Koronavirusa görə bu ölkənin paytaxtının köçürülməsi təxirə salındı
İndoneziya hökuməti paytaxt Cakartanı Kalimantan adasına köçürmək barədə layihənin icrasını müvəqqəti olaraq təxirə salıb. Bunun üçün büdcədən ayrılan vəsait qismən koronavirus pandemiyası ilə mübarizəyə yönləndirilib.
Bu barədə “Straits Times” qəzeti Maliyyə naziri Sri Muliani İndravatinin açıqlamasına istinadən məlumat yayıb.
Nazir bildirib ki, büdcənin bir hissəsi mövcud xəstəxanaların modernləşdirilməsinə və yeni xəstəxanaların tikilməsinə yönəldilib.
İndoneziya lideri keçən ilin avqust ayında yeni paytaxtın 2024-cü ilə qədər Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcəyini elan etmişdi. Bununla bağlı işlərin gələn il başlayacağı güman olunurdu. Layihə 33 milyard dollar (56,1 milyard AZN) həcmində qiymətləndirilir.
Qeyd edək ki, İndoneziyada 8 211 nəfər koronavirusa yoluxub. Onlardan 689 nəfəri ölüb, 1 002 nəfəri sağalıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət