“Kredit tətili” gecikir: faiz və dəbbə pulu hesablanacaqmı – ekspertdən açıqlama
Dünyanın əksər ölkələrində banklar sadə insanların və biznesin koronavirusun iqtisadiyyata vurdu zərbədən təsirləndiyini nəzərə alaraq “kredit tətilləri” elan ediblər. Lakin ölkəmizdə bank sektorundan bu yöndə hər hansı addım atılmayıb. Halbuki kifayət qədər iş yeri bağlanmış vətəndaşlar, həmçinin gəlirlərindən məhrum olmuş iş adamları var. Hökumətdə bu istiqamətdə müzakirələrin getdiyi bilinsə də, gözləntilər o qədər də yüksək deyil. Belə olan halda, faizlərin və dəbbə pullarının hesablanması ilə problemli kreditlərin həcminin artması da gündəmə gələcək.
Mövzunu Musavat.com üçün şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, hökumətin bu situasiyada daha çevik qərarlara ehtiyacı var: “Mart ayının 19-da imzalanan sərəncamla həm maliyyə bazarlarında, bank sektorunda tədbirlər planının hazırlanması prosesi gedir, Mərkəzi Bankda işçi qrup yaradılıb. Hələlik bu işçi qrupu hazırladığı tədbirlər planını və bu çərçivədə qəbul ediləcək qərarları ictimailəşdirməyib. Güman edək ki, 2015-ci ildə olduğu kimi səhvlərə yol verilməyəcək, daha adekvat mövqe ortaya qoyulacaq. Müəyyən məsələlər artıq məlumdur, bu məsələlərdən biri də ondan ibarətdir ki, cari vəziyyətdə banklarla müştərilər arasında kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələləri Mərkləzi Bank daha çox özəl sektorun problemi olaraq görür. Bu səbəbdən Mərkəzi Bank səviyyəsində bu proseslərə müdaxilənin hüquqi əsası olmadığı qənaətindədir.
Ancaq bu mövqenin özündə yanlışlıq var, çünki faktiki olaraq Mərkəzi Bankın əlində müxtəlif alətlər var ki, onlardan istifadə etməklə bank sektorunda likvitliyi təmin edə bilər, onların öz kreditorları qarşısında öhdəliyini yerinə yetirməsi üçün daha əlverişli bir mühit formalaşdıra bilər. Bunun əvəzində banklarla əməkdaşlıq edərək, qarşılıqlı şəkildə razılaşaraq, onların öz müştərilərinə müvəqqəti faiz güzəşti etməsi, kredit tətili verməsi kimi məsələlərlə müdaxilə edə bilər. Dünya təcrübəsində də hətta ən liberal iqtisadi şəraitin olduğu ABŞ-da da FED bənzər alətlərdən istifadə edib, həm vətəndaşlara, həm də banklara müəyyən qədər likvitlik dəstəyi, maliyyə rahatlığı təmin etməyə çalışır”.
Ekspert təəssüflə onu da qeyd etdi ki, proses gecikir: “Bu prosesə görə 2 ay vaxt verilib, ancaq bu çoxdur. Cari situasiya daha çevik qərarlar tələb edir. Görünən də odur ki, bu işçi qrupu çox ciddi qərarlar qəbul etməyəcək. Nəticədə həm vətəndaş, həm də biznes öz öhdəliklərini yerinə yetirə bilmirlər. Artıq proses başlayıb və bundan sonrakı dövrdə daha da dərinləşəcək. Hətta pandemiyanın başa çatması belə problemi həll etməyəcək. Çünki 2020-ci il üçün Azərbaycan iqtisadiyyatında resessiya qaçılmazdır. İqtisadiyyat geriləyirsə, bütün fəaliyyət sahələrində domino effekti ilə təsirlər olacaq və gəlirlər azalacaq. Bunun nəticəsində vətəndaş və biznes öhdəliklərini yerinə yetirə bilmədiyi üçün banklar daha ciddi bir böhranla üzləşmiş olacaqlar”.
R.Həsənovun sözlərinə görə, Azərbaycanın bank sektoru pandemiyanın effektlərinə hazır deyil: “Artıq bu proses başlayıb, nə qədər qısamüddətli dövrdə mövqe ortaya qoyularsa, problemi o qədər çevik həll etmək olar. Bənzər yanaşma 2015-ci ildə ortaya qoyuldu, vəziyyət dərinləşdi. 2019-cu ildə problemin bir qisminin həlli ilə bağlı yanaşma ortaya qoyuldu, ancaq buna baxmayaraq , bank sektoru tam olaraq sağlamlaşdırıla bilmədi, problem tam olaraq həllini tapmadı. Azərbaycanın bank sektoru pandemiyanın effektlərinə hazır deyil. Bizdə problemli kreditlərin və toksik aktivlərin həcmi 10 faiz ətrafında dəyişirdisə, Avropa Birliyində müvafiq göstərici 3,2 faizdir. Ancaq onlar daha ciddi həyəcan siqnalı verməkdədirlər, nəinki biz. Halbulki bizim bank sektorumuz çox həssas və zəifdir, problemə hazır deyilş. Bu şəraitdə həm hökumətin, həm də Mərkəzi Bankın daha adekvat bir mövqe ortaya qoyması nəticəsində bankların və vətəndaşların dəstəklənməsinə hədəflənən mexanizmlər işlənib hazırlanmazsa, bu pandemiyadan ən ciddi , ən ağır zərərlə çıxan sektorlardan biri də bank sahəsi olacaq”.
İqtisadçı əlavə etdi ki, hazırki şəraitdə faizlər hesablanır, vətəndaşların borc yükü artır, hətta ödəyə bilmədikləri üçün əlavə dəbbələr hesablanır: “İndiki şəraitdə heç bir halda , hətta fərdi şəkildə də bankların çağırışları ilə rastlaşmadıq ki, müştərilərinə çağırış etsinlər, güzəştlər etsinlər. Azərbaycan bankları qlobal prosesdən geri qalır. Halbuki xarici ölkələrdə biz bank və assosiasiyaların birgə bəyənat və güzəştlərini müşahidə etmiş olduq. Azərbaycanda isə belə bir mövqe yoxdur, sadəcə texniki məsələlərdə güzəşt edirlər ki, bunun da borc yükü ilə ciddi bir əlaqəsi yoxdur. Ona görə də, vətəndaşın borc yükü artır. 2-3 ay müddətdə kredit ödənilmirsə, qarşı tərəfdən də öz probleminə adekvat mövqe görmürsə, həmin ödəyici intizamsız ödəyiciyə çevriləcək. Daha sonra bu bir trendə çevriləcək. Bəziləri imkansızlıqdan etsə də, imkanı olanlar da bu axına qoşula bilər. Həm hökumət, həm banklar, Həm Mərkəzi Bank və Banklar Assosiasiyası problemə daha ciddi yanaşmalıdırlar, qayğıkeş bir münasibət mexanizmi ilə əllərindəki müştəri kontingentini qoruyub saxlamağa çalışmalıdırlar. Çünki potensial müştərilərin əksəriyyəti 2015-ci ildə problemli müştəriyə çevrilib, bu prosesdə daha bir qism də problemli müştəriyə çevrilsə, bankların işləməsinə heç imkan qalmayacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət