Koronavirusla bağlı Qərargah: 'Suallar operativ şəkildə cavablandırılır'
"Hazırda vətəndaşlar tərəfindən daxil olan zənglər aidiyyəti qurumlara yönləndirilir".
Bu barədə "Report"a koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargahdan bildirilib.
"Biz "qaynar xətt"ə daxil olan zənglər əsasında sualları aldıqdan sonra cavabları yönləndiririk. Bütün verilən suallar operativ şəkildə cavablandırılır", - qərargahdan bildirilib.
Qeyd edək ki, bu gün saat 10:00-dan Nazirlər Kabinetinin yanında koronavirusla bağlı aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahın "qaynar xətt"i fəaliyyətə başlayıb. Qərargah koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılıb. Hazırda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, +994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.
Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb.
Eyni zamanda Koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir.
Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox