Slimfit
  1. ƏDƏBİYYAT

Kumeyt bin Zeyd

Kumeyt bin Zeyd
Sakura

Kumeyt bin Zeyd - Ərəb şairi

Bəni Əsəd qəbiləsindəndir. 679-cu ildə Kufədə dünyaya göz açmış və bu şəhərdə qəbiləsi arasında böyümüşdür. Kumeyt təhsilinə Quranı əzbərləməklə başlamış və eyni zamanda Hədis elmini də öyrənmişdir. O, ərəb dili, şeir, əyyamu-l-arab və xüsusilə nəsəb sahələrində alim idi. O, həmçinin öz nənələrindən Cahiliyyə dövrü haqqında ətraflı məlumat almışdır və bununla bağlı bir çətinliyi olanda onlardan öyrəndiyi söylənilir. Həmçinin sistemli bir təhsil alan Kumeyt Kufə məscidində dərs də demişdir.

Onun məşhur şair Fərəzdəqlə uşaq yaşlarında görüşdüyü haqda rəvayətlər vardır. Əgər Fərəzdəqin qohumu olması ilə bağlı olan rəvayət doğrudursa onda onların tez-tez görüşdüyünü söyləmək olar. Əməvi dövrünün başlıca elm mərkəzlərindən biri olan Kufə məscidində müəllimlik etmiş olan Kumeyt, dövrünün tanınmış şəxsiyyətləri ilə əlaqəsi olmuşdur. Bu şəxsiyyətlərdən Həmmad ər-Raviyə, Tırımmah bin Hakim, Fərəzdəq, Hakim bin Əyyaşı misal göstərmək olar.

Kumeytin məşhur şair Fərəzdəqlə görüşdüyünü əvvəl qeyd etmişdik. Mənbələrin verdiyi məlumata görə onlar daha sonralar da görüşmüşlər. Deyilənə görə, Kumeyt II Haşimiyyəni yazdıqdan sonra Fərəzdəqin yanına getmiş və ona şeirini oxumuşdur. Fərəzdəq onun bu şeirini çox bəyənmiş və yaymasını məsləhət bilmişdir.

Kumeytin ədəbi və siyasi həyatında Hakim bin Əyyaş ilə mübarizəsinin xüsusi bir yeri vardır. Çünki onun şairlər arasında ən ciddi müxalifi Hakim bin Əyyaş idi. Həmçinin Kumeytin ən əhəmiyyətli şeirlərindən biri olan "əl-Muzəhhəbə" qəsidəsini yazmasının səbəblərindən biri bu şairin Mudar və Bəni Haşim qəbilələrini həcv etməsidir. Kumeyt 312 beytdən ibarət olan bu qəsidəni Yəmən qəbilələrini həcv etmək məqsədilə yazmışdır.

Haşimiyyatında Bəni Haşim qəbiləsini mədh edən və hüquqlarını müdafiə edən Kumeytin bu ailənin başçıları ilə görüşdüyü söylənilir. Belə ki , onun hələ gənc yaşlarında Əli bin Hüseynlə görüşməsi və ona I Haşimiyyəni oxuması göstərilir. Əli bin Hüseyn ona bunun müqabilində pul təklif etmiş lakin o bunu qəbul etməmiş əvəzində əyninidəki paltarı verərəsə bərəkət üçün geyinmək istədiyini bildirmişdir. Daha sonra Cəfər əs-Sadiqlə görüşdüyü və ona IV Haşimiyyəni oxuması haqda Kumeyt şeirlərinin ravisi olan Məhəmməd bin Səhl məlumat verir. Şair bu uzun qəsidəsində Bəni Uməyyəyə qarşı üsyan edir və onların etdiyi qəddarlıqları göstərir və daha sonra Hüseynin şəhadətindən və Bəni Haşimin fəzilətlərini təsvir edir. Allaha onun üçün dua edən Cəfər əs-Sadiq ona min dinar və paltarını versə də Kumeyt pulu qəbul etməyərək mən sizi dünya mənfəəti üçün sevmədim, dünya malını istəsəydim, ona sahib olanlara gedərdim deyərək yalnız paltarı qəbul etmişdir.

Kumeytin Bəni Haşim lehinə və Bəni Uməyyə əleyhinə təbliğat aparmasından Əməvi ailəsinin və İraq valilərinin narahat olması təbii idi. Çünki Hüseynin şəhid edilməsindən sonra susqunluq dövrü yaşayan Haşimi üsyanlarının yenidən canlanması qorxusu onları narahat edirdi. Üstəlik şairin Yəmən qəbilələrini həcv etməsi , İraq valisi Xalid əl-Qasrinin Kumeytə olan kinini artırmışdı. Nəticədə vali iqtidar əleyhinə apardığı təbliğat səbəbi ilə Kumeytdən xəlifə Hişama şikayət etdi. Hişam isə onun edam edilməsini əmr etdi. Lakin Kumeyt həbsdən qaçaraq Şama gedərək Xəlifəyə özünü bağışlatdıra bildi. Mənbələrdə bu hadisə ilə bağlı çoxlu sayda müxtəlif rəvayətlər vardır. Onların əsas məğzi Xalid əl-Qəsrinin bir cariyəyə haşimiyyatı əzbərlətməsi və Kumeyt haqda məlumatları bir məktuba yazaraq Xəlifə Hişama göndərməsi, şeiri dinləyən xəlifənin Kumeytin ölüm əmrini verməsi, lakin Kumeytin xanımının köməyi ilə həbsdən qaçması və Şama gedərək xəlifə Hişamı mədh etməsi və onun ölən oğlu Müaviyəyə mərsiyə oxumasından sonra xəlifə tərəfindən bağışlanmasından ibarətdir. Kumeytin Bəni Uməyyəni mədh etməsi məsələsi bir sıra mübahisələrə səbəb olsa da, qeyd etmək lazımdır ki, bu mədh etmə ilə Haşimilərin mədhi arasında fərq vardır. Belə ki, Kumeyt Haşimiləri sevdiyinə görə mədh edirdisə, Əməviləri üzləşdiyi ölüm təhlükəsindən xilas olamaq üçün mədh etmişdi. Və Haşimilər də bunu bildiklərindən onun bu davranışını sədaqətsizlik kimi qiymətləndirməmişlər. Bu şiələr arasında geniş tətbiq olunan "taqiyyə" üsulu idi.

Kumeyt Xalid əl-Qəsrinin yerinə 738-ci ildə İraq valisi təyin olunan Yusif bin Ömərin dövründə öldürülmüşdür. Şair 740-cı ildə Zeyd bin Əlini öldürdüyünə görə Yusif bin Öməri şiddətli bir şəkildə həcv etmişdi. Lakin bir müddət sonra Yusif bin Ömər Xalid əl-Qəsrini öldürdüyünə görə Kumeyt onun hüzuruna getmiş və onu mədh edir və keçmiş valini pisləyir. Bu zaman Yusifin yanında olan Yəmənli və Xalid tərəfdarı əsgərlər onu qılınclayaraq öldürürlər.

Bildyimiz kimi Kumeyt bin Zeydin ən böyük və dəyərli əsəri "Haşimiyyat"dır. Belə ki Haşimiyyat, birincisi 103, ikincisi 140, üçüncüsü 133 və dördüncüsü 111 beytdən ibarət olan dörd uzun qəsidə ; biri 33, digəri 20 beytdən ibarət olan iki qısa qəsidə ; yeddi beytlik iki qısa parça və iki misralıq üç qitədən ibarətdir. Haşimiyyatın mövzusu Bəni Haşimin xilafətdəki haqqını, şairə görə, bu haqqı onların əlindən almış olan Bəni Uməyyəyə qarşı müdafiə etməkdir. Bunu üç qismə ayırmaq olar:

1.Bəni Haşimi mədh etməsi və fəzilətlərini sadalaması,

2.Bəni Uməyyəni pisləməsi,

3.Bəni Haşim ilə Bəni Uməyyənin müqayisəsi.

Onu da qeyd etmək lazımdır ki, Kumeyt mədh yazmaq üçün Bəni haşimi tərifləməmiş və həmçinin həcv yazmaq üçün Bəni Uməyyəni pisləməmişdir. Onun əsl məqsədi Bəni Uməyyənin xilafətə layiq olmadığını, haqsız olaraq bu mənsəbi işğal etdiyini isbat etmək və onların yerinə Haşimilərdən birinin iqtidara gəlməli olduğunu müdafiə etməkdir.

Haşimiyyatın nə qədər vaxt ərzində yazılmasını tam dəqiq müəyyən etmək mümkün deyildir. Lakin onun gənclik illərindən ömrünün sonlarındək uzun bir zaman ərzində yazıldığını söyləmək olar. Görkəmli ədəbiyyat tədqiqatçısı Şövqi Dayf Haşimiyyatın əksər hissəsini Xalid əl-Qəsrinin İraq valisi olduğu illərdə (724-739) yazıldığını qeyd edir.

Kumeyt şeirə daha öncə heç bir şairin istifadə etmədiyi yeni bir tərz gətirmişdir. O, duyğuları ilə birlikdə bir fikir söyləyir və dəlil gətirir. Bəni Haşimi dəlillərlə dəstəklədiyi kimi, Bəni Uməyyəyə də dəlillərlə hücum edir. Kumeytin şeir yazma üslubu şeirlərini mədh, həcv və fəxriyyəyə ayıran şairlərin üslubundan fərqlidir. O, mədh və həcvlə yanaşı bir fikri mübarizə aparır. Bu səbəbdən dövrünün nadir şəxsiyyətlərindəndir. Bu xüsusiyyətinə görə bəzi ərəb ədəbiyyatı müəllifləri onu xətib kimi qəbul edirlər. Məsələn, Cahiz Kumeyti şair və xətib olaraq dəyərləndirir.

Kumeytin mübarizəsi Cərir və Fərəzdəqdə olduğu kimi şairlər arasında çəkişmə formasına düşməmişdir. Çünki bir şair ortaya çıxaraq sonuna qədər onunla mübarizə apara bilməmişdir. Daha əvvəl qeyd etdiyimiz Əməvi tərəfdarı Hakim bin Əyyaş onunla mübahisə etmək istəmiş, ancaq Kumeyt bu şairi susdurmuşdur. Son olaraq qeyd edək ki, Kumeyt şeiri ilə, elmi ilə, siyasi fəaliyyətləri ilə və şeirində işlətdiyi mövzuları ilə İslam tarixində görkəmli bir şəxsiyyətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR