Krılovun qəhrəmanları: Bu nə "səmimiyyət"?
Siyasətçilərin seçdiyi taktiki gedişlər və ümumi siyasi kurs - strategiya elektoratın mobilizə edilməsi baxımından son dərəcə mühümdür. Taktiki gedişlərdə müəyyən yanlışlıqlar ola bilər, lakin strategiya qüsursuz olmalıdır. Bəzən isə istər taktiki gedişlərdə, istərsə də strategiya seçimində yanlışlıqlara yol verilir. Lakin bəzən də siyasətçilər, ümumiyyətlə, nə taktika barədə düşünür, nə strategiya, onların fəaliyyətinin ən düzgün qiymətləndirilməsini bir sözlə ifadə etmək mümkündür - imitasiya.
1993-cü ildən bu günə kimi müxalifət ən müxtəlif birliklər və seçki blokları formalaşdırıb və son nəticədə protest elektoratını mobilizə edə bilməyib. Yaradılan əksər birliklər sanki görüntü yaratmağa xidmət edib.
Hər dəfə, xüsusən də siyasi münasibətlər gərginləşəndə iqtidar opponentləri bir masa ətrafında toplaşıb və sərt bəyanatla çıxış edib. Siyasətdə yeni addımlarını atan gənclər üçün belə toplantılar eyforiyaya səbəb ola bilir. Lakin həyatının son 30 ilini bu siyasi proseslərin içində keçirənlər gözəl anlayırlar ki, bu, növbəti bir “fotoqraflara poz vermək” görüşüdür və tezliklə dəyirmi masada əyləşib, bir-birlərinə gülümsəyən bu insanlar “sevgi ritorika”sını nifrətə çevirəcəklər və bütün bu qarşılıqlı ittihamlar narazı elektoratı daha da parçalayacaq, son nəticədə müxalifətçi düşüncə sahibləri ən yaxşı halda siyasi prosesləri boykot edəcəklər.
Belə bir növbətçi toplantılardan biri də ötən gün Müsavat Partiyasının qərargahında baş tutdu. Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan tədbirdə sabiq səhiyyə naziri Əli İnsanov, Müsavatın faktiki lideri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və politoloq Hikmət Hacızadə iştirak edib.
Adıçəkilən şəxslərin önəmli hissəsi bu 30 ildə dəfələrlə eyni masa arxasında əyləşib. Odur ki, jurnalistlərin əsas diqqəti ilk dəfə müxalifətçi qismində (!) tədbirə qatılan sabiq səhiyyə naziri Əli İnsanova dikilmişdi. Söhbət heç də İnsanovun müxalifətə transferindən və yaxud onun vaxtilə indi eyni masada əyləşib, üzlərinə dostcasına gülümsədiyi şəxsləri təhqir etməsindən, onlara "faşist", "qaniçən" deməsindən də getmir. Azərbaycan cəmiyyəti “Vasyukini dünyanın şahmat mərkəzinə çevirəcəyini” vəd edən Ostap Benderlərə o qədər də önəm vermir. Söhbət bir sabiq nazirin yeni siyasi düşərgədə özünü nə qədər komfortda hiss edəcəyindən də getmir. Söhbət ölkədə tənqidi fikri boğmağa səsləyən və bəzən buna nail olan, müxalifətçiləri edam etməyə çağıran, iqtidar-müxalifət münasibətlərini düşmənçilik həddinə çatdıran, əlində müəyyən maliyyə mənbəyi olan, demokratiya anlayışına nifrət edən bir şəxsin vaxtilə əzdiyi, siyasi baxımdan məhv edib, sıradan çıxardığı bir şəxslərlə əməkdaşlığa hazır olduğunu bəyan etməsidir.
Özləri də bilir ki, belə birlik uzun ömürlü ola bilməz. Amma problem heç bunda da deyil. Problem müxalifətin eyni şüar və çağırışlardan əl çəkə bilməməsindədir. 30 il ərzində eyni şüarı eşitmək bezdiricidir. Toplantıların yaratdığı eyforik mühitdə yenidən SİDSUH (90-cı illərin jurnalistləri az qala hər kəsin təmsil olunduğu bu qurumu yaxşı xatırlayır) formalaşdırmağı təklif etmək (Pənah Hüseyn buna bənzər təklif səsləndirdi) artıq ideyaların tükəndiyinin xəbərçisi deyilmi? Son 30 ildə müxalifət keyfiyyət dəyişikliyinə nail ola bilməyib. Yenə də toplantıda birlikdən həvəslə danışan siyasətçilər bir-birinə kinayəli atmacalar atmaqda davam etdilər, “Biz sosial şəbəkələrdə bir-birimizə qarşı mübarizə aparmamalıyıq” deyən İsa Qəmbərin yalnız özünə məxsus kinayəli baxışla 30 ildir ki, “təki İsa Qəmbər mənim liderliyimi qəbul etsin” arzusu ilə yaşayan Əli Kərimlini süzməsi yeni birlik formasının perspektivini indidən sual altına alır.
Əli İnsanov isə güvəndiyi yerlibazlıq və regionçuluq "ideologiyası", “cibindəki dolları" ilə indi özünü “Azərbaycanın Con Lokku” hesab edən Hikmət Hacızadə ilə bir masada əyləşməli və liberalizmin dəyərləri barədə mühazirəyə qulaq asmaqda heç həvəsli görünmürdü. Hər zaman aşağıladığı, hakimiyyətdə təmsil olunduğu vaxt repressiya, müxalifətlə ən sərt davranış tərəfdarı olduğu, indi bir masada əyləşdiyi adamlara ən müxtəlif ayamalar qoşan 73 yaşlı "yeni müxalifətçi" üçün bu çıxışlar həm vaxt itkisi, həm də mənasız idi.
Köhnəlmiş ideyalarla bir-birinə nifrət edən insanları eyni masada əyləşdirməkdən ən uğurla çıxan Arif Hacılı oldu. Partiyadakı rəqiblərini bu addımı ilə müvəqqəti də olsa susmağa vadar edən, 19 oktyabrdan sonra Əli Kərimlinin qazandığını əlindən almağa çalışan Hacılı özü də gözəl anlayır ki, bir neçə tədbirdən sonra artıq belə toplantıları keçirmək mümkün olmayacaq. Kərimli Milli Şuraya - özünü komfortda hesab etdiyi yurda qayıdacaq, İnsanov “liberalizm dərsləri”ndən bezəcək və qapını çırparaq gedəcək, Pənah Hüseyn bu dəfə də “aranı qatacaq”, Mehman Əliyev toplantıya qatılmayacaq və hər şey unudulacaq.
Bütün bunlardan çıxan nəticə ondan ibarətdir ki, müxalifət artıq qocalıb. Məsələ ondadır ki, mövcud müxalifət liderlərinin böyük əksəriyyəti 80-ci illərin xalq hərəkatının önündə gedənlərdir. O illərdə bir çağırışla meydanlara yüz minləri toplaya bilirdilər. Hərəkatın o zamankı, radikal müxalifətin indiki liderləri elə o dövrdə anlamalı idilər ki, həmişə belə olmayacaq. İnsanların mübarizliyinin, dözümünün və inamının, həmçinin, boş vədələrlə yola verilən illərin limiti var. Dəstəkdən sui-istifadə etmək olmazdı. Özünə vurğunluq, yalnız öz məişətini və komfortunu düşünmək sonda bu dərəcədə anormal vəziyyətə səbəb oldu. Bu insanlar artıq tükəniblər. O qədər tükəniblər ki, məhz korrupsiya, rüşvət, qeyri-insani davranışı və regionçuluqla bağlı əməllərinə təmsil olunduğu iqtidarın belə dözmədiyi, yenilikdən, müasir dünyadan, müasir siyasətdən yalnız "Amerika sağ olsun" ifadəsi ilə manipulyasiya etmək qədər xəbərdar olan Əli İnsanovla "yeni gələcək" vəd edirlər.
Bu gün bir-birinə qənim kəsilən, düşmən olan müxalifət ayrı-ayrılıqda iqtidar olmağı ağlından belə keçirə bilmir. Müxalifət birlik nümayiş etdirib qalib gəlsə belə, səlahiyyətlər uğrunda hansı qanlı savaşın olacağını çoxları düşünür. Bütün bunların təsadüfi olduğuna inanmaq artıq mümkün deyil. Əslində, baş verənlər təkəbbür göstəricisi hesab edilə bilər. Elə bu səbəbdən də demokratik ölkələrdə eyni şəxsin on illər boyunca partiya sədri olması mümkün deyil. Demokratik düşüncə elə müxalifət partiyasından başlayır. Partiya sədri postunu ölümünə qədər idarə etmək arzusunda olanlar iqtidara gəldikdən sonra nələr edəcəklər? Düşünmək belə qorxuncdur...
Son 30 ilin məğlubiyyəti son dərəcə əsəbi mühit yaradıb. Baş verənlər olduqca acınacaqlıdır. Kənar baxışla baxdıqda bir tərəfdə bir-birinin qanına susayan müxalifətçilər, digər tərəfdə isə problemləri malalamağı bacaran rəqibləri dayanır. Bi məsələyə də diqqət yetirilməlidir ki, iqtidar köhnə məmurlardan yaxa qurtarır, dəyişikliklərə gedir, struktur islahatlarına başlayıb, müxalifət isə yenidən 90-cı illərə qayıdır, SİDSUH formalaşdırır, iqtidarın imtina etdiklərini başına toplayır.
Müxalifət yenilənmir və sanki inhisara götürülüb. Nəzərə almaq lazımdır ki, nə Şərqi Avropada, nə də postsovet məkanında 20-30 il ərzində müxalifətdə olan siyasi qüvvə qalıb. Nəsil dəyişikliyi baş verib və siyasi müstəvini tamamilə yeni simalar tutublar. Milli-azadlıq və demokratiya savaşının iştirakçısı olan siyasi qüvvələr artıq Şərqi Avropada və keçmiş SSRİ məkanında siyasətlə məşğul olmurlar. Onlar öz missiyalarını həyata keçirərək, yerlərini yeni müxalifətçilər nəslinə verərək, kənara çəkiliblər.
Ən diqqət çəkən amil isə odur ki, Qərb siyasi dairələrində Azərbaycan müxalifətinin müəyyən hissəsinin marginal, korrupsiyaya uğramış və sistemsiz olması barədə rəy formalaşıb. Çünki onlar müxalifətə demokratik cəmiyyət quruculuğu üçün ayrılmış dəstəyin səmərəsiz və təyinata uyğun olmayan istiqamətlərdə sərf olunduğunu öz təcrübəsindən bilirlər. 1993-cü ildən başlayaraq müxalifətə yaxın QHT-lərə ayrılan qrantlardan artıq əsər-əlamətin belə olmaması buna sübutdur. Bu pullar demokratiyanın inkişafına deyil, sədrlərin rifah halının yaxşılaşdırılmasına yönəlib. Qonşu Gürcüstanda müxalifət alınan qrantları demokratiyanı öyrənməyə sərf edəndə, Azərbaycanda pulların mənimsənilməsinin yolları aranırdı və tapılırdı.
Daha bir amil ondan ibarətdir ki, müxalifətin ölkənin inkişafı, gələcəyi üçün heç bir proqramı yoxdur. Heç kadrları da yoxdur. Normal debat qabiliyyəti, arqumenti, müasir təhsili olmayan, radikal dindar qruplarla fəal əməkdaşlıq edən, hər hansı konkret targetə yönəlmiş proqram hazırlamayan, 5-10 adamın müxalifətçilik uğrunda mübarizə apardığı topluluğa heç bir normal təsisat və cəmiyyətin dəstək verməyəcəyi aydındır.
Bir sözlə, mövcud müxalifət bütün mümkün variantları iflasa uğradıb. Kənar namizəd, ziyalı namizəd, vahid namizəd, daha böyük birlik - bunların heç biri gözlənilən effekti verməyib. Hər seçkidə "boykot, yoxsa iştirak” dilemması aktuallaşır. Halbuki nə iştirak, nə boykot uğura səbəb ola bilər. 20-30 ildir eyni simalar eyni yanlışları edir. Düzdür, bu dəfə dizayn bir qədər fərqlidir. Masada Azərbaycanın ən odioz fiqurlarından biri olan Əli İnsanov da əyləşib. Həmin simaya isə Azərbaycan cəmiyyətində münasibət demək olar ki, birmənalıdır. Onun siması görünəndə bircə ifadə yada düşür: "Konkret rədd ol!"
***
Demokratik dünya isə Azərbaycan Prezidentinin apardığı islahatları, son kadr dəyişiklərini dəstəkləyir. Beynəlxalq təsisatlar, diplomatlar bu dəyişikliklərə dəstək olaraq bəyanatlar səsləndirir, məqalələr yazırlar.
Cəmiyyət də Prezidentin apardığı dəyişiklikləri, problemləri məmurları qəbul edərkən açıq müzakirəyə çıxarmasını dəstəkləyir. Azərbaycan cəmiyyəti problemlərin həllini, cəmiyyət daxili münasibətlərin daha da yaxşılaşdırılmasını Prezidentdən gözləyir...
Mənbə: apa.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət