, Laçın rayonunun işğalından 28 il keçir.
8 avqust 1930-cu ildə inzibati ərazi vahidi statusu alan, 1835 kvadrat kilometr əraziyə malik Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.
1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olmuşdu. İşğal nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalıb, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 48 sənaye, 63 kənd təsərrüfatı, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna o zamankı qiymətlərlə 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 57 şəhər və rayonunda məskunlaşıb. Hazırda rayon əhalisinin sayı 77700 nəfərə çatıb.
Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 267 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalıb. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.
Beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi Laçın rayonunda da qeyri-qanuni fəaliyyəti davam etdirir; coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət