Kosmosun dərinliklərindən gələn sirli radiosiqnallar aşkar edilib
Kanadadakı rəsədxanada quraşdırılmış teleskopla müşahidə aparan astronomlar uzaq qalaktikadan gələn sirli radiosiqnallar aşkar ediblər.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, fəzada radiasiya partlayışı nəticəsində görünən parlaq işığın mənşəyi elmə məlum deyil. FRB adlanan bu cür 13 partlayışın yaradığı radiosiqnalların 1,5 milyard işıq ili məsafəsindən gəldiyi ehtimal olunur.
Britiş Kolumbiya Universitetinin astrofiziki İnqrid Steyrs bildirib ki, bu şüaları planetin başqa nöqtələrindən də müşahidə etmək mümkün olub. Onun sözlərinə görə, alimlər bu nadir kosmos hadisəsinin səbəblərini və mənşəyini öyrənmək üçün müvafiq tədqiqatlar aparmalıdır.
Okanaqan vadisində yerləşən Britiş Kolumbiya Universitetinə məxsus CHIME rəsədxanasında10 metr uzunluğu olan yarımsilindrik antenalar kosmosdan gələn sirli radiosiqnalları qəbul edib. Teleskopun yaddaşına yazılmış parlaq qığılcımlar da astrofiziklərə təqdim edilib.
Kanadanın MakGill Universitetinin astrofiziki Şriharş Tendulkar qeyd edib ki, qeydə alınan hər iki partlayışdan sonra daxil olan siqnallar bir-birinin bənzəridir. Alim əlavə edib ki, radiosiqnalların oxşarlığı onların eyni mənbədən gəldiyini göstərir, bütün kainatdan keçən və çox qısa olan radiodalğalarının parlaqlığı da ani görünür.
İndiyədək alimlər kosmosda bu cür 60 partlayış və radiosiqnallar qeydə alıblar. Onlar istisna etmirlər ki, əngin fəzada hər gün Yerdəki teleskopların görə bilmədiyi bu cür radiosiqnallar yayılır. Onların mənşəyi ilə bağlı ehtimallar arasında neytronların yaratdığı çox güclü maqnit sahəsinin, habelə ulduzların bir-birini udmasının təsiri versiyaları da var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət