Slimfit
  1. CƏMİYYƏT

Koronavirus kəskin azalacaq - Stənford Universitetinin professoru, Nobel mükafatçısından şad xəbər

Koronavirus kəskin azalacaq - Stənford Universitetinin professoru, Nobel mükafatçısından şad xəbər
Sakura

Koronavirus kəskin azalacaq - Stənford Universitetinin professoru, Nobel mükafatçısından şad xəbər

“Qorxu və qüssə insanı öz ağuşuna alarsa, xəstəliyə qalib gəlmək olmayacaq”

Hippokrat

Hollivudda çəkilən filmlərin ssenariləri müasir həyatımızda baş verən bir çox hadisələri illər öncə qabaqlayır. 230 minədək adamın həyatına son qoyan 2004-cü il sunamisindən çox-çox əvvəl süjetinin əsasını təbii fəlakətlər təşkil edən Hollivud filmləri nümayiş etdirilirdi.

2019-cu ilin sonundan dünyanı bürüyən koronavirus pandemiyasından da əvvəl müxtəlif infeksiyaların yayılması, bütöv icmaları, ölkələri əhatə etməsi, yaranmış şəraitdə insanlar arası münasibətlər haqqında müxtəlif Hollivud filmlərinə tamaşa etmişik. Bunlardan ən nümunəvisi və bəlkə də bu günümüzə bənzəri “Outbreak” (outbreak sözü epidemiyanın müəyyən məkanda  qısa zaman kəsiyində sürətlə yayılması anlamına gəlir) adlanan və 2005-ci il istehsalı olan filmdir.  Dastin Hoffman, Rene Russo və Morqan Frimanın yer aldığı filmdə epidemiya ocağı Afrikada yaranan xəstəliyin daha sonra Kaliforniyaya yayılması, həkimlərin peyvənd tapmaqda çətinlik çəkməsi, əhali ilə ordunun xəstəliyin yayılmasına qarşı birgə mübarizəsi təsvir olunur. Buna bənzər filmlərin hamısında insan iradəsi və yaşamaq istəyi epidemiyaya və ya təbii fəlakətə üstün gəlir.

Yaşadığımız dövr filmdə təsvir olunan hadisələrlə çox oxşardır. İnsanları düşündürən əsas mövzu COVİD-19 virusu haqqında verilən xəbərlərdir. Hadisələr isə elə sürətlə cərəyan edir ki, eşitdiyimiz hər hansı bir xəbər cəmi bir neçə saatdan sonra əhəmiyyətini itirə bilir. Cəmi bir neçə gün əvvəl epidemiyanın Çində tüğyan etmə sürəti bu ölkənin dərin və çıxılmaz bir uçuruma sürükləndiyini göstərirdi. Çində tətbiq olunan kəskin qərarları insan haqqlarının pozulması, qeyri-humanist və avtoritar hesab edənlərin sayı da az deyildi. Lakin hadisələr Çinin doğru yolda olduğunu göstərdi. İndi Çinin epidemiyaya qarşı tətbiq etdiyi qaydalar ictimai-siyasi quruluşundan, mədəni-əxlaqi dəyərlərindən, dini-mənəvi baxışından asılı olmayaraq digər ölkələr tərəfindən də əsas götürülür. Təcrübə göstərir ki, yeni nə isə icad etməyə ehtiyac yoxdur. Uğurla tətbiq olunmuş Çin təcrübəsinə əsaslanmaq kifayətdir.

Doğrudur, epidemiyanın Çinə yenidən qayıtmaq ehtimalının olub-olmaması hələ məlum deyil. Amma, müvafiq peyvəndin tapılmadığı bir şəraitdə Çin təcrübəsi sınanmış ən etibarlı təcrübədir. Qeyd etmək lazımdır ki, tətbiq olunan sərt qaydalar, kəskin qadağalar, mübaliğəsiz məhdudiyyətlər möhkəm iradə ortaya qoyulmasa əhəmiyyətsiz olar. Çində qadağaların tətbiq olunması ilə onlara əməl olunması arasında əsl vəhdət, istək və iradə hiss olunurdu.

Fevralın əvvəlində Çin mədəniyyətinin tətdiqatçısı Soşan Broş  çinli dostlarının xahişi ilə ərindən Çindəki vəziyyətlə bağlı fikir bildirməyi xahiş etdi. Xanım Broşun əri Stənford Universitetinin Tibb Fakültəsinin biofizika üzrə professoru və Nobel mükafatı laureatı Maykl Levitt Çində virusun yayılma sürətinin kəskin azalacağını bildirdi (https://www.theweek.in/news/world/2020/03/24/covid-19-pandemic-will-end-soon-says-nobel-laureate-who-predicted-chinas-trajectory.amp.html). Levitt infeksionist olmadığını, lakin hesablamalar və statistikadan kifayət qədər xəbərdar olduğunu dedi. Levittin fevralın 1-nə olan hesablamalarında göstərdi ki, Çinin Hubei vilayətində virus hər gün 30% artırsa bu cəmi 90 günə bütün dünyanın yoluxması deməkdir. İlkin mərhələdə hər infeksiya daşıyıcısı ortalama daha 2.2 adamı yoluxdururdu.  Artıq fevralın 7-də həm xəstələrin, həm yoluxanların həm də ölənlərin sayı əvvəlki kimi artmadı. Fevralın 11-də Levitt World Today proqramına intervyu verərək tezliklə epidemiyanın səngiyəcəyini dedi. Həm İsrail, həm Britaniya, həm də Amerika vətəndaşı olan Levitt tezliklə çinlilərin sevimlisinə çevrildi. Levitt Çində CNN-dən daha çox izlənir. 

Levittin hesablamalarına görə Hubey vilayətində insanların yalnız 3%-i yoluxmuşdur. Hətta “Diamond Princess” gəmisində belə sərnişinlərin hamısı və ya əksəriyyəti yox, ancaq 20%-i xəstəliyə yoluxdu, bu isə insanlarda bu virusa qarşı təbii immunitetin olduğunu göstərir.

Lakin Levitt hesablamalarından daha çox nikbinliyə və intizama istinad edir. O, əminliklə deyir ki, ruh düşkünlüyü və qaydalara əməl olunmaması xəstəliyin yayılma sürətinin qarşısını ala bilməz və ona görə də Çinin tətbiq etdiyi metodu əsas götürməyi tövsiyyə edir. Levittə görə İtaliyada yaşlı əhalinin Çinlə müqayisədə daha çox olması, habelə istiqanlı italyanların davranışında məsafənin gözlənilməməsi epidemiya ocağının kəskin artmasına gətirib çıxarmışdır.

Professor Levitt tezliklə koronavirusun bir pandemiya kimi Çində sıfıra bərabər olacağını deyir. Dünya üzrə proqnoz verməyə risk etməsə də Levitt ona əsaslanır ki, Çin təcrübəsi insanlarda bu virusa qalib gəlmək inamını artırmış və qaydalara əməl etməkdə daha intizamlı olmağı dünyaya öyrətmişdir, ona görə də virus gözləniləndən daha tez məğlub ediləcək. Artıq yalnız Çində deyil, digər ölkələrdə də Levittin irəlicədən görməsini həyəcanla izləyirlər. Və hamı inanmaq istəyir. Hətta Levittin fevral ayında Çindəki vəziyyət haqqında dediklərinə skeptik yanaşanlar belə.

Yazını Hippokratın sözləri ilə başladığım kimi onun sözləri ilə də bitirmək istərdim: “Xəstəni müalicə edən həkim, sağaldan isə təbiətdir.

Yəqin ki, dahi Hippokrat həm ana təbiəti, həm də insan təbiətini nəzərdə tuturdu.

Qalır yalnız nikbin olmaq və qaydalara əməl etmək.

 

Tahir Kərimov,

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR