Slimfit
  1. MARAQLI

“Kütbeyin” adlandırılıb məktəbdən qovulan dahi

“Kütbeyin” adlandırılıb məktəbdən qovulan dahi
Sakura

Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edison bir çox ixtiraları ilə yadda qalıb

Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edison bir çox ixtiraları ilə yadda qalıb. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə üç min patent mövcuddur. 

Tomas Edison orta məktəbdə cəmi üç ay oxuyub. İlk üç aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəllimi Toması “kütbeyin” adlandırıb və bundan sonra o, evdə anasından təhsil almalı olub. Edison yazırdı: “Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım”.

Ailənin yeddi uşağından ən balacası olan Tomas 10 yaşı olarkən ilk laboratoriyasını qurub. 16 yaşında ilk teleqraf cihazını icad edib. Bu cihazın hazırlanma hüququnu 40 min dollara sataraq, 1874-cü ildə özünə xüsusi laboratoriya açıb. 

Edison daim oxuyar, elm və texnikanın bütün nailiyyətlərindən və tələblərindən xəbərdar olardı. O, 1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent alıb.

1877-ci ildə Edison səsləri plastinkaya yazan fonoqrafı və sonra yazılmış səsləri yenidən canlandıran cihazı ixtira edir. Bu ixtirasına görə onu “Menlo-parklı sehrbaz” adlandırırlar. Edisonun bu ixtirası indiki səs texnikasının əcdadı olub.

1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika üçün yararlı edir, lampaya sokol, patron əlavə edib, müasir səviyyədəki şəklə salır. O, öz dövrünün ən güclü generatorlarının layihəsini yaradır.

Edison 1882-ci ildə dünyada birinci olaraq istilik elektrik stansiyasını qurur və ictimaiyyətin istifadəsinə verir.

O, Bille telefonunu təkmilləşdirir, səsin telefonda təmiz, aydın və uca olmasına nail olur. Dünyada birinci elektrik dəmir yolunu o, çəkib, qələvili akkumulyatoru ixtira edib, dəmir filizin maqnitlə seperasiyası üsulunu verib.

Elektrik enerjisinin hər evdə sərf olunmasını miqdarca hesablamaq üçün Edison dünyada ilk sayğac qurub. O, əriyən qoruyucu ixtira edib, radio lampaları yaratmağın əsası olan termoelektron hadisəsini “Edison effekti” 1883-cü ildə kəşf edib, kino sahəsində bir çox mühüm ixtiraların müəllifidir. 

Edison həyatı boyu öz laboratoriyasında minlərlə təcrübələr aparıb və ixtiralarını praktikaya, məişətə çıxarmaq üçün iri zavodlar yaradıb. İxtiraçı-kapitalist olan Edisonun əməyi bütün bəşəriyyətə xidmət edib. Onun kimya, mədən işləri, hərbi texnika sahəsində də mühüm kəşfləri vardır.

85 yaşında axır saatlarında o, öz həyat yoldaşına demişdi: “Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox, yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…”

Məşhur amerikalı ixtiraçı Nikola Tesla onun haqqında deyirdi: “Əgər Edison ot tayasında iynə itirsəydi, mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı”.

 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR