"Laçın dəhlizi Rusiyanın nəzarəti altında qalmalıdır” - Mirzoyan Lavrova şikayətləndi
Moskvadakı görüş ağrılı mövzular ətrafında danışmaq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqların növbəti raundunu keçirmək üçün daha bir fürsətdir.
Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda deyib.
İkitərəfli görüşdən sonra Azərbaycan nazirinin iştirakı ilə üçtərəfli formatda danışıqlar aparılmalıdır. Mirzoyanın sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatlara sadiq qalır və regionda uzunmüddətli sülhə nail olmağı hədəfləyir, lakin təəssüf ki, “yerdə” vəziyyət bir qədər fərqlidir.
"Danışıqlara paralel olaraq biz vaxtaşırı olaraq Azərbaycanın eskalasiyasını, Ermənistan ərazisini işğal etdiyini (?), 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulmasının şahidi oluruq. Onlardan sonuncusu Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır. Laçın dəhlizinin rejimi 9 noyabr bəyanatında çox aydın şəkildə ifadə olunub və o, Rusiyanın nəzarəti altında qalmalıdır”, - o vurğulayıb.
Erməni nazir əlavə edib ki, indi dəhlizin Rusiya tərəfinin nəzarətində olduğunu söyləmək mümkün deyil. Buna baxmayaraq, Ermənistan müzakirələrdə iştirak etməyə hazırdır və bu imkana görə Rusiya tərəfinə təşəkkür edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət