Kosmik otelin fotoşəkilləri yayılıb
Bir sutka ərzində 16 dəfə günəşin doğuşu və qürubunu izləmək, çəkisizlik şəraitində uçmaq və Yerin görünüşünü kosmosdan seyr etmək həvəskarları üçün nəzərdə tutulmuş “Avrora stansiyası” adlı kosmik otelin maraqlı fotoşəkilləri yayılıb.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, bu unikal oteldə səyahət etmək 9,5 milyon dollara başa gələcək. ABŞ-ın kosmos texnologiyası üzrə startapı “Orion Span” tərəfindən hazırlanmış tam modul kosmik stansiya altı nəfər üçün nəzərdə tutulub və iki ekipaj üzvü ilə birlikdə 12 gün davam edəcək. Kosmik otel ilk qonaqlarını 2021-ci ildə qəbul edəcək.
“Orion Span” şirkətinin icraçı direktoru Frenk Banqerin sözlərinə görə, onların əsas məqsədi kosmosu hamı üçün əlçatan etməkdir. Şirkət kosmos səyahətçilərinin 24 aylıq treninqini də həyata keçirəcək. Banqer əlavə edib ki, varlı səyahətçilər 12 gün müddətində Yerdən 200 mil hündürlükdə uçacaq və mavi planetin gözəl mənzərəsini seyr edə biləcəklər. Kosmik otel hər 90 dəqiqədə bir dəfə Yerin orbitindən çıxacaq ki, bu da səyahət edənlərə hər 24 saatdan bir günəşin doğuşunu və qürubunu 16 dəfə görməyə imkan verəcək. Otelin qonaqları çəkdikləri videomaterialı internet vasitəsilə Yerdəki yaxınlarına göndərmək, onlarla ünsiyyət qurmaq imkanına da malik olacaqlar. Kiçik özəl təyyarə modelinə bənzəyən “Avrora stansiyası”nın salonunun eni 3,7 metr, uzunluğu isə 12 metr olacaq. Kosmik otelin içərisində yataq dəsti, yüksək keyfiyyətli kosmos ərzağı və bar da quraşdırılıb. Üçaylıq treninqi bitirən səyahətçilərə “Orion Span” şirkətinin astronavt sertifikatı təqdim ediləcək.
CNN-in xəbərində bildirilir ki, “Orion Span” kosmik otel hazırlayan yeganə şirkət deyil. ABŞ-ın Texas ştatında yerləşən “Axiom Space” firması da 2024-cü ildə kosmosda otel quraşdırmağı, bu vaxtadək isə 2020-ci ildə ilk turistləri Beynəlxalq Kosmik Stansiyaya aparmağı planlaşdırır. Digər amerikan şirkəti – “Virgin Galactic” kosmos səyahətçilərinə 250 min dollarlıq macəra təklif edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət