Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir - Operativ qərargah
Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında operativ qərargahdan Trend-ə verilən məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə 29 fevral saat 16.00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.
İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.
Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epodemoloji vəziyyət ciddi nəzarət altında saxlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət