Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus dərmanı yoxdursa onu necə müalicə edirlər?

Koronavirus dərmanı yoxdursa onu necə müalicə edirlər?
Sakura

Koronavirus dərmanı yoxdursa onu necə müalicə edirlər?

Bildiyimiz kimi koronavirusun spesifik müalicəsi yoxdur. Yəni bu virusa birbaşa təsir edən, onu öldürən dərman yoxdur və vaksin hələ hazırlanmayıb.

Son zamanlar remdesivir preparatı haqqında çox danışılır. Elmi araşdırmalar göstərib ki, bu dərmanın istifadəsi koronavirus xəstələrinin ölüm riskini 62% azaldır, sağalmanı xeyli tezləşdirir və s. Lakin... Bu hələ son nəticələr deyil, araşdırmalar davam edir. Epidemiyanın əvvəlində hidroksixloroxin də panaseya hesab olunurdu, sonra isə onun ziyanı aşkar olunub. Həm də remdesivir çox bahalıdır (1 ampulun qiyməti 390 dollar təşkil edir) və hazırda bütün dünyada defisitdir.

Beləliklə, deyə bilərik ki, koronavirusun spesifik müalicəsi hələ ki yoxdur. Məhz bu da insanların əksəriyyətində məntiqi suallar doğurur: Niyə koronavirusa qarşı dərman yoxdur? Dərman yoxdursa, onda xəstələri necə müalicə edirlər? Dərmanın olmaması həm də insanlarda narahatçılıq, ümidsizlik, təşviş yaradır.

Ens.az xəbər verir ki, Saglamolun.az saytı olaraq hamını narahat edən bu suallara ətraflı cavab verməyə çalışacağıq.

Əvvəla nəzərinizə çatdıraq ki, virus bakteriya deyil. Antibiotiklərin icadından sonra demək olar istənilən bakterial infeksiya asanlıqla müalicə olunur. Antibiotiklər bakteriyaları öldürür, amma viruslara təsir etmir, onları öldürmür. Virus əleyhinə preparatlar isə azdır və onlar antibiotiklərdən fərqli olaraq “nöqtəvi” təsir edir, yəni yalnız hər hansı bir virusu öldürür. Məsələn, asiklovir yalnız herpes virusunu öldürür, hepatit C, İİV (QİÇS yaradır) və bəzi digər viruslara qarşı da müəyyən virus əleyhinə preparatlar mövcuddur. Lakin ətrafımızda olan minlərlə viruslara və o cümlədən koronavirusa qarşı spesifik virus əleyhinə preparat yoxdur və belə preparatların hazırlaması da olduqca çətin məsələdir. Niyə? Bu virusların bəzi özəllikləri ilə əlaqəlidir. Bakteriya, belə demək olarsa “müstəqil ölkədir”, onun öz sərhədləri (qişaları) var. Əksər antibiotiklərin iş prinsipi də ondan ibarətdir ki, onlar bakteriyanın qişalarını dağıdır və nəticədə bakteriya məhv olur. Virusun qişaları yoxdur, o yalnız RNT və ya DNT-dən (bioloji kod) ibarətdir. Virus insan (və ya heyvan, bitki və s.) hüceyrəsinə daxil olur və orada yaşamağa və çoxalmağa başlayır, hüceyrəni bir növ “virus fabriki” kimi istifadə edir. Sonda bu hüceyrə məhv olur və ondan çıxmış “bala”-viruslar digər hüceyrələri zəbt edərək orada çoxalmağa başlayırlar. Məhz bu səbəbdən viruslarla mübarizə aparmaq olduqca çətindir. Axı onlar orqanizmin öz hüceyrələri içində yaşayır.

Lakin bu ümidsizliyə düşmək üçün səbəb də deyil. İnsan min illər ərzində yüzlərlə müxtəlif viruslar əhatəsində yaşayır və əgər viruslar onu indiyə kimi öldürməyibsə, deməli insan heç də zəif və müdafiəsiz deyil.

Elmi araşdırmalar göstərir ki, immun sistemi güclü olan insanların əksəriyətində koronavirus selikli qişalarda (burun və ağızda) məhv olur. (Selikli qişalarımız immun sisteminin tərkib hissəsidir.) Yəni immun sistemi virusu daxilə buraxmır, elə girişdəcə məhv edir. Təbii ki, belə insanlara heç bir müalicə tələb olunmur.

Digər böyük qrup insanda virus orqanizmə daxil olsa da immun sistemi onu tez bir zamanda zərərsizləşdirir. Belə insanlar infeksiyanın yüngül simptomlarını hiss edə bilir – yüksək olmayan qızdırma, öskürək, boğaz ağrısı. Simptomlar bir neçə gün ərzində yox olur. Bu xəstələrə də heç bir müalicə tələb olunmur – yalnız evin tez-tez havalandırılması və çoxlu maye.  

İmmun sistemi müxtəlif səbəblərə görə (stress, gərginlik, yanaşı xəstəliklər, yaş və s.) zəif olan insanlarda koronavirus ciddi xəstəlik yarada bilir. Xoşbəxtlikdən belə insanlar çox deyil. Bu halda simptomatik müalicə tətbiq olunur - simptomların yüngülləşdirilməsi və aradan qaldırılmasına yönəlmiş müalicə. Bu nə deməkdir? İnsanın qızdırması 38,5 C-dən yuxarı qalxırsa, ona qızdırmasalan preparat, xəstə öskürürsə bəlğəmgətirici preparat verilir və s.

Koronavirusun ağır gedişatı zamanı orqanizmdə tromblaşma prosesi baş verir ki, bu da insanın həlak olmasına səbəb ola bilər. Bunu nəzərə alaraq ağır xəstələrə antikoaqulyantlar (qanı duruldan preparatlar) təyin olunur. Koronavirusun ən ağır fəsadı olan sitokin qasırğasının qarşısının alınması üçün qlükokortikoidlər (hormonlar) istifadə olunur. Bundan əlavə xəstədə koronavirusun fonunda bakterial infeksiya da qoşulubsa, ona antibiotiklər təyin olunur və s.

Beləliklə, koronavirusa birbaşa təsir edən dərman olmasa da, həkimlər koronavirusu müalicə edə bilir və infeksiya araşdırıldıqca bunu daha yaxşı və effektli edirlər.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR