Koronavirus dolları da çökdürməyə başladı - neft bahalaşmaqda davam edərsə...
Koronavirus pandemiyası, əvvəldən də proqnozlaşdırıldığı kimi, qlobal iqtisadiyyata mənfi rakursdan təsir göstərməyə davam edir. Proseslərin inkişaf axarı bu təhdidin dünya maliyyə bazarlarına da təsirinin böyük olacağını açıqlayır. Elə bu təsir fonunda dollarla bağlı vəziyyətin də əvvəlki dövrdən fərqli olması proqnozlaşdırılır. Söhbət dolların mümkün böyük çöküşündən gedir. ABŞ iqtisadiyyatında yaranan vəziyyət dolların dünya miqyasında, o cümlədən də Azərbaycanda kəskin ucuzlaşma ehtimalının yüksək olduğunu deməyə əsas verir.
Bütün bu qeyd edilənlərin kökündə duran başlıca səbəb dünya, o cümlədən ABŞ iqtisadiyyatının pandemiyadan sarsılmağa doğru getməsidir. Asiya İnkişaf Bankının hesablamalarına əsasən, koronavirus pandemiyasının qlobal zərəri virusun yayılma miqyasından asılı olaraq 4,1 trilyon dollar və ya qlobal ÜDM-in təxminən 5%-i qədər ola bilər. Pandemiyanın miqyası az olarsa, qlobal zərər 2 trilyon dollar və ya qlobal ÜDM-in 2,3%-i qədər ola bilər. Yaranmış durumda hökumətlər, mərkəzi banklar stimullaşdırma və pul siyasətini asanlaşdırmaq üçün 5 trilyon dollardan çox girov qoyaraq, zərəri azaltmaq üçün addım atır. Amma görünən budur ki, qeyd edilənlər hələ də yetərli deyil. Bu durumda ən böyük zərər görən tərəflərdən birinin də məhz ABŞ olması proqnozlaşdırılır. Elə bu da dolların taleyinə ciddi surətdə təsir edəcək. “Moody's” beynəlxalq reytinq agentliyi bildirir ki, yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində ABŞ ştatlarının və federal hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər Amerika iqtisadiyyatının azı 29%-ni iflic edib. Qeyd olunur ki, ABŞ-ın 50 ştatından 41-də səlahiyyətlilər sakinlərin hərəkətinə məhdudiyyətlər qoyub, ictimai iaşə obyektlərini, universitetləri, kinoteatrları, gözəllik salonlarını, parkları və qeyri-ərzaq mağazalarını bağlayıb. “Moody's”in qiymətləndirməsinə görə, bu tədbirlər bu ilin mart ayının ilk həftəsi ilə müqayisədə ABŞ ÜDM-nin gündə təxminən 29% azalmasına səbəb olub. Kaliforniya ştatında bu göstəricinin azalması artıq gündə 31,5%-ə (2,8 milyard ABŞ dolları), ABŞ ÜDM-nin təxminən 70%-nin payına düşdüyü digər 15 ştatda isə 40%-ə (12,5 milyard ABŞ dolları) çatır. “Moody's”in məlumatına görə, daha otuz ştatın və ölkə paytaxtının itkisi gündə 4,9 milyard dollara çatır.
Reytinq agentliyinin aparıcı analitiki Mark Zandi bu tempdə enişin bu ilin ikinci rübü boyu davam edəcəyinə inanmır:“Əks təqdirdə, ABŞ-ın illik ÜDM-i təxminən 75% azalacaq. Hesab edirəm ki, yaya qədər məhdudlaşdırıcı tədbirlər tədricən aradan qaldırılacaq və ikinci rübdə ÜDM-də nisbətən mülayim azalma olacaq”. Amma virus təhdidi artarsa, agentliyin ABŞ iqtisadiyyatı ilə bağlı proqnozları tamamilə real görünür. ABŞ iqtisadiyyatında belə geriləmə, öz növbəsində, dollara etimadı azaldır və onun ucuzlaşmasına əlavə təkan verir. Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyada birinci yerə çıxıb. Bu durumda iqtisadi zərərlərin artımı dollara da təsirsiz ştüşmür. Artıq dünyada bir çox mərkəzi banklar yenidən dollar ehtiyatını qızılla əvəzləməyə başlayıb. Belə vəziyyət dünya birjalarında dollar həcminin artımına və beləliklə də dəyər itirməsinə səbəb olur. Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FES) son addımı da dolların həcmini artırır. Belə ki, FES-in balans hesabı koronavirusun iqtisadi təsirlərini azaltmaq və maliyyə bazarlarında təkrar sabitlik yaratmaq üçün xəzinə istiqrazları və ipoteka ilə təmin edilmiş qiymətli kağızların alımları ilə 5,81 trilyon dollara yüksəlib. Bu durumda FES-in cəmi aktivləri təkcə ötən həftə 557 milyard dollar məbləğində artıb. Bundan başqa, FES-in bütün dünyada dollara olan tələbi ödəmək üçün xarici mərkəzi banklarla birlikdə qurduğu likvidlik svop əməliyyatları 142,5 milyard dollar artaraq 348,5 milyard dollara çatıb. Bütün bunlar qlobal bazarlarda dollar kütləsini sürətlə artırır. Təbii ki, bu da dolların məzənnəsinə təsirsiz ötüşmür.
Yaranmış durumda ölkəmizdə də dolların məzənnəsində dəyişikliklər proqnozlaşdırılır. Əvvəla, proses göstərir ki, əhalinin dollara tələbi azalıb. Bu durumda ilin sonuna kimi Dövlət Neft Fondu 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunması üçün təxminən 4 milyard dollar həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılmasına hazırlaşır. Bu isə dövriyyədə dolların xüsusi çıkisinin artması deməkdir. Nəzərə alaq ki, bunlar idxalın dı əhəmiyyətli dərəcədə azaldığı bir vaxta baş verir. Idxalın azalması da dollar tələbini xeyli aşağı salıb. Məhz bütün bunlar fonunda hökumətin müdaxiləsi olmasa, dolların əhəmiyyətli dərəcədə ucuzlaşması qaçılmaz sayılır. Amma dünya miqyasında dolların ucuzlaşması ABŞ iqtisadiyyatında baş verənlər səbəbindən dəyər itirməkdə davam etsə, Azərbaycanda da hökumətin prosesə müdaxiləsinə ehtiyac qalmayacaq. Digər tərəfdən, son günlərdə neft bazarında yenidən bahalaşma da vəziyyətə təsirsiz ştüşmür. Hesab edilir ki, bahalaşma davam edərsə, dolların Azərbaycanda da əhəmiyyətli dərəcədə dəyər itirməsi qaçılmaz olacaq.
Mənbə: baki-xeber.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət